«Hakimiyyət bütün tənqidçilərini susdurmaq istəyir»

«Article 19»dan Avropa Yayım Birliyinə çağırış: «Azərbaycan hakimiyyətindən öhdəlikləri yerinə yetirməyi tələb edin!»

“Article 19″ beynəlxalq söz azadlığını müdafiə təşkilatının təmsilçisi Rebekka Vincent Avropa Yayım Birliyinin seminarında Azərbaycanda mətbuatun durumu haqda çıxış edib. ”Azadlıq” radiosunun məlumatına görə, Vincent bildirib ki, “Article 19″, eləcə də ”Azərbaycan üçün Beynəlxalq Əməkdaşlıq Qrupu”na daxil olan digər təşkilatlar Azərbaycanda ifadə azadlığının təşviş doğuran vəziyyətindən narahatdır.
“Müşahidə edirik ki, ”Eurovision” ərəfəsində vəziyyət pisləşməkdə davam edir. Görünür, hakimiyyət bütün tənqidçilərini – istər jurnalist, blogger, fəal olsun, istərsə də küçə etirazlarına çıxan adi vətəndaş – susdurmaq istəyir”, – deyə Rebekka Vincent bildirib.
Yeri gəlmişkən, bu barədə “Article 19″un ”Azərbaycanın boğulan səsləri” adlı sonuncu hesabatında da qeyd olunub.
2010-cu ildə mətbuatın müstəqilliyi və ifadə azadlığı barədə Bəyannamə qəbul olunduğu yada salan Rebekka Vincent bildirib ki, sənədin qəbulundan 2 il keçsə də, Azərbaycan hökuməti sadalananların heç birini həyata keçirməyib.
Xanım Vincent Azərbaycanda televiziya yayımının vəziyyətindən də danışıb: “Azərbaycan Milli Televiziya və Radio Şurası müstəqil fəaliyyət göstərmir. Onun bütün maliyyəsi dövlət büdcəsindəndir və üzvlərinin 9-nu da birbaşa prezident təyin edir. Teleradio Şurası yayım lisenziyalarının verilməsində dövlətin xeyrinə açıq-aşkar tərəfkeşlik nümayiş etdirir. Şura 2009-cu ildə xarici yayımçıların FM tezliyinin əlindən alınması haqda qərar verdi və bununla da Azərbaycanın yeganə müstəqil xəbər mənbələri – BBC, ”Azadlıq” radiosu və “Amerikanın Səsi” radiolarının yayımı dayandırıldı”.
“Article 19″ təmsilçisi Ictimai Televiziya ilə bağlı ayrıca çıxış edib. O bildirib ki, ITV Avropa Yayım Birliyinin aktiv üzvlük şərtlərinə cavab vermir: ”Bizim “Demokratiya üçün Oxu” kampaniyasını aparan həmkarlarımız ITV-də monitorinq keçiriblər. Onlar bildirir ki, Ictimai Televiziyada əhalinin bütün kəsimi üçün balanslı və hərtərəfli proqramlar verilmir. Halbuki, bu, Avropa Yayım Birliyinin tələbidir. ITV hakimiyyətə mənfi təsir göstərən hadisələri işıqlandırmaqdan çəkinir, efiri hakimiyyətin və Yeni Azərbaycan Partiyasının xeyrinə materiallarla doldurur”.
“Article 19″ sadalanan problemləri aradan qaldırmaq üçün Avropa Yayım Birliyini Azərbaycan hakimiyyətindən öhdəlikləri yerinə yetirməyi tələb etməyə çağırıb.