Cəmiyyət kimin ardınca gedəcək?

Qəzzafinin pulları Sarkozinin gözündən gəlməyə başlayıb. Indi Fransada bu haqda hamı danışır. Mənim heç o biri namizədə də simpatiyam yoxdur, zira o da Sarkozinin tayıdır. Məni sadəcə, proses maraqlandırır. Sarkozi Qəzzafi rejiminin çökməsində, bu diktatorun cəzalandırılmasında mühüm rol oynayıb və bunu hamı bilir. Amma cəmiyyət diktatorla yaxınlığı ona bağışlamır, onu çək-çevir edirlər. Məncə, bu, müsbət haldır.
Siyasətçiləri çox nadir hallarda əxlaq təcəssümü hesab etmək olar. Hətta bizdə, yəni, Bakıda belə bir deyim var ki, siyasət nəcib qızlar klubu deyil. Ondan qala ki, Fransa ola…
Mənə elə gəlir ki, belə yanaşma heç də təqdirəlayiq deyil. Getdikcə siyasi ideologiya və məfkurələr arasındakı fərqlər azalır, sağı soldan ayırmaq çətinləşir. Belə olan halda, seçim zamanı daha nəyə diqqət yetirmək olar? Təbii ki, siyasətçi cənabların əxlaqi və mənəvi keyfiyyətlərinə! Belə bir test indi tətbiq edilsə və siyasətçilər “detektor”dan keçməli olsalar, biz çox məyusedici mənzərə ilə qarşılaşarıq. Ona görə də cəmiyyət və fərdlər diqqətli olmalıdır. Siyasətin guya, öz qanunları var kimi fikirlərlə heç cür barışmaq olmaz. Siyasət heç də çətin islah olunan uşaqlar üçün müəssisə deyil. Əgər kimsə özünü siyasi və ictimai xadim kimi görmək istəyirsə, özünə və əməllərinə diqqətli olmalıdır ki, sonradan “şok açıqlamalarla” qarşılaşmasın.
Nə isə… “Siyasət və əxlaq” adlı mühazirə oxumaq fikrində deyiləm. Baxmayaraq ki, bu, heç də maraqsız mövzu deyil. Amma nə etmək olar? Dünyada maraqlı mövzular çoxdur, mən isə bir yazıda onların hamısını əhatə etmək iqtidarında deyiləm. Bir vaxt elə mən də siyasətin fəlsəfəsilə çox maraqlanırdım. Amma sonradan mənə belə gəldi ki, bəzi şeyləri qəlizləşdirmədən yaşamaq daha yaxşıdır. Məsələn, elə Sarkozini götürün. Kimdir o? Və yaxud da Vladimir Putin olsun! Onlar üçün xüsusi bir fəlsəfə fikirləşməyə dəyərmi? Düzdür, mən özüm də başa düşürəm ki, o dediyim predmeti – siyasətin fəlsəfəsini bir qədər primitivləşdirirəm. Amma bu yol bayaq dediyim kimi, yaşamağı və mühakimə yürütməyi asanlaşdırır.
Dəyərlər, institutlar, mikro və makro-davranış tərzləri… Bunların hamısını siyasətçilər öləndən sonra çək-çevir etmək daha yaxşı olardı. Nə qədər ki, onlar sağdır, bizim üçün bir dəyər var, o da FAKTDIR! Bəli, FAKT! Müstəntiq faktla işlədiyi kimi, jurnalist də bir meyar tanıyır – bu da faktdır. Qalan bütün şeylər salnaməçilərin, tarixçilərin işidir.
Mən bu mövzunun da uzanmasının o qədər də tərəfdarı deyiləm. Sadəcə, bir məsələ var ki, mən onu yazının lap əvvəlində qeyd etməliydim. O, müəyyən mənada bu mövzu ilə səsləşir. Indi elə insanlar var ki, özünün siyasi passivliyinə bəraət qazandırmaq üçün min cür bəhanə gətirir. Nə deyirlər? Deyirlər ki, müxalifət də kürsü davası aparır və ona görə də biz bu davaya qoşulmuruq! Yaxud da buyururlar ki, bunların tamahı təmin olunub və bunlar özləri üçün kifayət qədər sərvət toplayıblar, amma müxalifət yoxsuldur, onlar gəlsə indikilərdən daha çox toplamağa və öz sərvətlərini artırmağa çalışacaqlar!..
Təbii ki, bu fikirlərlə razılaşmaq, onu qəbul etmək qeyri-mümkündür. Ən azı, ona görə ki, bir illik hakimiyyətin təcrübəsi, həm də nümunəsi var. Amma bu fikirlərə etinasız da yanaşmaq olmaz. Ona görə də insanları inandırmaq lazımdır ki, yeni tip siyasətçilər gəlir, onlar üçün ilk yerdə mənəvi dəyərlər, əxlaq durur, onlar siyasətə varlanmaq peşəsi və qazanc yeri kimi baxmırlar!
80-ci illərin sonunda yeni siyasətçilər yox idi və yalnız dissidentlər vardı. Bu dissidentlər təmizlik nümunəsi idilər, ona görə də cəmiyyət onların ardınca getdi. Bəlkə də onların bəxti onda gətirmişdi ki, o vaxta qədər real siyasətdə olmamışdılar, siyasətin çirkabına bulaşmamış və təmiz qalmışdılar. Amma bu arqument də əsassızdır, çünki bu adamların istəyi olsaydı, əvvəlki rejimin də dövründə karyera qurardılar.
Kiçik sözardı
Qeyri-standart siyasətçidən söz düşəndə mən həmişə V.Haveli xatırlayıram və onu nümunə kimi göstərirəm. Kim idi o? Keçmiş dissident! Özünü siyasi çirkaba bulaşdırmayan və rejimin hiyləsinə uymayaraq təmiz qalan insan! O nümunəni tərkar etməyə gücünüz varmı? Varsa, siyasətə gəlin, yoxdursa, ən yaxşısı budur ki, özünüzü yormayasınız…