Müdafiə Komitəsi gənc fəalın təhlükəsizliyinə zəmanət istəyir
AXCP Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu Cabbar Savalanlının Hüquqlarını Müdafiə Komitəsi (MK) gənc fəalın əsgərliyə aparılması ilə bağlı mətbuat konfransı keçirib.
Komitə sədri Əbülfəz Qurbanlı bildirib ki, əfv fərmanı ilə azadlığa çıxdıqdan sonra Cabbar təhsil hüququnun bərpasına çalışıb. Lakin universitet rəhbərliyi şərt qoyub ki, bunun üçün məhkumluğu üzərindən götürülməlidir. Bu məsələ həllini tapandan sonra isə universitet rəhbərliyi müxtəlif bəhanələrlə C.Savalanlını dərsə buraxmayıb. Son olaraq C.Savalanlıdan hərbi xidmətdən möhləti olması haqda arayış gətirməsi tələb edilib. Bundan sonra C.Savalanlı Sumqayıt şəhər hərbi çağırış xidməti üzrə dövlət xidməti idarəsinə müraciət edib. Idarə tələbəyə bu sənədi verməyib. Aprelin 29-da hərbi çağırış üzrə idarəyə çağırılan Cabbarı anasına, yaxınlarına xəbər vermədən Bakıya gətiriblər, buradan da hərbi xidmətə göndəriblər: “Qeyri-rəsmi məlumatlara görə, hazırda hərbi xidməti Cəlilabadda keçir. Bu, vətəndaşı hərbi xidmətə aparmaq deyil, bu, siyasi fəallığa görə Cabbar Savlalanlıya təzyiqlərin davamıdır”.
Müsavatın Gənclər Komitəsinin sədr müavini Leyla Mustafayeva C.Savalanlının yaxınları ilə görüş imkanı verilmədən əsgərliyə aparılmasını qatı cinayətkarın xidmətə aparılması kimi dəyərləndirilib: “Komitə bu məsələni sonuna kimi diqqətdə saxlayacaq, bu işi Avropa Məhkəməsinə kimi qaldıracaq. Biz Cabbarın təhlükəsizliyinə zəmanət istəyirik. Onun başına bir iş gəlsə, məsuliyyəti müdafiə naziri və ölkə başçısı daşıyacaq”.
Vəkil Əsabəli Mustafayev C.Savalanlının səhhətində ciddi problemlər olduğu üçün əsgərliyə aparılmasını qanunsuz adlandırıb: “Cabbar Savalanlının sol qulağı tamamilə kardır, eşitmir. Bu isə hərbi xidmət keçilməsi haqda Nazirlər Kabinetinin qərarındakı sülh vaxtı hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı müddəasına uyğun gəlir”. Vəkil bununla bağlı hərbi xidmətə yararsız şəxsin hərbi xidmətə aparılması, vəzifəli şəxsin səlahiyyət həddini aşması iddiaları ilə məhkəmə davası açacağını nəzərə çatdırıb.
C.Savalanlının anası Təravət Savalanlı siyasi fəallığına görə oğlunun əsgərlik adı ilə ölümlə üzbəüz qaldığını vurğulayıb. Onun sözlərinə görə, hərbi xidmətə çağırış idarəsində C.Savalanlıya “bizlik deyil, sənin əsgərliyə getməyin yuxarıdan tapşırılıb” deyilib.Tədbirdə vətəndaş cəmiyyəti institutlarından bu məsələni diqqət mərkəzində saxlamaq xahiş edilib.


