Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi dəyişdi

Leyla Seyidbəyova bu vəzifədə azad edilərək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru təyin olunub

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, L. Seyidbəyova 65 yaşı tamam olduğuna görə, təqaüdə göndərilib. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva təyin edilib.

L. Seydbəyova isə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. A. Qədirli deyib ki, L. Seyidbəyova əməkdar həkimdir, onun təcrübəsinə böyük ehtiyac var.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev də 65 yaşı tamam olduğuna görə vəzifəsindən azad edilərək Respublika Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru təyin edilib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsinə isə 2 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin müavini Gülmirzə Poladov təyin olunub.