Azərbaycan-Almaniya qarşıdurması davam edir

Almaniya səfiri «Yeni Azərbaycan»ı təkzib etdi; Səyavuş Novruzovla Fuad Ələsgərov Berlini yenidən topa tutdu

Almaniyanın Bakıdakı səfirliyi hakim Yeni Azərbaycan Partiyasının orqanı “Yeni Azərbaycan” qəzetində aprelin 27-də dərc olunmuş yazını təkzib edib. Məqalədə qərb diplomatlarının Ictimai Palatanın liderləri ilə görüşündə Almaniya səfiri Gerbert Kvelleyə söyləmədiyi fikirlər aid edilib. Səfirliyin 2 may tarixli bəyanatında deyilir: “Yeni Azərbaycan” qəzeti 27.04.2012-ci ildə dərc edilmiş “Diplomatik sifariş: müxalifət, ”Eurovision”a hazır ol!” başlıqlı məqaləsində informasiya mənbəyi göstərmədən, Almaniya səfiri Gerbert Kvellenin Ictimai Palatanın “Açıq Cəmiyyət” partiyası ilə barışmasını təklif etdiyini və üç müxalifət lideri – Əli Kərimli, Isa Qəmbər və Rəsul Quliyevin birliyinin yaradılmasını “arzu etdiyini” iddia edib.
Almaniya səfirliyi Gerbert Kvelleyə istinad edilən sözləri təkzib edir. Səfir görüşdə ümumiyyətlə çıxış etməyib. Buna görə Vyana Konvensiyasının pozulması haqqında məqalədə söylənildiyi ehtimal edilən fikirlərə istinad edən ittihamlar əsassız və sübutsuzdur.
Səfirlik eyni zamanda məqalədə Azərbaycana qarşı Almaniya hökuməti tərəfindən idarə olunduğu iddia edilən kampaniyanın mövcud olmasını da inkar edir”.
Bu, Almaniya səfirliyinin son bir həftədə “Yeni Azərbaycan” qəzetinin böhtan xarakterli nəşrləri ilə bağlı ikinci etiraz bəyanatıdır.

***

Bu arada YAP-çı deputat Səyavuş Novruzov Almaniya səfirini növbəti dəfə ittiham edib. “Almaniyanın Azərbaycandakı səfirinə qarşı heç bir kampaniya yoxdur” deyə o, Modern.az saytına açıqlamasında Fransa səfiri Qabriel Kellerin dünənki  müsahibəsində alman həmkarına qarşı olan hucumlar barədə dediklərini şərh edərkən bildirib.
YAP icra katibinin müavini bildirib ki, Almaniyanın ölkəmizdəki səfirinin daxili işlərə qarışmaq ixtiyarı da yoxdur. “Sadəcə olaraq Almaniyanın səfiri Azərbaycanda özünü vaxtilə ölkəmizdə olan Norveç səfiri kimi aparır. Onun da taleyinin sonradan necə olduğu hamıya bəllidir”- deyə S.Novruzov vurğulayıb.
“Ölkədə hansı dövləti təmsil etməyindən asılı olmayaraq hər bir səfir hərəkətlərinə və davranışlarına nəzarət etməlidir” deyən Siyavuş Novruzov bu danışığın onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.
Fransa səfiri Keller ?Turan? IA-ya verdiyi müsahibədə Almaniya səfərinə qarşı KIV-də aparılan kampaniyanı tənqid edib. “Almaniyalı həmkarıma qarşı başlanmiş bu məkrli təbliğat məndə ikrah hissi doğurur” – deyə Fransa səfiri qeyd edib.

***

“Azərbaycan ölkə ətrafında gedən siyasi oyunlara baxmayaraq, ”Eurovision” müsabiqəsini qəbul etməyə hazırdır”. Bu isə Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov  Trend-ə eksklüziv müsahibəsində deyib.
Bu yaxınlarda AŞ PA-nın üzvü Kristof Ştrasser və AFR hökumətinin insan hüquqları və humanitar yardım üzrə komissarı Markus Löninq may ayının sonlarında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykot etməyə çağırıblar. Fuad Ələsgərov buna cavab olaraq bildirib: “Hesab edirəm ki, hansısa ölkədə vəziyyətə dair məruzə hazırlamaq fikrində olan, lakin bu ölkəyə səfər etməkdən imtina edən, Azərbaycandakı demokratik institutların inkişafı prosesinə açıq-aydın qərəzlə yanaşan siyasətçinin öncə öz vətənindəki işlərə nəzər salması faydalı olardı”, – Ələsgərov deyib.
Ələsgərov bildirib ki, Azərbaycan hakimiyyətini bəzi məsələlərlə bağlı ardıcıl olaraq tənqid edən Markus Löninqə gəldikdə, insan hüquqları üzrə komissarın (ombudsman) Almaniya Xarici Işlər Nazirliyinin tərkibinə daxil olması faktı çətin ki, onun mövqeyinin tamamilə müstəqil və qərəzsiz olduğunu sübut edə bilsin. Ələsgərovun fikrincə, Bundestaqın deputatı və Avropa Ittifaqının lideri roluna iddia edən Almaniya Federativ Respublikasının insan hüquqları üzrə komissarının ilk növbədə öz ölkəsində insan haqlarının müdafiəsi ilə məşğul olması yaxşı olardı. “Gördüyümüz kimi isə orada bu sahədə problem az deyil”, – o, əlavə edib.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdirinin sözlərinə görə, bu günədək Almaniya hökuməti Avropa Insan Hüquqları Məhkəməsinin Avropa Insan Hüquqları Konvensiyasının müddəalarının pozulması ilə bağlı 97 qərarını yerinə yetirməyib. “Onların sırasında, məsələn, 2003-cü ildən məhkəmədə işə həddindən çox baxılması ilə bağlı Avropa Insan Hüquqları Konvensiyasının 6 maddəsinin pozulması barədə qərar hələ də yerinə yetirilməyib. AFR hökuməti indiyədək bu qərarın icrasında ümumi xarakterli ölçülər götürməyib”, – Ələsgərov deyib.
Ələsgərov qeyd edib ki, bundan başqa, Avropa Məhkəməsinin son qərarlarından biri Şvabe və digərlərinin işi ilə bağlıdır. “Iddia qaldıranlar nəzərdə tutulan etiraz aksiyasından əvvəl maşınlarında siyasi məhbusların azad edilməsini tələb edən plakatlarla əlaqədar aydın olmayan şübhələr əsasında 5 sutka saxlanılıb. Bu işdə Məhkəmə iddia qaldıranların yığıncaq keçirmək azadlığının pozulmasını tanıyıb”, – o deyib.
Şöbə müdirinin sözlərinə görə, hazırda Almaniyada milliyətçilik və ksenofobiyanın artdığı müşahidə edilir, bununla yanaşı, hakimiyyətin torpaq və federal orqanları bu prosesə çox da mane olmurlar. O əlavə edib ki, bu gün avropalı xarici görünüşü olmayan əcnəbi vətəndaşın Berlin küçələrində gəzməsi təhlükəsiz deyil.