Zülmün zirvəsinə dırmaşmaq

Oxudum ki… “Heydər zirvəsi”nə pulsuz yürüş olacaq. Bunu onun doğum gününə hədiyyə olaraq xalqa əta edəcəklər. Heç bilməzdim ki, o zirvəyə ucalmaq pulla imiş.
Heydər Əliyev avtoritarizim simvoludur. Mən cibimdəki son qəpiklərimi də bu simvoldan uzaq qaçmaq üçün xərcləməyə hazırkən, adamlar varmış ona doğru yürümək üçün pul verirmiş. Nə qəribə dunyaymış…
Təəssüf ki, adını xatırlaya bilməyəcəm, təxminən 3 il əvvəl idi. “Heydər Əliyev” zirvəsinə rekord müddətdə dırmaşan bir çempionumuzu dama saldılar getdi.
Elə həmin il hər il Mingəçevirdən Heydər Əliyevin məzarını ziyarətə gələn bir nəfəri məhkəmə dəlduzluq və başqa cinayətlərdə günahlandıraraq 8 illik həbsə yolladı.
Bunları ona görə xatırlatdım ki, canınıza zülm verib dağa-daşa dırmananda gələcəyinizlə bağlı illüziyalara qapılmayasınız.
Heydər Əliyev və mistika
Başlıqla bağlı 3 faktı sadalayacam.
Bir: 1998-ci il, keçmiş baş nazirÿSurət Hüseynovunÿməhkəməsi. Surət and içərək dedi: “Bir gün Heydər Əliyevin otağına girdim, gördüm kefsizdi. Soruşdum, ağsaqqal, nə məsələdir. Dedi ki, mənim bir falçım var, qadındır, o deyib ki, sən mənim başımı əkəcəksən. Mən güldüm, dedim, belə şeyə inanmaq olar? O gündən başlayaraq Heydər Əliyev mənlə duruşdu”.
Iki:ÿ1999-cu il. Heydər Əliyev haqqında ilk dəfə onun xəstəxanaya düşməsi barədə xəbər yayıldı. Onun öldüyü belə söylənildi. O, geri döndü və mediaya dediyi ilk fikirlərdən biri bu oldu: “Kimin ölməsi haqda xəbər çıxır, onun ömrü uzanır”.
Üç: 2003-cü il, 21 aprel. Heydər Əliyev kursantlar qarşısında çıxış edərkən ürəyi tutur və onun ilk reaksiyası:ÿ”Mənə göz dəydi”.
Xarici qüvvələr barədə
Dünən paralamentdə Ziyafət Əsgərov müxalifətin xaricə işləməsi barədə əllərində fakt olduğunu dilə gətirib.
O, “bununla bağlı əlimizdə kifayət qədər fakt var, bunları vaxtı gələndə açıqlayacağıq” demiş.
Ziyafət Əsgərov hüquqçudur, onu, məsələn, rəhmətlik Xanış çobandan o fərqləndirə bilərdi ki, dediyi fikirlərin məsuliyyətini dərk etsin. Indilikdə dərk edilmiş kimi görsənmir. Neyçün?
Keçən il elə bu zamanlar idi. Işi hüquq olan baş prokuror Zakir Qaralov Əli Kərimli haqqında açıqlama verərək, onu xaricə işləməkdə ittiham etmişdi. O da eynən bu fəaliyyətlə bağlı əllərində ciddi faktlar olduğunu dilə gətirmişdi.
Belə anlaşılır ki, Əli Kərimli və başqa müxalif simalar azı bir ildən çoxdur xarici qüvvələrin maaş cədvəlinə imza atıb pul alırlar. O pulla da ölkəmizin parlaq imicinə kölgə salırlar.
Mən bir Azərbaycan vətəndaşı kimi narahat olmağa başlayıram. Dövlət rəsmiləri açıq və ağlabatan izah verməlidirlər:
O faktlar varsa, neyçun açıqlanmır?
Qarabağ döyüşlərinin başlaması üçün Lazımın gəlməyini qəbul etdik, daha bu xarici qüvvələr məsələsində də Lazımı atmayın da ortaya…
Dövlət rəsmiləri cavab verməlidirlər: Bu insanların xaricə belə rahatlıqla işləməsinə neyçün imkan və şərait yaradıblar?
Kəşfiyyat və əks-kəşfiyyat hara baxır?
Və sonda, xaricə insanların işləməsi çox pis şeydirsə, əziyyət çəkin ölkədə iş yeri açın. Kağız üzərində yox, real həyatda.
Sizə bir şey də deyim: öz ölkəsində, bu qədər polis və xüsusi xidmət orqanlarının əhatəsində vətəndaşını xaricə işləməkdən qoruya bilməyən hökumət görəsən, təkcə Rusiyaya işləməyə gedən 3 milyona yaxın insanını düşünürmü?
Ən sonda. Azərbaycanda dövlətin maraqlarını xaricə satmaq istəyən insanlar, əlbəttə, var. O insanların məsuliyyəti ağırdır. Ancaq bu ana vətəni vətəndaşların gözündə satmaq nədir, peşkəş etmək qədər ucuzlaşdıran insanların məsuliyyəti lap ağırdır. Ən pisi odur ki, belələri dövləti təmsil edənlərin sırasında daha çoxdur.