Zülfüqarlıların şəxsi əmlakı da zorla alınıb

Aslan İsmayılov: «Biz bununla bağlı iddia qaldırmışıq»

Hazırda Türkiyədə mühacir həyatı yaşayan Zülfüqarlı qardaşları əllərindən alınmış zavodlarının geri qaytarılması üçün mübarizəsini davam etdirir. Qeyd edək ki, Zülfüqarlı qardaşlarına məxsus “Bakı Elektroştamp”, “Bakı Poladtökmə” zavodlarının qanunsuz alınması ilə əlaqədar məhkəmə prosesləri davam etməkdədir.
Dünən Yasamal Rayon Məhkəməsində zavodlardan əlavə Loğman Zülfüqarlıya məxsus əmlakların qanunsuz alınması ilə bağlı məhkəmə prosesi keçirilib. Bu barədə qəzetimizə açıqlama verən vəkil Aslan Ismayılov bildirib ki, Loğman Zülfüqarlının 2 min 566 kvadrat metr ibarət olan əmlakı da alınıb: “Halbuki, əmlak Dövlət Reyestri Xidmətinin MA 0144990 saylı çıxarışı əsasında Loğman Zülfüqarlıya məxsusdur. ”Bakı Elektroştamp”, “Bakı Poladtökmə” zavodlarını və həmin 2 min 500 kvadrat metrdən ibarət ofisi ələ keçirmiş Rasim Məmmədov olub. Və biz bu əmlakın ələ keçirilməsi barədə iddia qaldırmışıq. Hazırda “Bakı Poladtökmə” zavodunun direktoru vəzifəsini Oqtay Rəfiyev icra edir. O, məhkəmədə hakimin sualları nəticəsində təsdiqlədi ki, 2 min 566 kvadrat metrlik ofis binası Loğman Zülfüqarlıya məxsus olub, ötən ilin fevralından isə onlar oturub. Oqtay Rəfiyevin dediyindən belə bəlli olur ki, guya, Loğman Zülfüqarlı bu əmlakı könüllü verib. Əgər könüllü veribsə, niyə 1 ildir məhkəmələrdə mübarizə aparırıq? Hazırda 10-ya yaxın məhkəmədə iddiamız var”.
A.Ismayılov deyib ki, onlar Loğman Zülfüqarlıya zor tətbiq etməklə əmlakının əlindən alınmasını iddialarında göstəriblər: “Zor tətbiq edən şəxs isə Rasim Məmmədovdur. Amma bir məqamı unutmayın ki, bu əmlakın zavoda heç bir aidiyyatı yoxdur”.