Şuşanı vermişdimsə, Əliyev niyə mənə vəzifə verirdi?

r qaziyev-exclusiveRəhim Qazıyev “Azadlıq”da “bomba partlatdı” (VİDEO)

«Xanlar Hacıyev Nəriman İmranovun yanına gəlib ki, mən bu işi neyləyim? O da güllələnmə işarəsini göstərib»

«Əl boyda bir kağızı oradan zülmlə çıxarıb anama çatdırdım ki, sənə qurban olum, Heydər Əliyevin qəbuluna getmə»

Keçmiş müdafiə naziri Rəhim Qazıyev bugünlərdə videomüraciət yayaraq, Şuşanın işğalı ilə bağlı onun haqqında söylənilən ittihamların əsassız olduğunu bəyan etmiş, bu istiqamətdə istənilən acı suala cavab verəcəyini bildirmişdi. Rəhim Qazıyev deyirdi ki, illərdir onun açıqlamaq istədiyi mühüm faktları heç kim eşitmək istəmir. “Azadlıq” qəzeti keçmiş nazirə belə bir imkan yaradaraq, yaxın tariximizlə bağlı ondan iri həcmli müsahibə alıb:

– Belə bir müraciətə nədən ehtiyac hiss elədiniz?
– Əvvəla, Şuşa Azərbaycanın daim qanayan yarasıdır. Ikincisi də Şuşanın işğalıyla bağlı ittihamlar mənə yönəlib. Həbsdən çıxandan sonra hər yerə müraciət elədim ki, məni dəvət edin, məndən ifadə alın, soruşun. Axı məni ittiham eləmisiniz…
Heydər Əliyev başda olmaqla, illərlə mənə “Şuşanı satan xain” deyiblər. Cinayət işində mənə verilən ittihamlar arasında “Vətənə xəyanət” maddəsi yoxdur.

Mirşahinə 3 dəfə zəng elədim, cavab vermədi

– Amma konkret “vətənə xəyanət” maddəsi olmasa da, cinayət işindəki epizodlarda Şuşa və Laçının işğalı da var…
– Mənə bununla əlaqədar vəzifə səhlənkarlığı ittihamı verilmişdi. Ittihamlardan biri də külli miqdarda dövlət əmlakını talama idi. Amma bu günə qədər mənə aydın deyil ki, mənə kim nə vermişdi, mən nəyi talamışdım. Bu mənim evim… Bu evdə axtarış aparılan zaman heç boş giliz də çıxmayıb, amma mənə qanunsuz silah saxlama maddəsilə ittiham vermişdilər. Şuşa və Laçının işğalına gəlincə, bu, mənim ünvanıma çox ağır bir ittiham olduğundan qeyd etdiyim kimi, açıqlama vermək, olanları danışmaq üçün dəfələrlə müxtəlif yerlərə müraciət elədim. Amma reaksiyalar olmadı. Mirşahin bir neçə dəfə əlaqə saxlayıb “Ən yeni tarix”ə görə vaxt təyin elədi, lakin hər dəfə də təyin olunmuş vaxta bir neçə saat qalmış zəng elədi ki, yox, bu gün gəlməyin, məndən asılı olmayan səbəblərdən alınmadı. Xocalı ilə bağlı məsələdə saat yarımlıq müsahibəmi 50 saniyə göstərdilər. Aprelin əvvəlində Kəlbəcərin işğalıyla bağlı 2000-ci ildə çəkilmiş süjeti göstərirdilər və gördüm ki, orada nə qədər həyasızcasına yalan danışırlar. Üç dəfə Mirşahinə zəng elədim, cavab vermədi. Düşündüm ki, yəqin, işi var, ona görə də mesaj yazdım. Ona da cavab vermədi. Bundan sonra tanıdığım bir neçə nəfərdən xahiş elədim ki, Mirşahinlə əlaqə saxlayın və ona deyin ki, Rəhim Qazıyev gəlsin, xalqın qarşısında cavab versin. Əvvəlcə onlardan bəzilərinə cavab verdi, sonra yox. Hətta onlara demişdi ki, hökmən çağıracağam. Bundan sonra mən məcbur qalıb “Youtube”dakı müraciəti elədim.
Vətənə xəyanət eləyən şərəfsizin bir cəzası var – ölüm. Niyə məni öldürmədilər? Biri deyir ki, əfv ərizəsini qayınanam yazıb, biri deyir, bacım yazıb, biri deyir, xanımım yazıb… Mən hər hansı işi gömrüş olsam belə, anamı, bacımı və ya bir başqa qohumumu mənim əvəzimə kimdənsə üzr istəməyə, xahiş eləməyə qoymaram, qoymamışam da.

Ölüm kamerasında dəhşətli əzablar keçirtdim

– Ümumiyyətlə, belə bir təklif olmuşdumu?
– Dəfələrlə anama da, mənə də… Hətta çox məşhur insanlardan birini – lazım gəlsə, onun adını da çəkə bilərəm – anamın yanına göndərmək istəyirdilər ki, gəlib anamı Heydər Əliyevin qəbuluna aparsın. Heydər Əliyev də bir şou düzəltsin ki, Rəhim Qazıyevin anası gəlib mənə yalvardı, mən də onu əfv elədim. Ölüm kamerasında bu xəbər mənə çatanda dəhşətli əzablar keçirtdim. Əl boyda bir kağızı oradan zülmlə çıxarıb anama çatdırdım ki, sənə qurban olum, bu işi eləmə. Sən bir mələksən, gedib onun qarşısında əyilsən və o da məni əfv eləsə belə, mən həbsxanadan evə salamat gəlib çata bilmərəm. Məni eləmədiyim cinayətdə ittiham eləyiblər, niyə mən və qohumlarım gedib yalvarmalıydı? Baxmayaraq ki, qardaşımı, əmim oğlanlarını tutdurdu, hətta biri də həbsxanada dünyasını dəyişdi, bizim başımıza hansı zülmləri gətirdilər, amma mən özümdə güc tapıb sınmadım.
Yaxın və uzaq qohumlarımı maddi nemətlərə görə illərlə əzab-əziyyət altında qoymamışdım ki…
Murtuz Ələsgərova teleqram vurdum
Mən 2005-ci ilin martında həbsxanadan çıxdım, martın axırlarında da Murtuz Ələsgərov dedi ki, bu yaxınlarda parlamentdə işğal altındakı torpaqlarla bağlı müzakirələr keçirəcəyik. Ona teleqramlar vurdum ki, müzakirələrdə mən də iştirak etmək istəyirəm. Ikinci teleqramdan sonra həmin Murtuz Ələsgərov çıxıb dedi ki, işğal altındakı rayonların müzakirəsi gündəlikdən çıxarıldı.

– “Youtube”dakı müraciətdə həqiqətləri açıqlamaq istədiyinizi deyirsiniz. Söhbət nədən gedir?
– Orta savada, normal ağla və ədalət hissinə malik adamlar cinayət işinin materiallarına istinadən göstərdiyim faktlardan başa düşəcək ki, Şuşanın işğalı zamanı hansı proseslər baş verib, hansı xəyanətlər olub. Mənimlə bağlı nə birinci, nə də ikinci məhkəmədə bunlar araşdırılmayıb, lazım olan üzləşmələr keçirilməyib. Şuşa və Laçının işğalı kimi vacib bir məsələni niyə Bakıdan 80 kilometr uzaqdakı Qobustan qapalı həbsxanasında araşdırırdılar? Niyə məni ev-eşiyi viran qalmış adamların, şəhid ailələrinin, Qarabağ qazilərinin, gecə-gündüz Heydər Əliyevə, bu rejimə məddahlıq eləyən, mənə böhtan atan, barəmdə təhqiramiz ifadələr səsləndirən adamların qarşısında mühakimə eləmədilər?

Məni öldürmək üçün MTN-dən qaçırdılar

– Bəs birinci məhkəmə?..
– Birinci məhkəmə gedən zaman mən qaçırıldım, adını da qoydular ki, Rəhim Qazıyev digər müttəhimlərlə qaçdı. KQB-nin 6-cı mərtəbəsindən, tam nəzarətdə olan yerdən qaçmaq olardımı? Öldürməkdən ötrü qaçırtdılar, amma Allahdan oldu ki, möcüzə baş verdi, bir az da başım işlədi, sağ qaldım. Səhəri gün də bəyanat yaydım ki, hazıram gəlməyə, siz məni öldürməyə qaçırmışdınız. Həmin bəyanata Arif Paşayev də imza atmışdı. Birinci məhkəmədə barəmdə qiyabi şəkildə ölüm hökmü çıxarılmışdı – Heydər Əliyevin göstərişilə. Gəlsin Xanlar Hacıyev (hazırda Avropa Məhkəməsində Azərbaycanı təmsil edən hakim), Ənvər Seyidov (hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi), Nəriman Imranov (keçmiş milli təhlükəsizlik naziri), Rəsul Quliyev (eks-spiker), mən onlara dediyimi sübut eləyim. Həmin dövrdə Xanlar Hacıyev Nəriman Imranovun yanına gəlib ki, mən bu işi neyləyim? O da güllələnmə işarəsini göstərib. Həmin Xanlar Hacıyev Rəsul Quliyevin də yanında olub. Burada söhbət Rəhimin ölümündən yox, vətənə xəyanətdən gedir…

Əliyev mənə vəzifə təklif edəndə Şuşa 15 aydı getmişdi

Yeri gəlmişkən, mən ikinci məhkəmədə vəsatət qaldırdım ki, “ölkənin və dünyanın bir nömrəli siyasətçisi” Heydər Əliyev məhkəmədə şahid qismində dindirilsin. Bu tələbimi də əsaslandırdım. Çünki Heydər Əliyev 28 yanvar 1995-ci ildə – hələ barəmdə heç birinci məhkəmə hökmü çıxmamış Isveçrədəki Davos forumunda azərbaycanlılar qarşısında demişdi ki, “bir Rəhim Qazıyev vardı, müdafiə naziri olmuşdu – o, Şuşanı, Laçını satdı”. 2002-ci ildə Sanqaçalda neft terminalındakı çıxışında da “Heydər Əliyev dedi ki, Rəhim Qazıyev ağır cinayətdə ittiham olunur…” Yəni, hər iki halda məhkəməyə mesaj göndərdi ki, mən nə deyirəmsə, o da olmalıdır.
Azərbaycanda insanların nəinki öz əməllərindən, hətta ailələrindəki söhbətlərdən də xəbərdar olan Heydər Əliyev kimi adam 1993-cü il iyulun 29-da canlı yayımda mənə Hərbi Sənaye Komleksinin sədri və baş nazirin müavini vəzifəsini təklif edəndə ki, səsə qoyulsun, artıq Şuşanın işğalından 14 ay 21 gün vaxt keçmişdi. Şuşanı mən vermişdimsə, bunu Heydər Əliyev bilmirdi? Əgər mən də ona baş əyib, “möhtərəm prezident, mənə etimad göstərib bu vəzifəni həvalə etdiyinizə görə sizə çox minnətdaram” deyib, yaltaqlıq eləyib təklifi qəbul eləsəydim, gecə-gündüz əttökən, kişiyə, insana yaraşmayan məddahlıqları eləyib millətin qanını sorsaydım, indi pulum da, mülklərim də vardı, heç hazırda sizinlə üz-üzə oturmayacaqdım, yuxarıdan aşağı baxacaqdım. Allaha çox şükr, mənə o xoşbəxtliyi verib ki, nəfsimi saxlaya bilirəm, nadana, namərdə “kişi” demirəm.
Xalq niyə bunun fərqinə varmır ki, axı Rəhim Qazıyev neylədi ki, 29 iyulda Heydər Əliyev onu təntənəli şəkildə parlamentə təqdim eləyib, müharibə gedən ölkədə Hərbi Sənaye Kompleksinə sədr (indiki Müdafiə Sənayesi Nazirliyi), baş nazirin müavini vəzifələrini təklif elədiyi halda, cəmi 16 gün sonra onu “xain”, “satqın” elan elədi? Mən neylədim bu 16 gündə?

Heydər Əliyevə 11 nəfərin siyahısını verdim

– Doğrudan da, nə baş verdi?
– O təqdimatdan əvvəl Heydər Əliyev parlamentdəki xidməti otağında mənimlə saat yarım söhbət elədi. Mənə dedi ki, bu vəzifələrə getməlisən. Dedim ki, getməyəcəm. Axırda dedi ki, niyə getmirsən, axı sənin xidmətlərin var? Dedim ki, mən hərəkata vəzifə xatirinə gəlməmişəm. Ikincisi də, mən artıq sənə inanmıram. Həqiqətən, o vaxta qədər elə bilirdim ki, Heydər Əliyev bu qədər qan-qadadan, əzab-əziyyətdən sonra ədalətli bir dövlət başçısı olacaq. Amma gördüm ki, yox, yanılıram. Çünki o hadisədən bir neçə gün əvvəl 11 nəfərlik siyahı ilə Heydər Əliyevin yanına gəldim. Məni birbaşa qəbul eləyirdi, “gözlə”, “dayan” söhbəti yox idi. Dedim ki, Afiyəddin Cəlilovu çağırın. Soruşdu ki, nə olub? Dedim ki, baxın, bu siyahının başından artıq dörd nəfər vəzifəyə gedib, hamısının da qarşısında astronomik rəqəmlər. Yəni, rüşvət verib vəzifəyə gəlmək istəyirlər, deməli, köhnə hamam, köhnə tas… Düşünürdüm ki, bu adam indi bomba kimi partlayacaq, amma o, əlini çiynimə qoydu ki, “Rəhim, narahat olma, hər şey yaxşı olacaq”. Onda mən başa düşdüm ki, nə qədər axmaqlıq eləmişəm, onu tanımamışam. Mən nə bilim ki, bu adam Azərbaycan xalqından qisas alır. Heç kimin cəsarəti çatmadı soruşsun ki, bu adam xaindirsə, ona niyə vəzifə verirdin? Heydər Əliyev həmin gün Londondan, Parisdən gəlməmişdi ki… 2-3 il idi ki, Azərbaycandaydı… Kimin necə nəfəs aldığını da bilirdi. Əgər mən yaltaqlıq eləyib, onun təklifini qəbul eləsəydim, yaxşı da oğlan olacaqdım…
Rəsul Quliyevin yanında ondan soruşdum ki…

– Ancaq belə söz-söhbətlər var ki, məhz vəzifə bölgüsü məsələsində razılığa gələ bilmədiyinizə görə Heydər Əliyevlə münasibətlər gərginləşib…
– “Deyirlər ki…” ilə iş olmur axı. Mən Allahdan qüdrətli, uca ad tanımıram və bir olan Allaha, şəhidlərin ruhuna and içirəm ki, belə bir söhbət olmayıb. O dirənib ki, “hansı vəzifəni istəyirsənsə, de, sənə verim”. Demişəm ki, istəmirəm. Bu da Heydər Əliyevin təbiətinə uyğun davranış deyil. Ayın 14-də Rəsul Quliyev, Heydər Əliyev və mən Gəncədən qayıdanda ona dedim ki, Heydər Əliyeviç, sizin sizin Brejnev haqqında bir çıxışınızı oxudum, orada “sovremennıy Lenin”, “vsemı nami lyubimıy”, “vernıy leninets” ifadələrini saydım, 174-175 dəfə işlətmişdiniz, məgər həqiqətən eləydi?
Heydər Əliyev fərqli münasibətə öyrəşmişdi. Kimsə demişdi ki, “onu piston kimi cibimə qoyub gətirərəm”, amma Heydər Əliyev gələn kimi dedi ki, “nə olar, mənə dayı ol da…” Kimlərisə təhqir elədi, onlar susdu. Mən isə təhqirə susa bilmərəm. Kiminsə təhqirinə cavab vermək vətənə xəyanət sayılırsa, mən günahımı boynuma götürməyə razıyam. Çünki Heydər Əliyev məni təhqir elədi, mən də ona daha kobud formada cavab verdim. Xoşagəlməyən söyüşləri işlətdiyimə görə qürur duymuram. Mən səbrimi basa bilmədim.

– Səbrinizi daşıran nə oldu?

(Ardı növbəti sayımızda)

Aytən Məmmədova,
Natiq Güləhmədoğlu