Timoşenko dünyanı Yanukoviçə qarşı qaldırdı

Avropa ölkələrindən sonra ABŞ da eks baş nazirin azad olunmasını tələb etdi

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsi və ona qarşı zorakılıq hallarının baş verməsi Qərb ölkələrinin Yanukoviç hakimiyyətinə təzyiqlərini artırmasına səbəb olub. Artıq Avropanın bir neçə ölkə başçısı və Avropa Birliyinin rəsmiləri bu yaxınlarda Yaltada baş tutacaq zirvə toplantısına qatılmaqdan imtina etdiklərini bildiriblər. Bununla yanaşı bu ilin iyununda bu ölkədə baş tutacaq futbol üzrə Avropa çempionatının açılış mərasiminin də boykot olunması gündəmə gəlib.   
Eks hökumət başçısına qarşı zorakılıq hallarına görə narahatlıq keçirən ölkələr sırasına ABŞ da əlavə olunub. Vaşinqton Timoşenkonun döyülməsindən ciddi narahatlıq keçirdiyini bəyan edib. Dövlət katibi Hillari Klinton Timoşenko ilə birlikdə həbsdə olan keçmiş məmurların azad olunmasıyla bağlı Ukraynda hökumətinə çağırış ünvanlayıb.
Həbsxanada 10 gündən çoxdur aclıq edən Timoşenkonun yaxınları onun faktiki ölümcül vəziyyətdə olduğunu bildiriblər. Keçmiş baş nazirin qızı və həyat yoldaşının verdiyi məlumata görə, daha bir neçə gün də belə davam etsə, Timoşenko ölə bilər. Timoşenkonun qızı Yevgeniya Timoşenko Praqada keçirdiyi mətbuat konfransında Ukraynanın hazırda totalitar dövlətə çevrilmək ərəfəsində olduğunu deyib və anasına qarşı ölkə rəhbərliyinin davranışını ədəbsizlik və qəddarlıq kimi təsvir edib.