Gədəbəyin rəhbəri olduğu dövrdə bir sıra qanunsuzluqlara imza atan Kamran Rzazadə bu yolla özünü qorumağa çalışır
Gədəbəyin sabiq icra başçısı Kamran Rzazadə YAP-ın yerli təşkilatının sədri olmağa çalışır. Bu barədə “Azadlıq”a məlumat verən bildirib ki, Kamran Rzazadə YAP-ın icra katibi Əli Əhmədovla yaxın münasibətlərindən yararlanaraq partiyanın rayon təşkilatını ələ keçirmək istiqamətində fəaliyyətə başlayıb.
Mənbənin sözlərinə görə, bu vəzifə Kamran Rzazadəyə icra başçısı işlədiyi vaxtda etdiyi qanunsuzluqlara görə cazalandırılmaqdan sığortalanmaq üçün lazımdır. Mənbə deyir ki, hazırda sabiq icra başçısının vəziyyəti o qədər də yaxşı deyil. Məsələ burasındadır ki, sabiq icra başçısı hələ bir neçə ay əvvəl işdən çıxarılacağını bilirmiş. Ona görə də son anda belə şəxsi kapitalını artırmaq üçün bütün potensialını işə salıb. O, əksər idarə müdirlərindən isə işlərini davam etdirmək üçün “şərt” irəli sürüb. Sabiq icra başçısının “şərt”ini qəbul edənlər vəzifələrində qalıblar, qəbul etməyənlər isə torpaq şöbəsinin müdiri Valeh Nağıyev kimi işlərini itiriblər. Kamran Rzazadə Valeh Nağıyevin yerinə Ədalət adlı şəxsi götürüb. Təbii ki, ortada müəyyən razılaşma olub. Lakin Gədəbəyə yeni təyin edilən icra başçısı Ramiz Yediyarov Kamran Rzazadənin komandasını, təbii olaraq torpaq şöbəsinin müdirini də işdən azada etmək istəyir. Bu isə sabiq icra başçısı ilə “razılaşan” idarə müdirlərini şoka salıb.
Yeni icra başçısı Meşə Idarəsinin rəisini də işdən qovmaq niyyətində olduğunu açıq söyləyib. Bu qurumun rəisi Kamran Rzazadənin bacanağıdır və ötən il Zamanlı kənd sakini onun özbaşnalığı ucbatından özünə və ailəsinə od vurmuşdu. Faktla bağlı cinayət işi başlanmışdı. Lakin Kamran Rzazadənin Baş Prokurorluqda işləyən qardaşı Fərman Rzazadə cinayətin açılmasına mane olmuşdu.