Müxalifət mitinq hazırlıqlarını davam etdirir

İP-nin 6 may aksiyasının 20-ci sahədə keçiriləcəyi ilə bağlı hələ qərarı olmasa da hazırlıq işləri dayandırılmayıb

Hakimiyyətin Ictimai Palatanın 20-ci sahədə keçirdiyi aksiyalara ciddi maneçilik törətməsi demokratik qüvvələri mitinq strategiyasına yenidən baxmağa vadar edib. IP rəhbərliyi ötən gün keçirdikləri mətbuat konfransında bildiriblər ki, hakimiyyətin aksiyanın keçirilməsi üçün normal şərait yaratmayacağı təqdirdə, IP-nin növbəti kütləvi mitinqi 20-ci sahədə keçirilməyə bilər. Amma buna baxmayaraq IP-ya daxil olan təşkilatlar aksiya hazırlıqlarını dayandırmayıblar.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, 6 may aksiyasına təmsil etdiyi təşkilatda ciddi hazırlıq getməkdədir. Rayon şöbələrinin aksiya ilə bağlı genişləndirilmiş müşavirələr keçirməkdə davam etdiyini deyən H.Kərimov vurğuladı ki, eyni zamanda müxtəlif sosial təbəqələrlə görüşlər təşkil olunur və onların aksiyada iştirakının zəruri olduğu mesajı ünvanlanır: “Bakı Şəhər Icra Hakimiyyətinin cavabından və Ictimai Palatanın mətbuat konfransında bəyan etdiyi məqamlara hansı reaksiyanın veriləcəyindən asılı olaraq son qərar qəbul ediləcək. Amma qərarın nə olmasından asılı olmayaraq AXCP mitinq hazırlıqlarını davam etdirir və bu dəfə də aksiyada bəzi yeniliklər etməyi düşünürük”.
Müsavat başqanının müavini Gülağa Aslanlı da bildirdi ki, 6 may aksiyasına hazırlıq məsələsi hələ də təşkilatda prioritet olaraq qalmaqdadır. Partiyanın Sədrlər Şurasının toplantısında bir daha aksiyaya hazırlığın müzakirəyə çıxarıldığını deyən G.Aslanlı vurğuladı ki, mitinqin texniki hazırlığı artıq sona çatdırılıb. Təşkilati işlərlə bağlı isə tamamlama işləri aparılmaqdadır: “Meriyanın mitinqlə bağlı müraciətimizə cavabından sonra Ictimai Palata konkret olaraq hansı addımlar atmalı olduğunu qətiləşdirəcək. Amma hələlik isə aksiyaya hazırlıq tam sürəti ilə davam etməkdədir”.

Xəyal