Məhkəmə əxlaqsızlığa haqq qazandırdı

Jurnalist Natiq Güləhmədoğlunun Lider TV-yə qarşı iddiası təmin olunmadı

Yasamal Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) Lider televiziyası və “Afra otel”ə qarşı şərəf və ləyaqətin müdafiəsi və şəxsi həyata müdaxilə ilə bağlı iddiası üzrə keçirilən proses başa çatıb.
Ötən gün keçirilən prosesdə hakim jurnalistin iddiasını rədd edib. Bundan başqa, çıxarılan qətnamədə Natiq Güəlhmədoğlunun üzərinə ekspertiza xərclərinin ödənilməsi barədə öhdəlik də qoyulub. Bu, 150 manat məbləğdir.
Məhkəmə barədə məlumat verən N.Güləhmədoğlu bildirib ki, proses bir daha sübut etdi ki, insanların şəxsi həyatına müdaxilənin arxasında ayrı-ayrı adamlar yox, konkret olaraq Azərbaycan hakimiyyəti dayanır: “Proses boyunca cavabdeh tərəfdən cəmi bir dəfə hotelin nümayəndəsi iştirak etdi. Bizim informasiya sorğularımıza, qaldırdığımız vəsatətlərin heç birinə cavab verilmədi. Biz bu prosesdə hotel və televiziya ilə yox, hakimlə çəkişdik. Hakim qanunsuz olaraq bu prosesdə tərəf tutdu və öz xeyrinə qərar çıxardı”.
Qətnaməni ədalətsiz və özbaşınalığın göstəricisi adlandıran jurnalist bildirib ki, əks qərarla üzləşsəydi təəccüblənərdi: “Ilk gündən hakimin özünə bildirdim ki, bu işə iki cür hakim baxa bilər: ya sifarişə boyun əyməyən, vicdanın səsinə qulaq asan biri, ya da köləxislət bir başqası. Prosesdə dedim ki, Anar müəllim, yəqin ki, bu işlə bağlı sizin qulağınıza nəsə pıçıldayıblar. Amma siz qorxmayın, tarix boyu Azərbaycandakından da sərt rejimlərdə obyektiv, ədalətli qərar verən hakimlər olub, siz də onlardan olun. O isə dedi ki, ona heç kim nəsə deməyib və sonda belə ədalətsiz qərarı verdi. Bunu belə başa düşdüm ki, elə Azərbaycan məhkəməsində çalışan hakimlər də ”Lider TV” əxlaqındadır. Artıq mənim əlimdə rəsmi sənəd var, bu, dövlətin adından çıxarılan qərardır ki, Azərbaycanda insanların özəl həyatına müdaxilə, onların barəsində etikadan kənar veriliş hazırlamaq qanun pozuntusu deyil”.
Natiq Ədilov bildirib ki, yaxın günlərdə qərarla bağlı apelyasiya şikayəti verəcək. O, şikayətini Avropa Məhkəməsinə qədər davam etdirəcəyini bildirib.
Xatırladaq ki, jurnalistlər Qan Turalı və Natiq Ədilov 2011-ci il aprel ayının 15-də Oğuz rayonunda təlimdə olarkən onların yaşadıqları hotel otağından gizli çəkilmiş videogörüntülər Lider televiziyasında yayımlanıb. Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi vəzifəsinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi iddiası ilə cavabdehlərin hər birindən onlara vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi tələbilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Hikmət