Prezidentlik səlahiyyətlərini təhvil verən Dmitriy Medvedev siyasi islahatları əhatə edən iki qanuna imza atıb. Birinci layihə birbaşa qubernator seçkilərini geri qaytarır. İkinci layihə prezident seçkiləri istisna, seçkilərə qatılmaq üçün imza toplanması qaydasını ləğv edir.
Qubernator seçkilərinin geri qaytarılması Medvedev tərəfindən hələ yanvar ayında irəli sürülmüşdü. Edilən dəyişikliklərdən sonra qanun layihəsi qəbul edilib. Qubernatorluğa namizədliyi irəli sürmək üçün yerli təmsilçilik orqanının deputatlarının 5-10%-lik etimadını qazanmaq lazımdır. Bundan sonra qubernator 5 il müddətinə seçiləcək və iki dəfədən artıq seçilmə imkanına malik olmayacaq.
Prezident seçkisi istisna olmaqla, partiyalar seçki üçün imza yığılmasından azad olunurlar. Partiya statusu olmayan ictimai birliklər üçün bu qayda qalır. Parlamentdə təmsil olunmayan partiyanın prezidentliyə namizədliyi üçün imza sayı 2 milyondan 100 minə endirilir. Siyasi mənsubiyyəti olmayan namizədlərə isə 300 min imza lazım olacaq.
azadliq.info