Avstriya qəzeti onu Bəhreyn kralı ilə eyniləşdirdi və despot adlandırdı
Avstriyanın nüfuzlu “Die Presse” qəzetində Azərbaycan hakimiyyətini sərt tənqid edən məqalə dərc olunub. Məqalədə Azərbaycanda “Eurovision” musiqi yarışmasına, kütləvi etirazların bürüdüyü və dinc nümayişçilərə qarşı zorakılıqların baş verdiyi Bəhreynın “Formula-1” yarışmasına hazırlığı xatırladılıb. Qəzet hər iki ölkədə insan haqları və demokratiyanın sərt şəkildə məhdudlaşdırıldığını, müxalif fəallara yönəlik zorakılıqların törədildiyini bildirib. “Die Presse” Azərbaycan rəhbəri İlham Əliyevi Bəhreyn xəlifəsi Həmad əl Xəlifəyə bənzədib.
“Bəhreyn kralı və Bakı avtokratı idmandan, musiqi müsabiqəsindən özlərini təbliğ etmək üçün istifadə edirlər.
Ötən il “Formula-1” yarışları Bəhreyndə keçiriləndə krallıq rəsmiləri utanmadan dedilər ki, biz başqa ölkələrin siyasətinə qarışmırıq. “Formula-1” başa çatan kimi Bəhreyn kralı Həmad əl Xəlifə ölkədə demokratiya hərəkatını darmadağın etdi. Onlarla nümayişçi öldürüldü, yüzlərlə insan həbsə atıldı, işgəncəyə məruz qaldı. Təqiblər bu gün də davam edir. Kralın vəd etdiyi islahatlar unuduldu”, – deyə Avstriya qəzeti yazıb.
“Die Presse” məqalədə idman və mədəni tədbirlərin antidemokratik rejimlərin siyasətini dəyişdirəcəyinə inananları sadəlövhlükdə günahlandırıb:“Bu iki despot (Bəhreyn kralı və Bakı avtokratı) idmandan musiqi müsabiqəsindən özlərini təbliğ etmək üçün istifadə edirlər. Tarixə baxın. 1936-cı ildə Hitler rejiminin siyasətinə məhəl qoymadılar. Olimpiya oyunları Berlində keçirildi. Olimpiyada günlərində “Yəhudilərə girmək qadağandır!” yazılarını dükanların üstündən müvəqqəti yığışdırdılar. 2008-ci ildə xəyalpərəstlər inanırdılar ki, Olimpiya oyunlarının Pekində keçirilməsi Çində siyasi dönüşün təməlini qoyacaqdır. Xəyal xəyal olaraq qaldı”.
Avstriya qəzeti sonra qeyd edir ki, məsələ o qədər də bəsit deyildi. Böyük idman oyunları və “Eurovision” kimi mahnı müsabiqələri yalnız diktatorlar üçün yox, eyni zamanda insan hüquqlarını müdafiə edən təşkilatlar üçün bir səhnədir. Bu cür hadisələr Bəhreyn və ya Azərbaycanda yaranmış vəziyyətdən açıq danışmağa, dünyaya bu ölkələrdəki vəziyyəti nümayiş etdirməyə şərait yaradır.
Siyasət şöbəsi