Le Pen rəqiblərinə şok yaşatdı

Fransada sağçıların namizədi prezident seçkilərinin ikinci turuyla bağlı qərarını açıqladı

Fransadakı prezident seçkilərinin ilk turunda üçüncü yer tutan sağçıların namizədi, Milli Cəbhənin lideri Marin Le Pen ikinci turda hansı namizədi dəstəkləyəcəyinə dair qərarını açıqlayıb. Milli Cəbhə seçicilərini kimə yönəldəcəyi maraqla gözlənilən Le Pen ikinci turda ağ səs (heç bir namizədə səs verməmək kimi başa düşülür – red.) verəcəyini deyib və seçicilərinə də hansı namizədə səs vermələrini söyləməyib.
Hər kəsin öz qərarını özü verəcəyini deyən Le Pen, “Sarkozi və ya Ollande, ikisi də sizi qurtara bilməz” söyləyib. Milli Cəbhə tərəfdarlarının “Nə Sarkozi, nə Ollande” şüarları səsləndirdiyi çıxışda Le Pen hazırkı prezident Nikola Sarkozi və sosialistlərin namizədi Fransua Ollanda güvənmədiyini bildirib. Əlavə edək ki, bu bazar baş tutacaq prezident seçkilərinin ikinci turunda Le Penin seçilmə şansı yoxdur. Aparılan rəy sorğularının nəticələrinə görə, Fransua Ollande az fərqlə indiki prezident Nikola Sarkoziyə qalib gələcək. Kiçik  fərqin aradan qaldırılması baxımından Milli Cəbhədən alına biləcək səslər Sarkozi üçün mühüm əhəmiyyət daşıyır. Le Pen namizədlərdən birini dəstəklədiyini açıqlasaydı, indiyəqədərki səs fərqində ciddi dəyişiklik yaşana bilərdi.

azadliq.info