Əliyevin xarici siyasət sözçüsü yeni siyası bloka qoşulacaqlarını dedi
Qərbdən hakimiyyətə demokratiya ilə bağlı tələblər sərtləşəndə hər dəfə rəsmi Bakı şantaj üsuluna əl atır
“Azərbaycan xüsusən qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha çox dəstək almazsa, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və ”yeni blok”a daxil ola bilər”. Bu barədə “Bloomberg” agentliyinə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. “Azərbaycan istəyir ki, Avropa və ABŞ Dağlıq Qarabağdan çıxması üçün Ermənistana təzyiq göstərsinlər”, – deyə şöbə müdiri bildirib.
Novruz Məmmədov Azərbaycanın başqa bir siyasi alyansa qoşulmaq üçün dəvət aldığını deyib, amma dəvətin detalları barədə məlumat verməyib: “Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Amma vəziyyət belə davam edərsə, qarşıdakı 5-10 ilə bunu nəzərə ala bilərik. Biz Qərb ölkələrindən Qarabağ məsələsində dəstək gözləyirik”.
Novruz Məmmədov əlavə edib ki, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir: “Biz dünyada yeganə müsəlman xalqıq ki, taleyimizi Qərblə bağlayırıq. Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük”.
Məmmədovun dediyinə görə, Azərbaycanın Qərblə yaxınlığı Iranla münasibətdə bəzi gərginliyə də səbəb olub: “Iran bizə deyir ki, niyə Qərbə neft satırsınız? Siz ABŞ və Israillə əlaqələrinizi kəsməlisiniz, çünki onlar bizim düşmənlərimizdir”.
O, həmçinin Qərbin bəzi mətbuat orqanlarını Azərbaycan və Iran arasında gərginliyi qızışdırmağa cəhddə təqsirləndirib. Buna nümunə olaraq “Foreign Policy” jurnalında ötən ay Azərbaycanın guya öz aeroportlarından birini Irana mümkün zərbələr endirmək üçün Israilə təklif etməsi haqqında yayılan məlumatı göstərib (“Azadlıq” radiosu).
Novruz Məmmədovun bu açıqlaması qətiyyən təəccüb doğurmur. Məsələ burasındadır ki, Qərbdən Azərbaycan hakimiyyətinə demokratiya ilə bağlı tələblər sərtləşəndə hər dəfə rəsmi Bakı şantaj üsuluna əl atır. Hakimiyyətin heç vaxt Qərbyönümlü kursu olmayıb. Balans siyasəti adıyla müxtəlif güc mərkəzlərinin arasında oynamaq kursuna üstünlük verilib. Qarabağ probleminin həlli üçün heç bir ciddi və konkret addımlar atmayan hakimiyyət həmişə olduğu kimi bu məsələdən sırf iqtidar maraqları naminə istifadə etməyə çalışır.
Ədalət naminə qeyd etmək lazımdır ki, son 2 il ərzində həm Avropa Birliyi, həm NATO Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasıyla bağlı qətnamələr qəbul edib. Dəqiq desək, NATO-nun Lissabon zirvə toplantısında və Avropa Parlamentində Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını tələb edən rəsmi sənədlər qəbul olunub.
Avropa Birliyinin Qarabağ problemiylə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən sənədlər qəbul etməsinə baxmyaraq rəsmi Bakı təklif olunan Assosiasiya Müqaviləsini imzalamaqdan boyun qaçırır. Bu müqavilədən imtinanın başlıca səbəbi qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edildiyi, demokratik və ədalətli seçkilərin keçirilməsi tələbləridir. Hakimiyyət Qərbin demokratiya tələblərini yerinə yetirmək əvəzinə onları şantaj etməklə tələblərin geri götürülməsinə nail olmaq istəyir.
Analitik şöbə



