Avropa Yayım Birliyinin rəsmisi Əliyevin kürəkənin qonaqlar siyahısında olmadığını dedi
Yerli kanallarda və hakimiyyətə yaxın mediada ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyevanın həyat yoldaşı Emin Ağalarovun Bakıda keçiriləcək “Eurovision” musiqi yarışmasına dəvət olunacaq qonaqlar siyahısında olmasına dair xəbərləri öz təsdiqini tapmayıb. “Eurasianet.org” xəbər portalında yayılan məlumatda deyilir ki, Avropa Yayım Birliyinin “Eurovision” musiqi yarışması üzrə rəsmisi Sietse Bakker Emin Ağalarovun qonaqlar siyahısında olduğuna dair xəbələri təsdiqləməyib.
Avropa Yayım Birliyinin rəmisinin sözlərinə görə, yarışmaya qatılacaq qonaqların siyahısı haqda yayılan xəbələr əsasıszdır. Çünki həmin siyahı yarışmaya qısa müddət qalmış Avropa Yayım Birliyi tərəfindən təsdiqlənəcək:“Hazırda yarışmaya qonaq qismində dəvət olunacaq şəxslərin siyahısıyla bağlı məsələ gündəmdə deyil. Biz həmin siyahını “Eurovision”a qısa müddət qalmış təsdiqləyəcəyik. Emin Ağalarovun adının həmin siyahıda olmasına dair bizdə heç bir məlumat yoxdur”.
Əlavə edək ki, Emin Ağalarov öz saytında “Eurovision” yarışmasının onun tanınması üçün unikal imkan olacağını bildirib. Bakker Ağalarovun bu açıqlamasına münasibətində deyib ki, gənc müğənni zamanı qabaqlayır. Yarışmada yaranacaq fasilə zamanı səhnəyə çıxacaq musiqiçilərin siyahısı həmişə olduğu kimi bu dəfə də müsabiqəyə qısa müddət qalmış açıqlanacaq. Bekker onu da bildirib ki, qonaqlar siyahısı Azərbaycan İctimai Televiziyası tərəfindən hazırlanandan sonra Avropa Yayım Birliyi tərəfindən təsdiqlənəcək.
İnformasiya şöbəsi