İctimai Palata 20-ci Sahəyə getməyəcək

Koordinasiya Şurasında bir sıra qərarlar verildi

İctimai Palatanın Koordinasiya Şurası mayın 2-də növbəti iclasını keçirib. İclasda İctimai Palatanın 6 may mitinqi, Ziyalılar Forumu ilə birgə təşkil olunacaq demokratiya sammiti və başqa məsələlər müzakirə olunub.
KŞ qərara alıb ki, 6 may mitinqinin Bakı Şəhər İcra Hakimiyyətinə təklif olunan yerlərdən birində keçirilməsinə razılıq verilməsə, İctimai Palata mayın 7-də BŞİH qarşısında piket keçirsin.
KŞ üzvü Rafiq Manaflı “Media forum”a bildirib ki, piketi icazə verilib-verilməməsindən asılı olmayaraq keçiriləcək.
Rafiq Manaflının sözlərinə görə, indi proseslərin davamı Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palatanın mayın 6-na təyin etdiyi mitinqə münasibətindən asılıdır: “Meriya mitinqi 20-ci sahədə olan meydanda keçirilməyi təklif etsə, biz ora getməyəcəyik”. İctimai Palatanın ayın 6-da Bakıda icazəsiz mitinq keçirməyəcəyi də dəqiqləşib.
İclasda İctimai Palatanın Ziyalılar Forumu ilə birgə nəzərdə tutduğu demokratiya sammitinin mayın 20-də keçirilməsi qərara alınıb.
KŞ mayın 5-də İP-in sessiyasının keçirilməsi haqda da qərar verib.