İcrimai Palata ilə ATƏT-in görüşü təxirə salındı

Görüş Koray Tarqayın bu həftə iş qrafikinin sıx olmasına görə başqa vaxta keçirilib

Bəzi KİV-lər İctimai Palata nümayəndələrinin ölkədə sərbəst toplaşmaq azadlığının təmini ilə bağlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla planlaşdırdığı görüş haqda məlumat yayıblar. Məlumatda vurğulanır ki, ATƏT-in Bakı ofisi AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə görüşü təxirə salıb.
Məsələ ilə bağlı AXCP-dən qəzetimizə bildirdilər ki, İctimai Palatanın təmsilçiləri kimi nə partiya sədri Əli Kərimlinin, nə də Müsavat başqanı İsa Qəmbərin ATƏT təmsilçisi Koray Tarqayla görüşü planlaşdırılıb. İctimai Palatanı ATƏT nümayəndəsi ilə görüşdə Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Qələndər Muxtarlı və Mehriban Vəzir təmsil etməlidir.
ATƏT-in Bakı bürosunun mətbuat xidmətindən də təsdiqləyiblər ki, T.Tarqay Ə.Kərimli və İ.Qəmbərlə deyil, İP-nin yaratdığı komissiya ilə görüşməlidir. Sadəcə ATƏT-in Bakı bürosunun rəhbəri gərgin iş qrafiki ilə əlaqədar müxalifət nümayəndələrilə yaxın günlərdə görüşə bilməyəcək. Lakin görüş mütləq baş tutacaq: «Cənab Koray Tarqay hər zaman müxalifət nümayəndələri ilə yaxın təmasda olmağa çalışır. Sadəcə olaraq, bu həftə iş qrafikinə uyğun olaraq bu görüş baş tutmadı. Biz görüşün başqa vaxtda keçirilməsini xahiş etdik. Dəqiq vaxt həm siyasi partiyaların, həm də ATƏT rəhbərliyinin iş qrafiki nəzərə alınaraq təyin ediləcək».
İP-nın ATƏT və hakimiyyətlə danışıqlar üçün yaratdığı komissiyanın üzvləri Vidadi Mirkamal və Qələndər Muxtarlı ilə də əlaqə saxladıq.
V.Mirkamal bildirdi ki, Koordinasiya Şurasının formalaşdırdığı komissiya səlahiyyətlərinə uyğun olaraq artıq bir sıra addımlar atıb: «Artıq Prezident Admnistirasiyasının ictimai siyasi şöbəsinin müdri Əli Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abıtalıbova görüşmək istədiyimizə dair məktub ünvanlamışıq. Hər iki məktub ünvanına çatıb. ATƏT-dəki görüşə gəlincə isə bizə bildirdilər ki, iş qrafikinin sıxlığına görə görüş başqa vaxta keçirilsin. Biz bu görüşdə ölkədəki vəziyyəti, sərbəst toplaşmaq azadlığının təmin olunmamasını, demokratiyanın problemlərini müzakirə etmək niyyətindəyik. Ona görə bu görüş yalnız 6 may aksiyasına hesablanmayıb».
İP KŞ üzvü Qələndər Muxtarlı da bildirdi ki, görüş təxirə salınsa da, gələcəkdə baş tutacaq. Hazırda komissiya üzərinə düşən başqa vəzifələrlə bağlı fəaliyyət göstərməkdədir.

Xəyal