
Almaniyanın Bakıdakı səfirliyi hakim Yeni Azərbaycan Partiyasının orqanını olan “Yeni Azərbaycan” qəzetiində aprelin 27-də dərc olunmuş yazını təkzib edib. Məqalədə qərb diplomatlarının İctimai Palatanın liderləri ilə görüşündə AFR səfiri Gerbert Kvelleyə söyləmədiyi fikirlər aid edilib.
Səfirliyin 2 may tarixli bəyanatında deyilir: “Yeni Azərbaycan” qəzeti 27.04.2012-ci ildə dərc edilmiş “Diplomatik sifariş: müxalifət, “Eurovision”a hazır ol!” başlıqlı məqaləsində informasiya mənbəyi göstərmədən, AFR səfiri Gerbert Kvellenin İctimai Palatanın “Açıq Cəmiyyət” partiyası ilə barışmasını təklif etdiyini və üç müxalifət lideri – Əli Kərimli, İsa Qəmbər və Rəsul Quliyevin birliyinin yaradılmasını “arzu etdiyini” iddia edib.
Almaniya səfirliyi Kvelleyə istinad edilən sözləri təkzib edir. “Səfir görüşdə ümumiyyətlə çıxış etməyib. Buna görə Vyana Konvensiyasının pozulması haqqında məqalədə söylənildiyi ehtimal edilən fikirlərə istinad edən ittihamlar əsassız və sübutsuzdur.
Səfirlik eyni zamanda məqalədə Azərbaycana qarşı Almaniya hökuməti tərəfindən idarə olunduğu iddia edilən kampaniyanın mövcud olmasını da inkar edir”, deyə bəyanatda qeyd edilir.
Qeyd edək ki, bu, Almaniya səfirliyinin son bir həftədə “Yeni Azərbaycan” qəzetinin böhtan xarakterli nəşrləri ilə bağlı ikinci etiraz bəyanatıdır.


