Elxan Hüseynovun təzyiqlərə məruz qalmasını «fövqəlnazir»in məsləhətilə açıqladığı bildirilir
“Mur-Ay” MMC-nin təsisçisi Elxan Hüseynovun istintaq zamanı ondan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Prezident Administrasiyasının (PA) şöbə müdiri Zeynal Nağdəliyevin əleyhinə ifadə almaq cəhdləri barədə açıqlaması ilə bağlı yeni məlumatlar əldə etmişik.
Xatırladaq ki, Elxan Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanladığı məktubda “fövqəlnazir” və PA-nın şöbə müdirinin əleyhinə ifadə verməsi üçün ona təzyiqlər edildiyini vurğulayıb. Məlumat üçün deyək ki, “Mur-Ay”la bağlı istintaqı DIN aparıb.
“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, Elxan Hüseynovun bu açıqlaması Kəmaləddin Heydərovu hiddətləndirib. “Fövqəlnazir” daxili işlər naziri Ramil Usubovun ona qarşı hansısa planlarının olduğunu düşünüb və ondan izahat tələb etməyi qərara alıb.
Dünən əldə etdiyimiz xəbərə görə isə Kəmaləddin Heydərovda əvvəldən Elxan Hüseynova təzyiqlər edərək onun əleyhinə ifadə almağa cəhd edildiyi barədə məlumat olub. “Mur-Ay” rəhbərini bu məsələni açıqlamağa da məhz “fövqəlnazir” sövq edib. Daha doğrusu Kəmaləddin Heydərovu adamları Elxan Hüseynova onu mesajını çatdırıblar ki, heç nədən çəkinmədən istintaqda baş verənləri, xüsusilə bu məqamı açıqlasın.
Informasiya şöbəsi