Gənclərin anım yürüşündə polis zorakılığı (FOTO/VİDEO)

adna-animHakimiyyət imkan verməsə də, ADNA terrorunun qurbanları yad edildi

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilmiş qətliamın 3-cü ildönümü ilə əlaqədar dünən Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) anım yürüşü keçirdi. Aksiya saat 15:00-a təyin olunmuşdu. Amma əvvəlcə anım yürüşünə qədərki proseslərə diqqət yetirək.

“Bura anım yeri deyil, özünüzdən hoqqa çıxartmayın”

Gənclərin bir yerə toplaşmasından narahat olan polislər Neft Akademiyasına gedən bütün yolları kəsmişdilər. Yürüşün başlanması üçün təyin edilmiş vaxt yaxınlaşdıqca polislər daha da aqressivləşirdi. Bu mənada Nəsimi Rayon Polis Idarəsinin rəis müavini Süleyman Nemətovun atdığı addımlar daha çox diqqət çəkirdi. Məhz onun göstərişindən sonra polislər hərəkət edirdilər.
Bu arada, onu da qeyd edək ki, ADNA-nın qətliam baş vermiş korpusunun ön hissəsində təmir işləri gedirdi. Bu isə açıq-aydın akademiya rəhbərliyinin gənclərin qətlinə biganə yanaşmasını göstərirdi. Deyilənlərə görə, sadəcə, Neft Akademiyasındakı dərslərdə terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi.

Saat 14:00-da artıq polislər metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Cəfər Cabbarlının heykəli önündə nəinki gənclərin, hətta yaşlı insanların da toplaşmasına mane olmağa başladı. Bunu görən gənclər “Nizami” kinoteatrının qarşısında toplaşıb yürüş etmək qərarına gəldilər. Vaxtın tamamında yüzə yaxın gənc terror qurbanlarının fotolarını yaxalarına yapışdırıb, əllərində qərənfillərlə Neft Akademiyasına yürüş etməyə başladılar. Akademiyanın bir addımlığında polis və mülki geyimlilər gənclərin qarşısını kəsdi. Asayiş keşikçiləri yürüş iştirakçılarına terror qurbanlarını onların məzarları qarşısında yad etməyi məsləhət gördülər: “Bura anım yeri deyil, özünüzdən hoqqa çıxartmayın. Əgər belə çox istəyirsinizsə, məzarları önünə gedin”.

 

Bu təkliflə razılaşmayan gənclər terrorun baş verdiyi binanın qarşısına qərənfillər düzüb dağılışacaqlarını söylədilər. Polis heç bir halda buna icazə verilməyəcəyini deyib, onları ərazidən uzaqlaşdırmağa başladı. Arxadan gələn polis dəstəsi gənclərə hücum edərək, onları döyməyə başladı.

Sürücü gənci bölməyə aparmadığı üçün sənədi əlindən alındı

Polis Azərbaycan Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Cəmil Hacıyevi zorla taksiyə mindirib polis bölməsinə aparmaq istədi. Ancaq sürücü maşını sürməkdən imtina etdi. Bundan sonra gənci polis maşınına mindirib bölməyə apardılar. Şəxsi maşınıyla taksi kimi fəaliyyət göstərən sürücünün sənədi isə əlindən alındı.

 

Bir saatdan sonra isə Cəmil Hacıyev sərbəst buraxıldı. Cəmil Hacıyev polis bölməsində müxtəlif təzyiqlərə məruz qaldığını deyir: “Hakimiyyət ”Eurovision” musiqi yarışmasına görə anım mərasiminə mane oldu. Bundan əlavə, illər keçdikcə daha da qəddarlaşır, terror qurbanlarını yad etmək istəyənlərə divan tutur”.
Polisin əlindən canlarını qurtaran gənclər Rəşid Behbudov küçəsinə doğru qaçaraq, “Terrora yox!” şüarını səsləndirməyə başladılar. Daha sonra yolu bağlayaraq, əllərindəki qərənfilləri yolun ortasına düzdülər. Bundan daha da hiddətlənən polislər gənclərin üstünə hücum etdilər. Gənclər şüar səsləndirə-səsləndirə şəhərin müxtəlif istiqamətlərinə doğru hərəkət etməyə başladılar. Bir neçə dəqiqənin içində yollarda tıxac yarandı. Polislər yolu açmağa çalışsalar da, buna nail ola bilmədilər. Onlar hiddətlənərək, anım mərasimində iştirak etməyən, sadəcə, yoldan ötən vətəndaşları da “tıxac var” adıyla ərazidən uzaqlaşdırırdılar…

Ramin DEKO