Evdar xalq

AzTV Almaniyaya qarşı təbliğatına bütün Avropanı əlavə edib və bəyan edib ki, Qərbin hər yerində faşizm güclənir. Sanki faşizmin yeni hücumundan qorunmağa hazırlaşırıq. Cabbar Savalanlını da ona görə tələsik əsgər aparıblar ki, faşizmə qarşı döyüşsün. Almaniyadakı səfirliyimiz isə Azərbaycanda demokratiyanın güclənməsindən danışıb. Bizim səfirliyin bəyanatı Almaniyanın ölkəmizdəki səfirliyinin “Yeni Azərbaycan” qəzeti ilə bağlı açıqlamasına cavab olaraq hazırlanıb. Sənəddə deyilir ki, Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat müstəqildir və Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur. Baxın, bizim hakimiyyət “Yeni Azərbaycan”a sözünün keçmədiyini deyirsə, deməli, bizdə məhz yalan güclənib…
Gülməlidir. Deyəsən, elə Azərbaycan hakimiyyətinin heç bir sözü keçmədiyi üçün dünəndən xarici serialların yayımı qadağan edilib. Bu, ölkəmiz üçün simvolik olan, onun gerçək mahiyyətini bütün çılpaqlığı ilə açıb göstərən bir hadisədir. Dəyərli oxucular, biz serialların dərdini çəkmirik, ölkəni idarə edən zehniyyətdən söhbət gedir.
Hətta çox gülməlidir. Xarici serialı dayandırırsınız, onda xarici maşına da minməyin, xarici paltar da geyməyin, xarici mahnı festivalı olan “Eurovision”u da keçirməyin. Seriallar ümumiyyətlə, qadağan edilsəydi, haradasa bunu başa düşmək olardı, amma niyə məhz xarici serillara qadağa qoyulur?
Sanki qəzetlərə qadağa qoyursan ki, xarici ölkələrin həyatından xəbər verə bilməzsiniz. Bəlkə serialların ssenarisi də prezident fərmanı ilə təsdiq edilsin? Bəs KIV-lərin azadlığı necə oldu? Haradan çıxdı bu senzura?
Bir daha deyirik, məsələ seriallarda deyil. Mən şəxsən onlara baxmıram da. Bəs dövlətin nə ixtiyarı var medianın məzmununa müdaxilə etməyə, onun proqramını şərtləndirməyə, bu azmış kimi, yeni kontent yaradıb bunu yaymağa məcbur eləməyə?! Axı Ilham Əliyev milli (!) serialların çəkilməsi üçün milyonlar da ayırıb. Bunları məcburən yayacaqlar.
Izah budur: “Məqsəd milli şüurun formalaşmasında, gənc nəslin inkişafında əhəmiyyətini nəzərə alaraq yerli telefilmlərin və serialların çəkilişini stimullaşdırmaqdır”. Qoy onda milli riyaziyyatımız da olsun. Elmdə Paşın adı ilə bağlı olan aksiomu bizim dərsliklərdə Tusi-Paş teoremi kimi yazıblarsa, bu ölkədə bir azdan milli riyaziyyat da düzəldiləcək. Tusi şübhəsiz ki, elmdə yeri olan bir alimdir. Ayrıca Tusi teoremi də var, onu Lecandr isbat edib, amma heç kim demir bu Lecandr teoremidir. Paş aksiomunu da milliləşdirmək, dərsliyə salmaq sadəcə, absurddur. Serialları milliləşdirmək kimi.
Ümumiyyətlə, bu xalq niyə oturub seriallara baxır? Problem budur. Işi-gücü yoxdurmu bu cəmiyyətin? Zövqü hanı bizim insanların? Aldığı təhsilin nəticəsi, təsiri hanı?
Cavab sadədir. Işsizlik, azadlıqların yoxluğu, TV-lərdə sərbəst fikirli verilişlərin olmaması, azad mətbuata yaradılan əngəllər bizim cəmiyyəti evdar statusuna salıb. Evdar xalq olmuşuq.
Ölkədəki qeyri-sağlam idarəçiliyin və mühitin nəticəsidir bu hal. Hətta yaşlı kişilər oturub “Fatmagülün suçu nə?” adlı seriala baxır. Tanınmış ictimai adamlar var, “Qurdlar vadisi”nin vaxtı gələndə nəfəsi darılır. Həyatı əlindən alınmış camaatın xeyli hissəsi də seriallara sığınıb.ÿ
Cəmiyyətdə azadlıqların və ədalətin qarşısını açmaq, mədəni və təhsilli həyata keçidi təşkil etmək əvəzinə, indi də serial oyunu oynayırıq, xaricini qadağan edib, yerli serial çəkirik…