Müxalif İctimai Palata Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb. Müraciətdə deyilir:
– Aprelin 30-da İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. Müraciətdə mayın 6-da aşağıdakı yerlərdən birində yürüş-mitinqin keçirilməsi xahiş olunur:
– Binəqədi rayonu, 7-ci mikrorayondakı keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışında;
– Nizami rayonu, 8-ci kilometr qəsəbəsində Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanda;
– Nərimanov rayonu, Təbriz prospekti ilə kəsişməsindən başlayaraq, Əliyar Əliyev küçəsi ilə keçməklə Nərimanov parkında.
İctimai Palatanın etdiyi müraciətlərə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti 8 və 22 aprel tarixlərində mitinqin keçirilməsi üçün Səbail rayonu, 20-ci yaşayış sahəsində, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin meydançasını ayırıb. İctimai Palata bununla razılaşaraq həmin ünvanda kütləvi aksiyalar keçirdi. Lakin təəssüflə qeyd edilməlidir ki, hər iki mitinqin keçirilməsinə süni əngəllər yaradılıb, yollar bağlanıb, həmin ünvana getməli avtobuslar marşrutdan çıxarılıb və meydançaya giriş-çıxış zamanı qeyri-qanuni olaraq yetkinlik yaşa çatmayan şəxslərin iştirakına maneələr törədilib.
Bütün bunları nəzərə alaraq Bakı şəhərində İctimai Palatanın təyin etdiyi 6 may 2012-ci il tarixli yürüş-mitinqə münasib yerin ayrılması məqsədilə dövlət orqanları ilə danışıqlar aparmaq üçün Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlıdan ibarət işçi qrup görəvləndirilib.
İşçi qrupunun üzvləri Bakı şəhərində kütləvi aksiyaların keçirilməsi, bu aksiyaların təhlükəsizliyinin təmin edilməsi və keçiriləcək ünvanların dəqiqləşdirilməsi məqsədilə Sizinlə görüşmək arzusundadır.
Sizə edilən bu müraciəti İctimai Palatanın xoş arzusu kimi qəbul etməyinizi və qısa müddət ərzində işçi qrupu ilə görüşə razılıq verməyinizi rica edirik.
Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.