Mitinqlər üçün uyğun yer və şərait təmin olunmasa, başqa qərar veriləcək
Müxalifət mitinq danışıqları üçün komissiya yaratdı; yekun qərar Ictimai Palatanın 5 may sessiyasında elan olunacaq
Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri 22 aprel mitinqinə yaradılan maneələr, həmçinin mayın 6-na təyin olunan mitinqlə bağlı dünən mətbuat konfransı keçirdilər. Tədbirdə əvvəlcə “Azadlıq” radiosunun hazırladığı, 8 və 22 apreldə keçirilən mitinqlərə hakimiyyətin yaratdığı nəqliyyat problemlərini əks etdirən reportaj nümayiş etdirildi. Mətbuat konfransının aparıcısı IP KŞ-nın üzvü Rafiq Manafov idi. O bildirdi ki, hakimiyyət əvvəlcə mitinqin keçirilməsi üçün əlverişsiz yer verdi, ardınca isə vətəndaşların həmin yerə də sərbəst toplaşmasına imkan vermədi. Amma bütün bunlara baxmayaraq, aksiyalar izdihamlı alındı. R.Manafovun sözlərinə görə, nümayiş olunan videokadrlar hakimiyyətin aksiyaya necə maneçilik törətdiyini bir daha təsdiqləyir.
Hakimiyyətin demokratik qüvvələrdən qorxusunun sübutu
Əvvəlki iki mitinqin keçirildiyi məkanla bağlı müzakirələrə toxunan Müsavat Partiyasının başqanı Isa Qəmbər bildirdi ki, IP mitinq üçün qətiyyən uyğun gəlməyən bir məkanda aksiyaya qərar verəndə daha çox vətəndaşları nəzərə alıb. Çünki ölkədə hakimiyyətdən, vəziyyətdən narazı olan, situasiyanın və iqtidarın dəyişməsini istəyən böyük bir çoxluq var:
– Mitinqdə 10 min civarında insanın iştirakı, ikinci mitinqdə isə iştirakçıların sayının daha da artması təkzibedilməz faktdır. Hakimiyyət 22 aprel mitinqində iştirakçılarının sayının azaldılması üçün xüsusi plan hazırlamışdı. Iştirakçılarının sayının ən azı, iki dəfə azaldılması hədəf götürülmüşdü. Bu, təbii ki, ilk növbədə hakimiyyətin xalqdan, demokratik qüvvələrdən nə qədər qorxduğunu sübut edən bir gerçəklikdir. Hətta həmin ərazidə yaşayan insanların mitinqə qoşulmasının qarşısının alınması üçün az qala, hər evin qabağına bir polis, bir mülki geyimli xüsusi adam qoymuşdular. Insanlara əvvəlcədən hədə-qorxu gəlmişdilər ki, mitinqə qatılmayacaqsınız. Biz 22 aprel mitinqini məhz o şəraitdə keçirdik.
Ictimai Palata taktikasında dəyişiklik edir
Mayın 6-da da növbəti mitinq keçirmək barədə qərar qəbul olunub. Bununla belə, biz vəziyyəti ciddi şəkildə dəyərləndirməliyik. Çünki “20-ci sahə”dəki həmin məkanın mitinq üçün qətiyyən uyğun gəlməməsi, hakimiyyətin yaratdığı maneələr və oranın konfiqurasiyası elədir ki, hakimiyyət istədiyi vaxt oranı bütövlükdə mühasirəyə alıb ümumiyyətlə, insanların ora yaxınlaşmaması üçün daha ciddi problemlər də yarada bilər. Ona görə də biz artıq taktikamızda müəyyən dəyişikliklər etmək barədə ciddi müzakirələr aparmışıq. Çünki mitinq bizim üçün bir məqsəd deyil, vasitədir. Xalqın iradəsini, cəmiyyətin mövqeyini ifadə etmək, ölkədə dəyişikliklərə təkan verilməsi üçün bir vasitədir. Əgər hakimiyyət xalqın öz mövqeyini ifadə eləməsinə imkan vermirsə və mitinqdə 10 mindən çox insanın ifadə etdiyi istəkləri, tələbləri dəyərləndirmirsə, müsbətə doğru heç bir addım atılmırsa, təbii ki, Ictimai Palata öz taktikasında dəyişiklik etmək məcburiyyətindədir. Biz bunun üçün həm mitinq məkanlarının dəqiqləşdirilməsi istiqamətində səylərimizi davam etdiririk, həm də Bakı Şəhər Icra Hakimiyyəti ilə yer məsələsinə dair danışıqlar aparmaq üçün Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlıdan ibarət nümayəndə heyəti formalaşdırmışıq. Bu üç şəxs həm də beynəlxalq birliyin fəaliyyət göstərən nümayəndələrilə görüşlərdə Ictimai Palatanı təmsil etməlidirlər. Yaxın günlərdə ATƏT-in Bakı ofisinin rəhbərilə bizim nümayəndə heyəti arasında görüş olacaq. Həmin görüşdə bizim nümayəndə heyəti Ictimai Palatanın mövqeyini bir daha ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqaya çatdıracaq. Cənab Tarqayın bu həftə hakimiyyət nümayəndələrilə müəyyən görüşlərinin keçirilməsi planlaşdırılır. Həmin görüşlərdə mitinqlər üçün daha uyğun bir məkanın ayrılması məsələsi müzakirə ediləcək. Hesab edirik ki, məsələ mayın 6-na qədər həll olunmalıdır. Çünki bu məsələ çox aydın və sadədir. Hakimiyyət konstitusiya və qanunlara əməl edərək Ictimai Palataya, həmçinin kütləvi tədbirlər keçirmək istəyən digər qüvvələrə normal məkanlar ayırmalıdır. Xüsusən “Eurovision” ərəfəsində ölkədə proseslərin dinc şəkildə keçməsi hamımızın marağındadır.
Hakimiyyət müsbət addımlar atmasa…
Bizim dostlarımız bir ildən artıqdır ki, heç bir günahları olmadan həbsdədir. Biz də onların azadlığını tələb edirik. Hesab edirik ki, “Eurovision” ərəfəsində hakimiyyət bu məsələyə daha ciddi, daha məsuliyyətli yanaşmalıdır. Biz bu məsələdə hakimiyyətlə alver etmirik, ultimatum vermirik. Ancaq silahdaşlarımız həbsdə olacağı təqdirdə bizim kütləvi tədbirlərimiz bütün gücü, rəngarəngliyilə davam edəcək. Əgər yaxın günlərdə hakimiyyətdən müsbət addımlar görməsək, təbii ki, 6 may mitinqi və bütövlükdə may ayında keçiriləcək tədbirlərlə bağlı Ictimai Palata müvafiq qərarlar qəbul edəcək. Mayın 5-də Ictimai Palatanın sessiyası olacaq. Həmin sessiya müvafiq qərarlar qəbul etmək üçün kifayət qədər uğurlu bir zəmin yaradacaq.
Azərbaycanda sərbəst toplaqmaş azadlığı yoxdur!
AXCP sədri Əli Kərimli hesab edir ki, hakimiyyət müxalifətin mitinqlərinin “20-ci sahə”də də olsa, keçirilməsinə imkan verməklə iki məqsəd güdüb. Bir tərəfdən göstərmək istəyib ki, guya, Azərbaycanda sərbəst toplaşmaq azadlığı var. Ikinci məqsəd isə xalqın müxalifətin ardınca getmədiyi fikrini yaratmaq idi. Amma hakimiyyət bu məqsədlərinin heç birinə nail ola bilmədi:
– Bütün maneələrə baxmayaraq, 10 mindən artıq insan ucqarda yerləşən, çətin gedilən, nəqliyyatın olmadığı yerdə Ictimai Palatanın çağırışına səs verdi. Bu, çox ciddi göstəricidir. “20-ci sahə”də keçirdiyimiz mitinqlər həm də müxalifətin nə qədər güclü olduğunu göstərdi. Hətta nəqliyyat blokadası şəraitində belə, insanlar çağırışımıza səs verərək, belə çətin məkana gəlib çıxdılar. Ona görə Ictimai Palata adından Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Maraqlıdır, mitinq iştirakçılarına qarşı maneələrlə bağlı video-görüntülər dünyaya yayılandan sonra hökumətin sözçüləri yenə də “müxalifətin sosial bazası yoxdur” deməyə utanmayacaqlarmı?
Hakimiyyətin son addımlarıyla əlaqədar biz taktikamızda dəyişiklik etməyə məcburuq. Bizə aksiya keçirməyə sadəcə, imkan verilmir. Söhbət yerin uzaqlığından getmir. Bu əraziyə yalnız avtobusla getmək mümkündürsə, bunun da qarşısı alınırsa, insanları bu əraziyə necə toplayaq? Bu, mitinqə icazə verməməkdir. Ona görə biz buradan açıq şəkildə bəyan edirik ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur!
Hakimiyyətin vətənpərvərlik maskası darmadağın edildi
“Eurovision” yarışmasının keçirildiyi aya qədəm qoyduğumuzu xatırladan Ə.Kərimli təəssüflə qeyd etdi ki, hökumətin səhv siyasəti nəticəsində xalqımız yaranmış imkandan dövlətin maraqlarına uyğun istifadə edə bilmir. AXCP sədrinin sözlərinə görə, Azərbaycanda xalqa xidmət edən hökumət olsaydı, bu yarışmadan istifadə edərək, özümüzü bütün Avropaya daha demokratik, Avropa dəyərlərini bölüşən bir xalq olaraq təqdim edə bilərdik:
– Gözəl fürsət var idi ki, 20 yaşlı bu gənc dövləti Avropaya inteqrasiyaya maraqlı olan bir ölkə kimi təqdim edək. Təəssüf ki, hökumət bu fürsəti xalqımızın əlindən alır – siyasi məhbusları, vicdan məhbuslarını girov saxlamaqla. Nə qədər qəddar olmaq lazımdır ki, bir tərəfdə Azərbaycanın maraqları, dövlətin imici, o biri tərəfdə isə onlarla insanın əlavə əzab çəkməsi seçimi olduğu halda, ikincini seçəsən. O insanlara əlavə əzab çəkdirmək naminə hakimiyyət Azərbaycanın maraqlarını zərbə altında qoyur. Hakimiyyət yalançı vətənpərvərlik kampaniyası aparır. “Azadlıq” radiosunun reportajı bu vətənpərvərlik maskasını tamamilə darmadağın etdi. Əgər Azərbaycanı həqiqətən də sevirsinizsə, ölkədəki neqativ məqamlardan danışan, yazan insanlara güzgü kimi baxın, güzgünü sındırmayın.
Beynəlxalq aləm nə deyir? Deyir ki, insan haqlarına hörmətlə yanaş, siyasi məhbusları azad et və s. Nə çətin işdir ki, bu? Azərbaycanda siyasi məhbusların azad olunması hansı maraqlara ziyan olar? Əlbəttə ki, dövlətin, millətin maraqlarına yalnız faydası ola bilər. Bəs kimin maraqlarına ziyan olar? Bu gün hakimiyyəti zəbt etmiş sülalənin maraqlarına. Onlar istəyirlər ki, Azərbaycan bütün dünyada rüsvay olsun, təki xalqın qorxusu canından çıxmasın.
Azərbaycanın maraqlarını şəxsi maraqlara qurban verənlər
Hazırda bütün dünyanın diqqəti Azərbaycandadır. Bu ölkədə korrupsiya, sülalə hakimiyyəti, saxta seçkilər, insanların hüquq və azadlıqlarının tapdanması gündəmdədir. Hakimiyyət Azərbaycanın Avropaya təqdim olunması üçün gözəl fürsət məqamında elə həmin Avropanın dediyi neqativ halları aradan qaldırmaq əvəzinə, bunu deyənlərə, yazanlara qarşı soyuq bir savaşa başladı. Avropanı irəli aparan ən mühüm ölkələrdən birinə qarşı Azərbaycan hakimiyyəti olmazın ittihamlar yağdırır. Almaniyanın siyasi xadimlərinin adı Hitlerlə bir sırada çəkilir. Halbuki, alman xalqı həmin keçmişdən tərəddüdsüz imtina edib və bu imtinaya görə də inkişaf yoluna çıxıb. Bu gün bütün dünyaya düzgün inkişaf yolunu göstərən, Avropa Birliyinin əsas nüvəsini təşkil edən bu dövlətlə qarşıdurma Azərbaycan xalqına böyük zərbə deyilmi? Qarabağ kimi problemi olan ölkəyə necə yaraşır ki, bu gün bütöv bir mütərəqqi dünyanı qarşısına alsın və savaşa başlasın? Bu, Azərbaycanın maraqlarını düşünməmək, onları şəxsi maraqlara qurban vermək deməkdir.
Hökumətə çağırış: “Məsuliyyətli olun!”
Mən Azərbaycan hökumətinə növbəti dəfə çağırış edirəm. Azərbaycanın milli maraqlarını özünüzün sülalə maraqlarınıza qurban verdiyiniz yetər. Məsuliyyətli olun. Azərbaycan tarixi üçün çox məsuliyyətli bir məqamdır. Avropa ilə konfrantasiya siyasətini durdurmaq lazımdır. Azərbaycan müxalifətinə olduğu kimi Avropaya da böhtan atmaqla heç kimi durdurmaq mümkün olmayacaq. Demokratikləşmə qlobal tendensiyadır, hər kəsi əhatə edəcək. Azərbaycan xalqının maraqlarını nəzərə almaq və “Eurovision” yarışmasına qədər məhbusları azad etmək, sərbəst toplaşmaq azadlığını təmin etmək və islahatlara başlamaq haqqında niyyətin anonsunu vermək lazımdır. Bu yolun alternativi Azərbaycana diqqətin neqativ mənada artmasına gətirib çıxaracaq. Bu yolun alternativi bizim məhbus, girov dostlarımızı azad etmək üçün ardıcıl aksiyalar keçirməyimiz olacaq. Ona görə də Azərbaycan hökumətinə təklif edirəm ki, qarşıdakı üç həftədən yaxşı istifadə eləsin və bu müddət Azərbaycan xalqının maraqları üçün istifadə olunsun.
Mitinqlər hakimiyyətin sonunun başlanğıcının əsasını qoydu
IP KŞ üzvü Ibrahim Ibrahimli Azərbaycanda yeni bir mərhələnin başlandığını bildirdi. Bu mərhələnin demokratiyanın bərpası uğrunda mübarizənin başlanğıcı olduğunu deyən I.Ibrahimli vurğuladı ki, müxalifət ağır şərtlər altında fəaliyyət göstərir və hakimiyyətin repressiv siyasəti nəticəsində çox çətin seçimlər qarşısında, kritik qərarlar qəbul eləmək zorunda qalır:
– “20-ci sahə”nin seçilməsi ilə bağlı Ictimai Palataya sosial sifariş gəldi. Biz sosial qrupların etirazını təmin etmək üçün “20-ci sahə”də razılaşdırılmış mitinq keçirmək zorunda qaldıq. Hakimiyyət mitinqin yüksələn xətlə davam elədiyini gördü və kütləviliyin qarşısının alınması üçün hər cür maneələr törətdi. Lakin mitinq yüksək səviyyədə keçdi. Bu mitinqlər hakimiyyətin sonunun başlanğıcının əsasını qoyub. Mitinqlər yüksələn xətlə davam edəcək. Hakimiyyət bunun fərqindədir. Qarşıda bizi çox çətin, amma şərəfli mübarizə gözləyir.
Hakimiyyətin acınacaqlı davranışı…
IP KŞ üzvü Mehriban Vəzir hakimiyyətin razılaşdırılmış mitinqə də maneələr yaratmasını cılızlıq, özünəinamsızlıq kimi dəyərləndirdi:
– Nəinki nəqliyyat problemi yaratmaq, hətta “20-ci sahə”də həmin meydana yaxın ərazidə yaşayan sakinlərə hədə-qorxu gəlmişdilər ki, mitinqə qatılmasınlar. Onlardan tələb olunmuşdu ki, qapı döyülsə də, açmasınlar. Hər evin qapısında bir polis dayanmışdı. Hakimiyyətin bu cür davranışı həqiqətən acınacaqlı idi. Yaranmış durumla əlaqədar biz də taktikamızda dəyişiklik edəcəyik. Hakimiyyətin bu addımı “Qladiator” filmində xalqın sevimlisi Maksimusa qarşı davranışı xatırladır. Imperator əvvəlcə onu yaralayır, sonra isə döyüşməyi təklif edir. Hakimiyyətin də Ictimai Palataya qarşı davranışları bunu xatırladır.
Əli Həsənova mesaj
IP KŞ üzvü Vidadi Mirkamal hakimiyyətin davranışının hüquqi tərəflərinə diqqət çəkdi:
– Mitinqimizin “20-ci sahə”də keçirilməsi Ictimai Palatanın iradəsi idi. Düşündük ki, demokratik qüvvələr uzun müddətdir, auditoriyasız qalıb. Müxalifəti telekanallara buraxmırlar. Yalnız iki qəzet vasitəsilə ictimaiyyətlə əlaqə yarada bilirik. Hakimiyyət görür ki, hər ötən mitinq əvvəlkindən daha izdihamlı keçir və insanların sayı artır. Ona görə də insanların mitinqə gəlməsinin qarşısını bu cür zorakı vasitələrlə alır. Ona görə də biz hesab etdik ki, bu, dözülməz haldır. Ictimai Palata olaraq, bununla əlaqədar məhkəməyə müraciət edəcəyik və prosesi Avropa Məhkəməsi müstəvisinə çıxaracağıq. Ictimai Palata mitinq keçirmək əzmindədir. Amma bu şərtlər çərçivəsində biz həmin məkanda aksiya keçirib insanlara əziyyət verə bilmərik. Mən buradan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova müraciət edirəm. O, çox deyir ki, danışıqlara hazırdır. Biz də danışıqlara hazırıq. Eyni zamanda, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edirəm.
Hakimiyyətin təxribatı
Dünənki mətbuat konfransında jurnalistlərə 22 aprel mitinqi zamanı hakimiyyətin Ictimai Palataya qarşı təxribatları barədə də məlumat verildi. Sən demə, Ictimai Palata nümayəndələrinin meydana generator keçirməsinə icazə verilməməsi təsadüfi deyilmiş. Sonradan Ictimai Palatanın texniki avadanlığının yandırılmasına cəhd göstərilib.
Aksiya şəhərin mərkəzində keçirilə bilər
Daha sonra Ictimai Palata rəhbərliyi jurnalistlərin suallarını cavablandırdı. Suallar mayın 6-da aksiyanın harada keçiriləcəyi, bundan əvvəlki tədbirlərin niyə məhz “20-ci sahə”də keçirilməsi barədə oldu. Sualları Əli Kərimli və Isa Qəmbər cavablandırdı.
Isa Qəmbər:
– Hakimiyyət bizim burada səsləndirdiyimiz tələblərə düzgün, adekvat reaksiya verməyəcəksə, mayın 6-da aksiya “20-ci sahə”də olmayacaq. Aksiya şəhərin mərkəzi məkanlarının birində və icra hakimiyyətinin qarşısında piket formasında ola bilər. Yox, əgər hakimiyyət ayın 6-da mitinq keçirmək üçün normal yer təklif edəcəksə, biz gedib orada aksiya keçirəcəyik. Verməsələr, şəhərin mərkəzində aksiya keçirməyi, fləşmoblar təşkil etməyi düşünürük.
“20-ci sahə”yə getmək xalqı aktivləşdirmək məqsədi daşıyırdı
Ə.Kərimli
– Biz 8 və 22 aprel aksiyalarının nəticələrindən razıyıq. Hesab edirik ki, bu iki razılaşdırılmış mitinqin keçirilməsi ölkə və Ictimai Palatanın maraqlarına uyğundur. Ictimai Palata bu iki aksiyanı keçirməklə özünü bir siyasi mərkəz kimi təsdiq edib. Azərbaycan xalqı da bir daha əmin olub ki, ölkədə real alternativ məhz bu qurumdur. Ona görə də biz 8 və 22 aprel aksiyalarının səhv olduğunu düşünmürük və heç nədən də imtina etmirik. Sadəcə, bizi mitinq keçirməyə qoymurlar. Mitinq keçirməyə mane olmasaydılar, bəlkə üçüncü, dördüncü mitinq də “20-ci sahə”də olardı. Amma biz həmişə orada qalmayacaqdıq. Əvvəlcədən də bəyan etmişdik ki, hər hansı məkanda mitinq keçirmək haqqımız bizi ölkənin başqa yerində mitinq keçirmək hüququmuzdan məhrum edə bilməz. Tutaq ki, “20-ci sahə”də aksiyalara icazə verilir. Niyə məhz bu məkan? Hansı qanunda yazılıb bu? Hansı beynəlxalq standarta uyğundur? Biz artıq “20-ci sahə”yə getməməyə məcburuq. Biz mitinqə qadağaya görə bu addımı atırıq. Bu, bir seçim deyil və məcburiyyətdən irəli gəlir.
Ictimai Palatanın “20-ci sahə”yə getməsinin bir səbəbi də xalqı siyasi cəhətdən aktivləşdirmək idi. Çünki hakimiyyət xalqı siyasi proseslərin kənarında qoymuşdu. Məqsədimiz Azərbaycan xalqını daha çox ictimai-siyasi proseslərə cəlb etmək idi.
Xəyal