Bəxtiyar Hacıyevlə bağlı Harvardda tədbir

“Fərqli fikirlərə qarşı SSRİ DTK-nın (KQB) metodlarından istifadə edilir”

Aprel ayının 27-də “Bəxtiyar Hacıyevin azadlığı üçün Harvard komitəsi” və Harvard universitetinin “İnsan Hüquqları üzrə professional maraqlar şurası”  gənc fəal, “vicdan məhbusu” Bəxtiyar Hacıyevin məzunu olduğu Harvard Kennedi Məktəbində “Vicdan məhbusları: “Amnesty International”ın ədalətsiz həbs edilənlərin azad edilməsi üçün qlobal fəaliyyəti” adlı tədbir keçirilib.

Tədbirin təşkilatçılarından “Bəxtiyar dəstək kampaniyası”nın Azərbaycanda olan üzvlərinə verilən məlumata görə tələbə və müəllimlərə açıq keçirilən tədbirdə  əvvəlcə Harvard universitetinin doktorantura pilləsində təhsil alan Volha Çarniş çıxış edib. Belarusiya əsilli olan xanım Çarniş insan hüquqları sahəsində keçmiş SSRİ ölkələrində olan problemlər və onların kökləri barədə danışıb.

Daha sonra çıxış edən “Amnesty International”-ın Şimal-Şərq ölkələri üzrə regional direktoru  Coşua Rubenştayn  “Amnesty International”ın  Bəxtiyar Hacıyevin və digər vicdan məhbuslarının azad edilməsi üçün etdiyi kampaniyalardan danışaraq, hökümətin rəsmi reaksiyasının birbaşa olmadığını, ancaq aparılan kampaniyaların nəticəsində azad olunan məhkumlar olduğunu qeyd edərək, bloggerləri, Cabbar Savalanı misal çəkib.  Bir çox Şərqi Avropa ölkələrində və keçmiş SSRİ ölkələrinin demək olar ki, hamısında fərqli fikirlərə qarşı SSRİ DTK-nın  (KQB) metodlarından istifadə edildiyini və rəsmilərlə birbaşa danışıqların çətinliyi haqqında məlumat verib.

Bundan sonra da Bəxtiyar Hacıyevin azad edilməsi üçün çalışacaqlarını deyən Amnesty rəsmisi, Harvard tələbələrinə qarşıdan gələn “Eurovision” müsabiqəsinin  Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkəyə artan mediativ diqqətdən istifadə edərək,  “vicdan məhbusları”nın müdafiəsinə dəstək verməyi tövsiyyə edib.

Xatırladaq ki, keçmiş deputatlığa namizəd, gənc fəal Bəxtiyar Hacıyev keçən 2011-ci il mart ayının 4-də həbs edilib, may ayının 18-də barəsində “hərbi xidmətdən yayınma” ittihamı ilə 2 illik həbs qərarı verilib. Hal-hazırda Qaradağ rayon, Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanır. Amnesty İnternational və bir çox beynəlxalq insan hüquqları təşkilatları tərəfindən “vicdan məhbusu” elan edilib.

İnformasiya şöbəsi