Bölgələrdə əhali hakimiyyətdən narazılığını açıq şəkildə dilə gətirir
«Əqli cəhətdən II qrup əlil olan oğluma 40 manat pensiya verirlər, hansı ölkədə 40 manat pensiya var?»
AXCP rəhbərliyinin regionlara səfərləri davam edir. Ötən həftəsonu yenə də AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın Ali Məclis sədrinin müavini Iradə Əliyeva Zaqatala və Ismayıllı rayonlarında olublar, AXCP-nin yerli rayon şöbələrinin fəalları ilə görüşüblər. Bu barədə “Azadlıq”a məlumat verən Gözəl Bayramlının sözlərinə görə, cəbhəçilərin əhval-ruhiyyəsi, mübarizə əzmi, AXCP sıralarına qoşulmaq üçün xeyli insanın yerli şöbələrin rəhbərliyinə müraciət etməsi onu göstərir ki, partiyanın, eləcə də Ictimai Palatanın apardığı mübarizəni əhali dəstəkləyir. Elə müzakirələr zamanı da partiya funksionerlərinə bildirilib ki, əhali Ictimai Palatanın mitinqlərini müdafiə edir. Çünki bölgələrdə əhalinin əksəriyyəti hakimiyyətdən narazıdır və bu səbəbdən ölkədə köklü dəyişikliklərin olmasını istəyir.
G.Bayramlı və I.Əliyeva təkcə rayon mərkəzlərində deyil, eyni zamanda, kəndlərdə də cəbhəçilərlə görüşlər keçiriblər, dayaq dəstələrinin toplantılarında iştirak ediblər. Bu qəbildən olan daha bir toplantı AXCP Ismayıllı rayon şöbəsinin Hacıhətəmli kəndindəki dayaq dəstəsində olub. Dəstənin sədri Oqtay Behbudov bildirib ki, 1992-ci ilin aprelində mərhum Əbülfəz Elçibəy də bu dayaq dəstəsinin toplantısında iştirak edib.
Hacıhətəmli dayaq dəstəsinin toplantısına kəndin bir neçə ağsaqqalı, həmçinin şəhid anası da qatılıb. Kənd ağsaqqalı Quşnar Əhmədov çıxışında bildirib ki, maddi vəziyyəti həddindən artıq ağır olmasına və bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etməsinə baxmayaraq, onun ailəsinə sosial yardım verilmir, get-gələ salınır.
Şəhid anası Zibeydə Məmmədova toplantıda söylədiklərilə regionların inkişafı haqda hakimiyyət nümayəndələrinin bəyanatlarının yalan olduğunu sübut edib: “Hakimiyyət regionların inkişafından necə danışa bilər ki, yollarımız bərbad vəziyyətdədir? Hansı inkişafdan danışırlar ki, mən – 72 yaşlı qadın 1 kilometrlik məsafədən əlimdə su daşıyıram, kəndə çəkilən su isə məmurların villalarına axır? Hansı inkişafdan danışırlar ki, külək əsən kimi günlərlə işıq olmur? Hansı inkişafdan danışırlar ki, əqli cəhətdən II qrup əlil olan oğluma 40 manat pensiya verirlər? Dünyanın hansı ölkəsində 40 manat pensiya var?”
Zibeydə Məmmədova onu da bildirib ki, icra başçısının müavini, YAP-ın Ismayıllı rayon şöbəsinin sədri Əzizə Vahabova onu təhqir edib: “Şəhid anasına qarşı belə münasibət hansı ölkədə var? Bankdakı 8 min manatlıq əmanətin müqabilində niyə cəmi 1000 manat qaytarılmalıdır? Neftdən gələn milyardların xalqa aidiyyəti yoxdur? Laçında qəhrəmancasına həlak olmuş oğlunun adına 1991-ci ildə banka qoyulmuş əmanəti niyə qaytarmırlar? Mehriban Əliyevaya bununla bağlı müraciətim cavabsız qalıb”.
Zibeydə xanım onu da əlavə edib ki, üzləşdiyi problemlərlə əlaqədar 8 dəfə Prezident Administrasiyasında olsa da, onu qəbula buraxmayıblar: “Heç olmasa, Türkiyədə şəhid anasına olan münasibətə baxsınlar…”
Gözəl Bayramlının sözlərinə görə, regionlardakı görüşlər, keçirilən toplantılar nikbin əhval-ruhiyyə ilə başa çatıb: “Əmin olduq ki, apardığımız mübarizəni regionlardakı əhali də dəstəkləyir, onlar inanırlar ki, bu mübarizə Azərbaycanın demokratikləşməsi ilə başa çatacaq. Regionlarımıza belə səfərlərin çox faydalı olması qənaətindəyəm. Ona görə də AXCP olaraq, regionlara səfərlərimizi davam etdirəcəyik”.
Yeri gəlmişkən, dayaq dəstəsinin toplantısına Ictimai Palatanın Ismayıllıdan olan bitərəf üzvü Məzahir Şahvələdov, AXCP Ismayıllı rayon şöbəsinin rəhbərliyi də qatılıb.


