“Tanıdım səni”də Lalə Hüseynzadəyə 3 otaq vəd olunmuşdu, 2 otaq verildi
Bir neçə gün öncə Azad Azərbaycan Televiziyasının (ATV) layihəsi olan “Tanıdım səni” yarışmasının qalibi Lalə Hüseynzadəyə vəd olunan mənzilin ona verilməməsi ilə bağlı “Qafqazinfo” məlumat yaymışdı. L.Hüseynzadənin atası Məzahir Hüseynov ATV rəhbərliyinin sözünə əməl etmədiyini, onlara Bakıda üç otaqlı mənzil əvəzinə, Masazırda bir otaqlı, yararsız vəziyyətdə olan mənzil təklif olunduğunu bildirmişdi. Məlumat ölkənin bir sıra media orqanlarında tirajlandı və ciddi marağa səbəb oldu.
Bu gün səhər isə M. Hüseynzadə “Qafqazinfo”ya zəng vuraraq bildirib ki, aprelin 30-da onlara Bakının Yasamal rayonunda iki otaqlı mənzilin açarları və “kupça”sı verilib: “ATV-nin rəhbərliyi bizi çağırdı və problemin həll olunacağını söylədi. Sonra Yasamalda söz verdikləri kimi üç otaqlı olmasa da, iki otaqlı mənzilin sənədlərini və açarını bizə verdilər. Yenə də çox sağ olsunlar. Buna görə ATV rəhbərliyinə, ən əsası da sizin sayta təşəkkür edirik ki, bu məsələni işıqlandırdınız və problem həll olundu. Əgər bu gün Lalənin haqqı tapdansaydı, bu, gələcəkdə televiziyalarımızda həyata keçirilən bütün layihələrə inamsızlığa səbəb olacaqdı”.