Repo zəmanəti – yeni anlayış necə qəbul ediləcək?

Avtomobil bazarına Repo zəmanəti adlı yeni anlayış daxil olub. Repo-nun indiyə qədər maliyyə əməliyyatı kimi tanınması onun avtomobil alğı-satqısına tətbiqi, şərtləri və tələbləri ilə bağlı suallar yaradır.

Artıq Repo zəmanəti haqda bəndin avtomobillərin alğı-satqı müqaviləsinə daxil edilməsi prosesi başlayıb. Həmin bənddə qeyd edilir ki, avtomobil dileri satılan avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri almağı öhdəsinə götürür. Çıxılan məbləğ faizlə hesablanır və hər növbəti ildə geri alınma dəyəri eyni faizlə azalır. Lakin alıcılar da bu imkandan yararlanmaq üçün müəyyən şərtlərə əməl etməlidirlər. Məsələn, Azərbaycanda ilk dəfə “Mazda CX-5” avtomobilinə verilən 3 illik Repo zəmanətində bu şərtlər belə müəyyənləşdirilib: avtomobil sahibi avtomobili yalnız rəsmi servisə apardıqda, il ərzində 20.000 km yol qət etdikdə və avtomobilə zərər vurmadan sürdükdə bir il üçün 10 Repo zəmanəti alır. Yəni avtomobilin dəyəri il ərzində 10% azalır. İkinci əl avtomobil bazarında isə bu göstərici orta hesabla 20-25% təşkil edir. Bu şərtlər lizinq şirkətinin balansında və bankda girovda olan avtomobillərə də aid edilir. Ancaq zədəli avtomobillərin Repo zəmanəti xüsusi şərtlərlə verilir.
Repo zəmanəti maraqlı təklif kimi səslənir: xüsusilə də avtobilini tez-tez yeniləməyi sevənlər və uzun çəkən alğı-satqı prosesinə vaxt sərf etmək istəməyənlər üçün. Lakin Repo zəmanətinin real faydası icra prosesində məlum olacaq.