“Qubada icra başçısından başqa günahkar yox idi”

Vahid Əhmədov: «Vaxt gələr, bəzi məsələlər açılar, Rauf Həbibovdan başqa heç kimi günahlandırmaq istəmirəm»

«Hər il investisiyalara 5-6 milyard ayırılır, bu vəsaitin xərclənməsi üzərində nəzarət çox ciddi olmalıdır»

Millət vəkili Vahid Əhmədov “Media forum”a müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik.

– Azərbaycanı mülkiyyət hüquqlarının pozulması ilə bağlı etirazlar bürüyüb. Sizcə, səbəb nədir? Qanunlarda boşluqlar var, yoxsa məmurlar qanunlara məhəl qoymur?
– Azərbaycanda, xüsusən paytaxt Bakıda böyük tikinti işləri gedir, müəyyən iri layihələr həyata keçirilir. Ona görə də bəzi söküntülər olur, bəzi evlər, binalar sökülür. Bununla bağlı müəyyən etirazlar var. Sulutəpə, Keşlə qəsəbələrində baş verən son hadisələr bir daha sübut etdi ki, burada problemlər düzgün həll olunmur, müəyyən nöqsanlar var.
Bizdə torpaqların, şəxsi mülkiyyətin dövlət ehtiyacları üçün alınması mexanizmini tənzimləyən qanun var, bu məsələlər Mülki Məcəllədə əksini tapıb. Bundan başqa, tikinti ilə bağlı qanun var. Amma görünür ki, bəzi məmurlar söküntü işləri aparanda qanunlara əməl etmirlər. Bir neçə gün əvvəl Mülki Məcəlləyə dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən, vətəndaşın evi sökülərsə, 90 gün müddətində araşdırma aparılır və ona çatacaq vəsait ödənilir. Qanuna görə, vətəndaşın torpaq sahəsi, evi, obyekti dövlət ehtiyacları üçün alınırsa, onun sahibinə xəbərdarlıq edilir. Həmin xəbərdarlıq vətəndaşın köçürülməsinin səbəbi, ona çatacaq məbləğ barədə olur. Burada qiymətləndirmə düzgün aparılmalıdır, dəyər tam ödənilməlidir. Bunların hər ikisi ciddi problemdir. Vətəndaşı ya eyni tipli mənzillə təmin etməlidirlər, ya evin, torpağın dəyəri tam ödənilməlidir ki, gedib başqa yerdə əmlak ala bilsin. Yalnız bu məsələləri həll etdikdən sonra vətəndaşı yaşadığı yerdən köçürmək olar.ÿAmma hazırda Azərbaycanda bu məsələlər tənzimlənmir.
Əmlakın dəyərini bazar müəyyənləşdirməlidir, qiymət bazara uyğun olmalıdır. Məmur qiyməti istədiyi kimi müəyyən edə bilməz. Sökülən mənzilin olduğu ərazidən 150-200 metr, lap bir kilometr aralıda mənzilin qiyməti nədirsə, o ödənilməlidir və bundan sonra vətəndaş köçürülməlidir.
Hər bir məmur başa düşməlidir ki, dövlət ehtiyacı üçün torpaq sahəsi, ev, başqa mülkiyyət alınanda mütləq onun sahibləri ilə əlaqələr yaradılmalıdır, müqavilələr bağlanmalıdır. Süni narazılıq yaratmağa ehtiyac yoxdur.

1500 manat kompensasiya azdır

– Indi həyata keçirilən söküntüləri dövlət ehtiyacının təmin olunması saymaq olarmı? Məsələn, vətəndaşın mülkiyyətini zorla əlindən alıb yerində park salmaq dövlət ehtiyacıdırmı?
– Indi baxır necə, harada, nə formada park tikirsən, bunu zəruri edən nədir. Söhbət camaatın, xüsusən də uşaqların ehtiyac duyduğu parkdan gedirsə, onu tikmək lazımdır. Amma dövlət ehtiyacının nə olduğu məsələsi açıq qalır. Çünki dövlət ehtiyacı deyəndə bunun konkret hansı ehtiyaclar olduğunu söyləməliyik. Konkret siyahı olmalıdır.

– Şəhərin mərkəzində sökülən evlərin əvəzi kimi mülkiyyət sahibinə evin hər kvadratmetrinə görə 1500 manat verilməsini ədalətli sayırsınızmı?
– Xeyr, bunu az hesab edirəm. Şəhərin mərkəzi deyəndə də məsələni konkretləşdirmək lazımdır. Çünki şəhərin elə yeri var, orada bir kvadratmetrin bazar qiyməti 3 min, 5 min, 10 min manatdır. Bəlkə elə yer də mövcuddur ki, həqiqətən 1500 manatdır. Problemi həll etmək üçün Mülki Məcəlləyə müəyyən dəyişiklik olundu. Dövlət ehtiyacı üçün alınan evin, torpağın qiyməti 150-200 metr radiusda olan evin, torpağın bazar qiyməti ilə hesablanıb vətəndaşa ödənilməlidir.

– Sizcə, hazırkı söküntü işlərində korrupsiya və rüşvətxorluğun da izləri varmı?
– Vallah, nə deyim. Korrupsiya izləri harada var, harada yoxdur – görünür, mətbuatdan oxuyuruq.

Korrupsiya harada var, mətbuat yazır

– Siz korrupsiya izlərini daha çox harada görürsünüz.
– Bunlar hamısı mətbuatda yazılır, biz də oxuyuruq. Hesab edirəm ki, ən ciddi problem dövlət ehtiyaclarının müəyyən olunmasıdır. Nə dövlət ehtiyacıdır? Siyahı mütləq olmalıdır. Harada gəldi söküntü aparıb adını dövlət ehtiyacı qoymaq, dövlət ehtiyacı üçün alınıb deyərək məsələni bitmiş saymaq olmaz. Mən bunu qəbul etmirəm. Belə hallarda korrupsiya özünü göstərə bilər. Milli Məclis Mülki Məcəlləyə dəyişiklik etdi. Dəyişikliyə əsasən, dövlət ehtiyacı üçün alınan torpağın, evin, mülkün qiyməti həmin mülkün 150-200 metr radiusunda olan qiymətlə eyni olmalıdır. Burada da korrupsiya halları ola bilər. Mənzilin kvadratmetri 4-5 min manat olar, amma vətəndaşı 1500 manatla razılaşmağa məcbur edərlər. Dövlətin ayırdığı vəsaitdən isə 4-5 min silinər. Belə hallar ola bilər və bütün bunların qarşısını almaq üçün Tikinti və Şəhərsalma Məcəlləsinin üzərində işləyirik.

– Azərbaycanda korrupsiya ilə mübarizəni necə qiymətləndirirsiniz?
– Ölkədə korrupsiya ilə mübarizə başlayıb, mətbuatda da müəyyən qədər yazılır. Amma aparılan mübarizəni qənaətbəxş hesab etmirəm. Hər il dövlət büdcəsini müzakirə edəndə biz ən ciddi problem kimi maliyyə nəzarəti məsələsini qaldırırıq. Bu gün də həmin problem qalır. Maliyyə nəzarəti ilə bağlı qanun olmalıdır, bunu tələb edirik. Bizə deyirlər ki, qanun layihəsi hazırdır, beynəlxalq təşkilatlara göndərilib, onlarla razılaşdırılır, rəylər alınır.
15 il əvvəl dövlət büdcəsi 300 milyon manat idi. Ona görə də maliyyə nəzarətinə o qədər də əhəmiyyət vermirdik. Indi isə dövlət büdcəsi 20 milyard manata çatıb. Hər il investisiya layihələrinə 5-6 milyard vəsait ayırırıq. Bu vəsaitin xərclənməsi üzərində nəzarət çox ciddi olmalıdır.
Birincisi, qanun çərçivəsində nəzarət ciddi olmalıdır, ikincisi, vətəndaş cəmiyyəti nəzarəti həyata keçirməlidir. Biz hər bir nazirliyin saytında bu məsələlərin əksini tapmasını tələb edirik. Insanlar oxuyub baxsınlar, aşkarlıq təmin edilsin. Amma bunlar ağır proseslərdir. Deyə bilmərəm ki, Azərbaycanda korrupsiya, rüşvətxorluq yoxdur. Çünki bunun şahidi oluram. Qubaya gedirəm, insanlarla görüşürəm, Bakıda məktublar alıram və sair. Ona görə də “rüşvətxorluq və korrupsiya yoxdur” deyə bilmərəm. Bu problem bir günə də həll oluna bilməz. Amma Azərbaycan dövləti üçün məsələ çox ciddidir. Ona görə də bunu həll etmək lazımdır, bunun yolları da məlumdur.

Vaxt gələr, bəzi məsələlər açılar

– Quba hadisələrinin baş verməsindən iki ay ötür. Yəqin ki, məsələləri dəfələrlə təhlil etmisiniz. Əslində Qubada nə baş vermişdi?
– Vaxt gələr, bəzi məsələlər açılar. Əgər prezident icra hakimiyyətinin başçısını təyin edirsə, icra başçısı həmin rayonda insanlarla münasibətini normal qurmalıdır. Camaatla normal münasibətlər qurmayanda çox ciddi problemlər yaranır. Hesab edirəm ki, Qubada insanların narazılığı həddən artıq böyük idi. Ona görə də qubalılar öz haqlarını tələb edirdilər və mən burada elə bir ciddi problem görmürəm. Narazılıq yalnız icra başçısından, onun Qubaya, qubalılara şəxsi münasibətindən qaynaqlanırdı və bu narazılıq pik həddə gəlib çatmışdı.

– Qubada baş verənləri hakimiyyətdaxili qruplaşmaların qarşıdurmasının açıq müstəviyə keçməsi və daha güclünün zəifi sıradan çıxararaq hər şeyə nəzarəti ələ almaq cəhdi kimi qiymətləndirmək olarmı? Yoxsa bu, xalqın ən azı yarıtmaz idarəçiliyə görə ayağa qalxması, xalq üsyanı idi?
– Sualın birinci hissəsinə cavab verə bilmərəm. Hüquq mühafizə orqanları var, onlar bunu müəyyən etməlidirlər. Bir daha deyirəm ki, xalqın narazılığı vardı, bu bilinirdi. Ona görə də gərək vaxtında müəyyən qərarlar veriləydi.

Günahkar icra başçısı idi

– Qubalıların narazılığının yatırılmasında böyük rol oynadınız. Bunun mətbuata çıxan və çıxmayan hissəsi var. Siyasi hakimiyyət əməyinizi necə qiymətləndirdi? Siz “yaxşı iş gördünüz, sağ olun” dedilərmi? Bir məlumat da vardı ki, Quba hadisələrinə görə sizi ittiham edirlər, istintaqa çağırıblar. Bunlar doğrudurmu?
– Istintaqla bağlı məlumatım yoxdur. Mən vətəndaş və deputat kimi borcumu yerinə yetirdim. Çünki ora mənim rayonumdur, insanlarla ünsiyyətdəyəm. Necə seçildiyimi, necə deputat olduğumu hamı bilir. Ona görə də borcumu yerinə yetirdim. Qalanları isə dövlətin, hökumətin işidir.

– “Sağ ol” dedilərmi?
– Ona ehtiyac da görmürəm. Çünki mən öz borcumu yerinə yetirirəm.

– Quba hadisələrinə görə həbs olunanların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu sizə qəribə görünmür ki?
– Mən bu məsələlər haqda danışmaq istəmirəm. Buna istintaq cavab verməlidir. Bütün bu hadisələrin baş verməsində keçmiş icra başçısı günahkar idi. Ondan başqa günahkar yoxdur və heç kimi günahlandırmaq istəmirəm.

– Hüquq mühafizə orqanları bəyan edib ki, Quba hadisələrinə görə 30 nəfərə iş qaldırılıb. Bu qədər insanın həbsdə olması yeni narazılıqların yaranmasına səbəb ola bilərmi?
– Qubada hər hansı narazılıq yoxdur. Narazılıq keçmiş icra başçısı Rauf Həbibovdan idi. O da işdən azad olunub.