“Abutalıbovun oğlu qoçuluq edir”

Qurban Mahmudov: “İsrafil Londonda kef çəkəndə mən Azərbaycanda qaçqınlara yardım paylayırdım”

“Dörd ildən sonra birdən-birə ayıldılar ki, bu pul haramdır?”

Bakı sakini Qurban Mahmudov  bu gün mətbuat konfransı keçirərək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun təzyiqlərinə məruz qaldığını bildirib. Rusiyadakı iki şəriki ilə birgə Bakıda qızıl alqı-satqısı və lombard fəaliyyəti ilə məşğul olduğunu deyən Q.Mahmudov bu məqsədlə 2009-cu ilin sonlarında Yasamal rayonu, Hazim Hikmət küçəsində icarəyə iki otaqdan ibarət ofis götürüb. Otaqlarından biri 16, digəri 12 kv.metr olan ofisin icarə haqqı ümumilikdə 2 min manat olub. Bu pulun  yarısını Q.Mahmudov yarısını da Rusiyadakı şəriki ödəyib.
Q.Mahmudovun sözlərinə görə, obyektin “kupçası” “SPEKTR” kiçik müəssisəsinin adınadır, onun da icraçı direktoru Bəxtiyar Məmmədov adlı şəxsdir: “Bəxtiyarla razılaşmamız oldu ki, obyektin tam təmirini öz vəsaitim hesabına edirəm və uzun müddətli icarəyə götürürəm. Hətta Bəxtiyarla aramızda danışıq oldu ki, mən qızıl alqı-satqısı, təmiri və lombard biznesinə görə “Əmrahbank” və digər banklardan kredit götürürəm. Bir milyon manata yaxın kredit götürdüm və bugünə qədər də götürdüyüm krediti vaxtında ödəyirəm. Bəxtiyar mənimlə müqaviləni 2012-ci ilin may ayının axırına, şərikimlə isə 2019-cu ilə qədər bağladı”.  

“Titrəyə-titrəyə dedi ki, Hacıbala Abutalıbovun oğludur”
 
Qurban Mahmudov deyir ki, bir neçə gün əvvəl – aprelin 27-də onun iş yerinə iki nəfər şəxs gələrək ondan fəaliyyətini dayandırmağı tələb ediblər: “İki nəfər saqqalı, şalvarı qısa şəxs gələrək mənim haram işlə məşğul olduğumu dedilər və fəaliyyətimi dayandırmağı tələb etdilər. Dedilər ki, onları İsrafil göndərib və bizim gördüyümüz iş dinə, şəriətə ziddir. Yəqin İsrafil də həmin təriqətə yaxın adamdır ki,  həmin adamları göndərmişdi. Onları obyektdən uzaqlaşdırıb bildirdim ki, mən İsrafili tanımıram, tanımaq fikrim də yoxdur. Kimdir bu İsraifil, birdən-birə haradan peyda oldu? 2009-dan bəri harada idi? Sonra Bəxtiyara zəng etdim ki, bu nə məsələdir. Bəxtiyar qorxa-qorxa, hətta titrəyə-titrəyə dedi ki, İsrafil merin – Hacıbala Abutalıbovun oğludur, gəlib yerini istəyir. Dedim, əvvəla biz səninlə müqavilə bağlamışıq. İkincisi, nə olsun, merin oğludur. Həm də, onun sənin obyektinə nə aidiyyəti var?”.
Bəxtiyar Məmmədovla merin oğlu arasında hansı bağlılığın olmasına gəlincə, Q.Mahmudov ehtimal edir ki, İ.Abutalıbov icarəyə götürdükləri obyektin qeyri-rəsmi sahibidir: “Bəxtiyar yəqin ki, İsrafilin işçisidir. Tək bu deyil, bir neçə başqa obyektləri də var”.

“Nə olsun merin oğludur, ona hegemonluq etməyə kim icazə verib?”

Bakıda doğulub boya-başa çatdığını, lakin əslən yəhudi olduğunu deyən Q.Mahmudov bununla belə, İslam dini qarşısında baş əydiyini bildirir: “Mən yəhudiyəm deyə, İsrafil məni doğma torpağımdan – Azərbaycandan qovmalıdır? Azərbaycan mənim ana vətənimdir. Mən bu torpağın uğrunda canımdan, qanımdan keçməyə hazıram. İsrafil Londonda kef çəkəndə mən Azərbaycanda qaçqınlara yardım paylayırdım. İndinin özündə də ayda bir dəfə 150 qaçqın və məcburi köçkünə yardım edirəm. Kim dinə necə qulluq edir göz qabağındadır. Bəxtiyara və onun yanında olan İsrafil kimilərə demək istəyirəm ki, mən neçə ildir bu ofisin pulunu verirəm. Hecə olur, bu illər ərzində verdiyim pul haram deyildi? Dörd ildən sonra birdən-birə ayıldılar ki, haramdır? Bəxtiyar bizdən hər ay 2 min manat icarə haqqı alıb onu 1600 manat kimi rəsmiləşdirərək vergidən yayınanda bu, dinə zidd olmurdu? Nə olsun İsrafil merin oğludur. Ona hegemonluq, qoçuluq etməyə kim icazə verib? Mənim dediklərimdən narazıdırsa, məhkəməyə müraciət etsin”.

“Biz o ofisdən çıxmayacağıq”

Q.Mahmudov məsələ ilə bağlı polisə, Milli Təhlükəsizlik Nazirliyinə, Prezident Administrasiyasına, Bakı merinə, hətta prezident və xanımına da yazılı şəkildə müraciət etdiyini bildirib. İsrailin Bakıdakı səfirliyinə müraciət etmədiyini deyən Q.Mahmudov hesab edir ki, siyasi məsələ olmadığına görə buna ehtiyac yoxdur: “Mənim o ofisdən çıxmaq fikrim yoxdur. Qanun bizim tərəfimizdədir. Mənimlə bağlanan müqavilənin vaxtı başa çatsa da, şərikimin hələ 2019-cu ilə qədər o obyektdə qalmaq hüququ var. Ən pis halda, mən Rusiyaya gedəcəm, o da Moskvadan gəlib ofisi işələdəcək. Yəni yerdəyişmə olacaq”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gültəkin