Müsavatdan həbsdə olan başqan müavininin fikirlərinə reaksiya gəldi
“Müsavatda qurultayın ləngidilməsinə çalışan adamlar var”. Bu mesajı Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılı həbsxanadan göndərib. Qurultayın problemə çevrilən yer məsələsinə də münasibət bildirən A.Hacılı deyib ki, “Bakı” kinoteatrı, yaxud Əmircanda yerləşən 600 nəfərlik Səttar Bəhlulzadə adına saray qurultay keçirmək üçün heç də mitinq üçün ayrılan “20-ci sahə”dəki meydandan daha pis yer deyil. A.Hacılının maraqlı açıqlamalarından biri də başqan seçkiləri ilə bağlı olub. O bildirib ki, həbsdə olması başqan seçilməsinə mane ola bilməz: “Belə olan halda İsa bəy və partiyanın indiki rəhbərliyi səlahiyyətlərinin icrasını davam etdirməlidir. Bu proses hətta biz həbsdən çıxdıqdan sonra da bir müddət davam edə bilər. Yeni rəhbərlik öz səlahiyyətlərinin icrasına prezident seçkilərindən sonra da başlaya bilər. Vacib olan partiya nizamnaməsinə əməl etmək, İsa Qəmbərin və Müsavat Partiyasının demokratik prinsiplərə, qəbul olunmuş qaydalara, verilən sözə sadiq olduğunu bir daha nümayiş etdirməkdir”.
Müsavat başqanının müavini Tofiq Yaqublu əvvəlcə A.Hacılının qurultay üçün yer təklifinə münasibət bildirdi: “Başa düşürəm, qurultayı lap 30 nəfərlik yerdə keçirmək olar. Sadəcə olaraq 700 nəfər qurultay nümayəndəsi var, bir xeyli də ölkə içindən, mediadan qonaqlar olacaq. Bu da 1000 nəfərdən çox adam edir. Ona görə, ən azı, 800 nəfərlik yer seçməliyik ki, normal iş şəraiti olsun. Biz Müsavatın qurultayını Azərbaycanın siyasi həyatında hadisəyə çevirmək, cəmiyyətə müsbət impulslar vermək istəyirik. Ona görə hökumətlə yazışmalar aparmışıq. Yalançını evinə qədər qovarlar. Siyasi partiyalar haqqında qanuna uyğun olaraq da bizə normal şərait yaradılmalıdır. “20-ci sahə”yə getmək məsələsinə gəlincə, buna Müsavat yox, İctimai Palata qərar verib. İctimai Palatanın üzvü olaraq da Müsavat Partiyası bu qərara tabe olub. Bu tamam başqa konkteksdə olan məsələdir. Qurultayın keçirilməsini istəməyən insanlar var, amma onlar səmimi olaraq İsa bəyin başqanlıqda qalmasını istəyənlərdir. Lakin artıq ox yaydan çıxıb. Biz müraciətimizi etmişik, hökumət icazə versə, biz qurultayımızı keçirəcəyik. Yer almaq üçün səylərimizi bir an olsun səngitməmişik”.
Arif Hacılının ikinci təklifinə gəlincə, T.Yaqublu bu təklifdə ziddiyyətlərin olduğunu deyir: “Mən əminəm ki, Arif bəy Müsavat üçün narahat olub və bu təklifləri verir. Amma bu təklifdə müəyyən ziddiyyət var. Əgər qurultayın qərarı varsa ki, filankəs başqandır, o necə fəaliyyətini davam etdirməyə bilər? Seçilmiş başqan otursun başqa yerdə, digəri bu funksiyanı yerinə yetirsin, bunun özü də nizamnamənin pozulmasıdır. Amma onu da deyim ki, qurultayın keçirilməsini istəyənlərin də, istəməyənlərin də, İsa bəyin qalmasını istəyənlərin də, istəməyənlərin də bir məqsədi var. O da Müsavat Partiyasının güclü olması, demokratikləşmə istiqamətində gedən prosesə daha çox töhfə verməsidir”.
Gültəkin


