AXCP Gənclər Komitəsi bu sahədəki problemlərlə bağlı kampaniyaya başlayır
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsi dünən “Azərbaycanda ipoteka siyasəti” mövzusunda tədbir keçirib. Müzakirə xarakterli tədbir Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında baş tutub.
Tədbiri açan AXCP Gənclər Komitəsinin sədr müavini Ilham Hüseyn bildirib ki, komitə Azərbaycandakı ipoteka siyasəti və gənc ailələrin evlə təmin olunması sahəsindəki problemlərlə bağlı bir neçə ay kampaniya keçirmək və bu kampaniya çərçivəsində müxtəlif tədbirlər həyata keçirmək niyyətindədir: “Məqsədimiz Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtlərinin ağırlığını ictimailəşdirmək və daha əlverişli təkliflər hazırlayıb vətəndaşlara, gənc ailələrə təqdim edərək, onların imzasıyla hökumətə, beynəlxalq təşkilatlara təqdim etməkdir. Bu tədbir də ipoteka sahəsində araşdırma aparmaq, real durumu üzə çıxarmaqdır”.
AXCP Rəyasət Heyətinin üzvü, Iqtisad Universitetinin müəllimi Ilham Hüseynli də tədbirdə ekspert və mühazirəçi qismində iştirak edirdi. O, ilk növbədə vətəndaşların rifahı baxımından əhəmiyyət kəsb edən belə bir məsələni müzakirəyə çıxartdığı üçün AXCP Gənclər Komitəsinə təşəkkürünü bildirdi. Ipoteka verilməyə başlanan ilk dövrlərdə əhalinin müəyyən təbəqəsinin, xüsusən də gənclərin xeyli ümidli olduğunu vurğulayan I.Hüseynli təəssüflə qeyd etdi ki, Azərbaycanda bu ümidlər özünü doğrultmadı: “Ipoteka təkcə gənclərə, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə yönəlik bir ifadə deyil. Ipoteka daşınmaz əmlak və yaxud müəyyən reyestr qeydiyyatından keçmiş əmlak statusuna malik mülkiyyəti girov qoymaq şərtilə müəyyən müqavilə öhdəliklərinin yerinə yetirilməsidir. Digər ölkələrdə əhalinin 90 faizi mənzilini ipoteka ilə alır. Ipoteka kreditlərinin iki növü var. Güzəştli və adi kreditlər. 2011-ci ildə güzəştli ipoteka krediti 20 milyon manat, adi ipoteka krediti isə 77 milyon manat verilib. 2010-cu ildə isə adi ipoteka kreditinə 90.5 milyon manat verilmişdi. Yəni, bir il ərzində bu kreditin miqdarı 15 faiz azalıb.
Əslində isə tendensiya artan istiqamətdə getməlidir. Adi kreditlər birbaşa dövlət büdcəsindən maliyyələşmir”.
Ekspert ipoteka kreditlərinin faizlərinin Azərbaycanda yüksək olduğunu qeyd etdi: “Rusiyada adi ipoteka krediti illik 4.5 faizlə verilir. Bu isə təxminən Azərbaycandakı güzəştli kreditin faizinə bərabərdir. Bu niyə belə olmalıdır? Axı, Azərbaycanda neftdən gələn gəlirlər kuliminasiya nöqtəsinə çatıb… Təəssüf ki, verilən sosial kreditlərin faiz dərəcəsi, ilkin ödənişi kifayət qədər yüksək və əlverişsizdir. Adi və sosial kreditlərdən başqa, kommersiya ipoteka kreditləri də verilir. Bunu kommersiya bankları reallaşdırır. 2010-cu ildə 96.9 milyon manat, 2011-ci ildə 95.9 milyon manat vəsait ayrılıb. Rəqəm baxımından bu, çox görünə bilər. Lakin başqa ölkələrlə müqayisədə bu rəqəm çox aşağıdır.
Bu gün Azərbaycanda adi ipoteka krediti illik 8 faizlə verilir, ilkin ödəniş 20 faizdir, ipotekanın müddəti 25 il, verilən maksimum məbləğ isə 50 min manatdır. Güzəştli ipoteka kreditləri isə illik 4 faizlə verilir, ilkin ödəniş də ümumi məbləğin 15 faizidir, ipotekanın müddəti 30 il, maksimum məbləğ də 35 min manatdır. Mən bu rəqəmləri nəinki Avropa ölkələrilə, hətta Qazaxıstanla müqayisə etmək istəyirəm. Orada ipoteka krediti illik 1 faizlə verilir, məbləğlə bağlı da məhdudiyyət demək olar ki, yoxdur”.
I.Hüseynlinin sözlərinə görə, iki dəfə gənclərlə bağlı dövlət proqramı qəbul olunsa da, bu proqramlarda gənclərin evlə təminatına dair ciddi planlar yoxdur.
Ekspert ipoteka kreditinin alınması prosesində yaradılan çətinlikdən də danışdı: “Ipoteka krediti almaq istəyən şəxsdən 18 sənəd tələb olunur. Bu sənədlərdən bəziləri vacibdir, lakin yerdə qalanlarının hansı məqsədlə tələb olunduğu aydın deyil. Bu qədər sənəd tələb olunmasının məqsədi süni maneələr yaratmaqdan başqa bir şey deyil. Bizim təkliflərimizdən biri də odur ki, bu sənədlər minimum həddə endirilsin. Digər bir təklifimiz də var ki, bu sahədə də elektron sistem yaradılsın”.
Tədbirdə iştirak edən Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı ipoteka verilməsi sahəsindəki problemlərin aradan qaldırılması məqsədilə təkliflər paketi hazırlanması təklifilə çıxış etdi: “Hazırkı ipoteka siyasəti imitasiya xarakteri daşıyır. Əsasən, hakimiyyətə yaxın əhali qrupunun xeyrinə həyata keçirilir. Çox vacibdir ki, bununla bağlı xarici ölkələrin təcrübəsi öyrənilsin, həmçinin əhalinin maddi və iş imkanları nəzərə alınsın”.
Tədbir iştirakçılarından Nihad Hüseynovun fikrincə, ilk növbədə gənc ailələrin maddi təminatı olmalıdır ki, onlar ipoteka kreditlərindən yararlana bilsinlər.
Sərraf Əliyev isə dövlət büdcəsindən Ipoteka Fonduna ayrılan vəsaitin şəffaf xərclənməsilə bağlı narahatlığını bölüşdü.
Şəbnəm Ağayeva isə ilk növbədə gənclərin işsizlik probleminin həllinin zəruriliyini önə çəkdi.
Tədbirin sonunda gənclər ipoteka ilə bağlı müxtəlif suallarını ekspertə ünvanladılar, mövzu ətrafında müzakirələr davam etdirildi.


