AXCP Gənclər Komitəsində yeni strukturlar

Komitənin tərkibində Kitabxana və Tədris Mərkəzi yaradıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsində maarifləndirmə məqsədilə Kitabxana və Tədris Mərkəzi yaradılıb. Mərkəzin məqsədi partiyaya yeni üzv olan gənclərin, həmçinin digər gənclər qruplarının maarifləndirilməsi və inkişafıdır.
Mərkəzin fəaliyyət istiqamətlərinə müxtəlif mövzularda mühazirələrin oxunması, kitab təqdimatları və müzakirələri, kino baxışları və onun ətrafında fikir mübadilələri, kitab oxumaq aksiyaları, intellektual oyunlar və s. daxildir. Komitənin Kitabxana Fondunu yaratmaq üçün müxtəlif təşkilatlara, ictimai-siyasi xadimlərə, mədəniyyət-incəsənət adamlarına müraciət olunacaq.
AXCP Gənclər Komitəsinin Kitabxana və Tədris Mərkəzinə Alməmməd Əlisoy rəhbərlik edəcək. Mərkəzin yaranma zərurəti haqda danışan Əlisoy bildirib ki, ölkədəki bərbad təhsil sistemi, kitabxanaların gənclər arasında populyar olmaması, ümumiyyətlə, bəlli səbəblərdən mütaliə ilə inkişafın gündəmdən düşməsi Mərkəzin fəaliyyətini şərtləndirdi.
Yeri gəlmişkən, bundan əvvəl AXCP Gənclər Komitəsində gənc xanımların ictimai-siyasi fəaliyyətini koordinasiya etmək, fəallaşdırmaq üçün Qadınlarla iş şöbəsi yaradılıb. Şöbəyə Kama Sergeyevna rəhbərlik edir. Şöbə ilkin olaraq, azərbaycanlı qadınların problemləri, hüquqlarının müdafiəsi və ictimai-siyasi proseslərdə iştirakını müzakirəyə çıxaran “Zərif gələcək” tədbirini təşkil edib.