Azərbaycan Xalq Cəbhəsi Partiyası Cabbar Savalanlının hərbi xidmətə aparılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı aprelin 30-da qanunsuz olaraq hərbi xidmətə aparıb. Eşitmə qabiliyyətində ciddi probleminin olmasına və bu barədə mötəbər həkim rəyinin möcvudluğuna baxmayaraq hərbi komissarlıq onu ordu üçün yaralı bilərək, qabaqcadan heç bir xəbərdarlıq etmədən əsgər aparıb.
Cabbar Savalanlıya qarşı baş verən bu hadisə növbəti dəfə Azərbaycan hakimiyyətinin necə cılız hisslərlə idarə olunduğunu sübut edir.
AXCP hesab edir ki, gənc siyasi fəalı həbs etməklə onu yolundan döndərməyi bacarmayan hakimiyyət indi də hərbi xidməti cəza vasitəsi kimi tətbiq edir.
Vətənin müdafiəsində iştirakı vacib və müqəddəs vəzifə sayan AXCP vətəndaşlara qarşı hərbi xidməti cəza olaraq istifadə etməyi naqis və yarıtmaz siyasət sayır.
AXCP bəyan edir ki, bütün ölkə vətəndaşları kimi Cabbar Savalanlının da hərbi xidmətdən möhlət hüququ tanınmalı, öncə onun əsassız və qanunsuz olaraq pozulan təhsil hüquq bərpa edilməli, oxuduğu ali məktəbdə təhsili üçün şərait yaradılmalıdır.
AXCP Cabbar Savalanlı ilə bağlı bir dəfə ciddi səhvə yol verən hakimiyyəti növbəti səhv addım atmaqdan daşınmağa, qanunlara və insani dəyərlərə hörmətlə yanaşmağa çağırır.


