ADNA-dakı terrordan 3 il ötdü

Aprelin 30-u Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamın üçüncü ildönümüdür.

Üç il əvvəl maskalı və silahlı bir şəxs Neft Akademiyasının Dilarə Əliyeva küçəsi 227 ünvanında yerləşən ikinci korpusuna daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov olduğu müəyyənləşib. O, hadisəni törədəndən sonra özünü də öldürmüşdü.

Fərda Qədirovla əlbir olmaqda ittiham olunan Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov isə ömürlük, Ariz Qabulov 11 il azadlıqdan məhrum ediliblər. Onlar özlərini təqsirli bilməyiblər, əsl cinayətkarların həbs olunmadığını deyiblər. Onlar istintaq dövründə onlara ağır işgəncələr verildiyini də deyiblər.

Bu işlə bağlı ittiham aktında cinayətin təşkilatçısı kimi Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı çəkilir. İttihamnaməyə görə, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.