8 aprel mitinqi ərəfəsi idi. Daha dəqiq desək, ayın 6-sı idi. Əhval da pis deyildi. Mitinqə icazə verilmişdi və biz (AXCP Gənclər Komitəsi) tam heyət olaraq, mitinqə hazırlaşırdıq. Yəni, hər şey qaydasında idi…
VHP-nin qərargahında idik. Dostlardan birinin kompüteri boş idi və mənim ürəyimdən “facebook”da bir status yazmaq keçdi. Oturdum kompüterin arxasında, “facebook”u açdım və yazdım: “Özümü çox mutlu hesab edirəm. Heç zaman özümü belə rahat hiss etməmişəm. Inqilabı baş tutmuş hesab edirəm. Bəli, biz bacardıq. Biz Azadlığa və Demokratiyaya nail olduq! Belə…”.
Sonra çıxdım şəhərə və razılaşdırılmış mitinqə çağırış vərəqələri payladığım üçün saxlanıldım, ertəsi gün də 15 sutka inzibati həbs cəzası aldım. Tutulmamışdan əvvəl nəsə belə bir halın baş verəcəyinə dair ürəyimin dərinliyində bir hiss var idi. Hətta bunu dostlardan birinə də demişdim. Əsla, qorxu-filan yox idi. Sadəcə, ağlıma gələn minlərlə fikirdən biri də bu idi…
Ürəyimə gələn, başıma da gəldi. Əlqərəz, apardılar təcridxanaya. Əvvəlcə daxil olanda yazı-pozu işləri lap məni bezdirirdi. Tələsirdim kameraya keçməyə. Yuxulu idim. Gətirdilər kameraya və artıq axşam olanda məndən əlavə daha 4 nəfəri də ora gətirmişdilər. Onlar da mənim əqidədaşlarım idi və eyni motiv üzrə həbs olunmuşduq…
Elə ilk gündən əhvalımız çox yüksək idi. Deyib-gülməkdən özümüzü saxlamırdıq. 8 aprel mitinqinə dair məlumatları qəzetdən oxuyanda isə əhvalımız daha da yüksəldi.
Təcridxanada saxlanılma ilə bağlı qanunun bizə verdiyi hüquqları öyrəndik, demək olar ki, onların hamısının təmin olunmasına nail olduq – gündəlik havaya çıxmaqdan tutmuş, ailələrimizlə görüşməyə qədər…
Doğrudur, orada rəhbərlikdə olanlarda öz işlərinə bağlılıq var idi. Yəni, qanunlarla iş görməyi sevən birilərinə bənzəyirdilər. Mən aprelin 22-də çıxmalı idim və həmin günə mitinq təyin olunmuşdu. Çıxmaq vaxtım saat 15:45 idi, mitinq isə saat 16:00-da başlayırdı. Amma həmin vaxt buraxacaqlarına inanmırdım. Lakin buraxdılar və çıxan kimi də mitinqə gəldim…
Gəlməli idim. Tarixi mitinqlər idi – 8 aprel və 22 aprel. 8 aprelə görə həbs olunmuşdum, amma 22-nə çata bilərdim və çatdım. Mitinqdə olan çoşqu, gənclərin sayı məni daha da ruhlandırdı. Gənclərin sayı çox önəmlidir. Çünki gənc daha güclüdür, daha çılğındır, daha qorxmazdır. Fizika qanunlarını bilənlər bundan xəbərdardır. Uzun körpülərdə əsgərlərin, polislərin və ya hansısa qrupun eyni anda addımlamasına icazə verilmir. Çünki bu addımlar rezonans yaradır və körpü həmin an dağıla bilər. Biz gənclər də bir olub, eyni anda bir neçə addımla bu köhnə, yarım-yamalaq körpünü dağıda bilərik. Yaşlı nəsil zatən 22 ildir mübarizədədir…
Ümumiyyətlə, bu böyük rezonansı doğuracaq addımların atılmasından heç kim kənarda qalmamalıdır. Sadə, bir neçə addımla məsələləri kökündən həll etmək olar. Ötən 19 ildə Əliyevlər hakimiyyətini belə sarsıdan gənclik olmamışdı. Sütunları silkələmişik, yaxşıca bir təpiklə sütunu dağıtmaq olar.
Bu anda yadıma oxuduğum və çox bəyəndiyim bir fikir düşdü: “Yaxşı insan olmaqla yaxşı vətəndaş olmaq əsla eyni şey deyil”.
Bəli, yaxşı insanımız çoxdur, amma onlar hələ ki, yaxşı vətəndaş ola bilmirlər. Biz gənclər cəmiyyətdə olan problemləri, siyasi hakimiyyətin bu problemlərin yaranmasına və həllinə təsirini daha yaxşı bilməli, bununla mübarizə aparmalıyıq.
Nəyə görə mən bu yazını belə detallı yazdım? Ətrafdakı gənclərə çatdırmaq istədim ki, həbsə düşmək heç də qorxulu deyil. Yetər ki, haqlı olduğunu və mübarizənin davam etdiyini biləsən.
Nihad Hüseynov


