Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatı boykot oluna bilər
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbsxanada fiziki təzyiqlərə məruz qalmasıyla bağlı qalmaqal böyüyür. Ukrayna mediası Timoşenkonun yeni fotoşəkillərini yayıb. Həmin fotoşəkillərdə eks-baş nazir özünün təsdiqlədiyi kimi, Xarkovdakı Kaçanovsk koloniyasından kliniki xəstəxanaya köçürülərkən aldığı xəsarətləri göstərib. Şəkilləri yayan agentliyin məlumatına görə, ombudsman Nina Karpaçeva şəkilləri Kiyevdə diplomatlarla görüşdə nümayiş etdirib.
Dövlət penitensiar xidməti isə təsdiqləyir ki, koloniyanın əməkdaşlarının Yuliya Timoşenkoya qarşı davranışı zorakılıq xarakteri daşımayıb və mövcud normativ əsaslı tələblərə ciddi riayət olunaraq həyata keçirilib. Ukrayna prezidenti Viktor Yanukoviç baş prokuror Viktor Pşonkeyə vəziyyəti araşdırmağı tapşırıb.
Keçmiş baz nazirin həyat yoldaşı Aleksandr Timoşenko xanımına qarşı işgəncələrin davam etdiyini bildirib. Onun sözlərinə görə, siyasi rəqibə qarşı, ən azı qadına qarşı törədilən bu cür zorakılıqlar qətiyyən yolverilməzdir: “Bu cür halların tezliklə sona çatmasını istəyirik. O, aclıq aksiyası keçirməklə rəhbərliyin ona və ümumiyyətlə, siyasi məhbuslara qarşı zorakılıq törətməsini nümayiş etdirmək istəyir. Düşünürəm ki, ölkədə Avropa Futbol Çempionatı deyil, Yanukoviçin rejimi boykot edilməlidir. Bu nə qədər tez olarsa, bir qədər yaxşı olar”.
Baş vermiş olaya görə artıq bir sıra beynəlxalq təşkilat Ukrayna hakimiyyətindən araşdırma aparılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. Almaniyanın daxili işlər naziri Hans Peter Fridrix isə bildirib ki, Avropa rəsmiləri Ukraynada insan haqlarının pozulması halları ilə əlaqədar olaraq 2012-ci il Avropa Futbol Çempionatını boykot edə bilər.
Nazirin sözlərinə görə, Timoşenko ilə bağlı vəziyyət dəyişməz olaraq qalarsa, futbol matçlarını izləmək istəyən bir çox siyasətçi bu fikrindən daşına bilər: “Mən və məndən bir neçə kilometr aralıda hər hansı bir məhbusla qaydalar çərçivəsində rəftar olunmadığını bilərək futbola baxa bilmərəm. Sivil ölkədə bu cür hallar yolverilməzdir”.