Post-liberal cəmiyyət!

Biz onu təsəvvür edirikmi?

ABŞ səfirliyinə namizədin də adı açıldı. Mən deyə bilmərəm ki, hakimiyyətin buna reaksiyasi necədir? Sevinirlər, yoxsa məyusdurlar? Mənə belə gəlir ki, bu hakimiyyət ABŞ səfiri olmayanda özünü daha rahat hiss edir. Hər halda, mənə belə gəlir. Qalan məsələlərə gəldikdə isə, yaxın günlərin ən böyük və maraqlı siyasi hadisəsi V.Putinin “taxt”a çıxması olacaq. Amma buna hələ bir az var, ona görə də başqa məsələlərə diqqət yetirmək olar. Bu günlərdə çox maraqlı bir epizod müşahidə etdim. YAP artıq müxalifətə cavab verməyi də özünə sığışdırmır, onun əvəzindən bunu kiçik dostları… “satellit” partiyalar edir. Olsun. Amma görək bu məğrur duruş nə vaxta qədər davam edəcək. O gün yenə də bu haqda düşünürdüm. Yox, mən kifayət qədər realistəm. Heç də bu gün baş verənlərə böyüdücü linzalardan baxmıram. Amma mən buna aparan yolu görür, tendensiyanı hiss edirəm. Dünyada iki-üç totalitar və bir neçə avtoritar dövlət qalıb. Avtoritarlar çoxdur, bunu da etiraf edirəm. Lakin kurs onlara qarşı götürülüb. Nə isə. Mücərrəd futuroloji mülahizələrlə sizləri yormaq istəmirəm. Amma bu mücərrəd futuroloji mülahizələr bir gün dönüb həqiqət olacaq və onda siz bizi xatırlayacaqsınız. Təbii ki, bu vaxt bəndəniz vüqarla “mən demişdim ki…” deməyəcək. Həmin gün mən Dağüstü Parkda  olmaq və orada bir səkinin üstündə oturub şəhərə tamaşa etmək istərdim…
Bir vaxt fiziklər arasında bir sual yaman dəbdə idi: “fizikanın sonu çatıbmı?”.
F.Fukuyama politoloqlar arasında o sualı yaydı. Indi çox adam bir sualı özü-özünə tez verir: “tarixin sonuna çoxmu qalıb?”. Fizikada o suallar onunla bitdi ki, bəzi enerjilərin hələ bir neçə yüz ildən sonra belə əldə edilməyəcəyi bəlli oldu. Politologiyada məsələ daha sadədir. Liberal dəyərlərin təntənəsi sonuncu avtoritar rejim çökəndə olacaq. Bu isə yüz illərin işi deyil, bəlkə də bir neçə on ilin işidir. Amma bir post-liberal dövr də başlamalıdır. Mən onu heç təsəvvür edə bilmirəm. Bəzi Avropa ölkələrinin artıq post-liberal dövrə qədəm qoyduğunu yazırlar. Amma görməmişəm və bilmirəm ki, bu nə olan bir şeydir! Inkişafı spiralvari xətt üzərində təsəvvür edəndə bir şey anlamaq olur. Amma digər hallarda məsələ çox qəlizdir. Əsl AZAD INSANA aparan o yol hələ çox davam edəcək. Mən onu da deyim ki, demokratiyalar hələ də o AZADLIQ demək deyil. Mən çox insan tanıyıram ki, bu rejimdən möhkəm və birmənalı şəkildə narazıdır, demokratiya istəyir, amma gəl özü AZAD INSAN deyil, hələ də özünü AZAD INSAN tək apara bilmir. Bəlkə də bu yazdıqlarım sizə bir qədər qəribə görünəcək. Amma mən onlarla detal sadalaya bilərəm ki, onlar bizim azad və demokratik insan hesab etdiyimiz o şəxslərin heç də AZAD INSAN olmadığını sübut edər. Qərəz, sözüm budur ki, demokratiyaya aparan yoldan sonra əsl AZAD INSANA aparan yol başlayır. Tarix də həmin bu yolu keçəcək. Insan mənəvi cəhətdən böyüdükcə bu vaxta qədər böyük hesab etdiyimiz miqyaslar bizə kiçik görünəcək və əsl planetar düşüncəli, o düşüncəyə sadiq bir insan yetişəcək. Onda bəlkə də artıq final haqqında bir söz danışmaq olacaq. Amma buna hələ yüz illər qalıb…
Kiçik sözardı
Bu dəfə də adətimə sadiq qaldım. Istirahət günü xüsusi gündür və həmişə çalışıram ki, bu ərəfədə çıxan yazılar bir qədər mülayim olsun. Ona görə ki, biz də dünyadakı adətlərə uyğunlaşmalıyıq. Indi mən həftə sonunun necə adlandırılmasını və buna necə hazırlıq görülməsini sizlərə xatarlatmaq niyyətində deyiləm, bunu mənsiz də bilirsiniz. Siz daha çox nə arzu edirsiz? Mən çox istərdim ki, bir intellektual verilişə baxım. Təxmini tapmışam həmin verilişi. Rusiya kanallarından birində insanın evolyusiyasına teoloqun və bir də bioloqun baxışını əks etdirən veriliş veriləcək. Bəlkə ona baxası oldum…
Həftənin bir gününü “yüksək materiya” haqda düşüncələrə həsr etmək olar.
Sizə də bunu tövsiyə edirəm. Adətən deyirlər ki, biliyi kitablarda axtarmaq lazımdır. Amma bilikli insanları dinləməklə də nəsə öyrənmək olar, çünki bu insanlar bizə bələdçilik edirlər. Ağıllı insan bələdçidən imtina edərmi?