APA-nın baş direktoru «Xəzər» telekanalını oğurluqda ittiham etdi
APA ilə “Xəzər” telekanalı arasında münasibətlər gərginləşib. APA-nın rəhbərliyi agentliyə məxsus informasiyaların “Xəzər” televiziyasının xezerxeber.com saytında istinadsız yerləşdirilməsindən hiddətlənib. APA bunu qeyri-peşəkarlıq və oğurluq adlandırıb. Buna görə də agentlik rəhbərliyi “Xəzər”in bir abunəçi olaraq onun informasiyalarından istifadə etməsinə qadağa qoymaq haqda fikirləşir.
APA-nın baş direktoru Vüsalə Mahirqızı məsələ ilə bağlı modern.az saytına açıqlama verib: “Hələ ki, ”Xəzər”in abunəçiliyi dayandırılmayıb, mən sosial şəbəkədəki statusumda da bununla bağlı yazmışam. “Xəzər” televiziyasının törəməsi olan xezerxeber.com saytı bizim də, modern.az saytının da, başqa informasiya mənbələrinin hüquqlarını çox kobud şəkildə pozur. Mən şəxsən öz materiallarımızla bağlı dəfələrlə orada olan dostlarımızla, qeyri-dostlarımızla söhbət eləmişəm. Kommersiya direktorumuz da söhbət edib. “Xəzər” televiziyasının bizimlə müqaviləsi var, amma xezerxeber.com saytının müqaviləsi yoxdur. Onlar belə təpki göstərirlər ki, xezerxeber.com televiziyanın törəməsidir, ona görə xəbərdən istinadsız istifadə edə bilər. Halbuki, biz müqavilədə yazmışıq ki, bir subyekt xəbəri ikincisinə ötürə bilməz. Bu məsələ ilə bağlı telekanalla, həmin saytın rəhbərliyilə danışığımız olub. Bu insanlar guya, Azərbaycana Türkiyə təcrübəsini gətirmək istəyirlər. Bəzi adamlar özlərini ağıllı hesab edib deyir ki, Türkiyədə də xəbəri filan yerdən alanda biz onun üstünə loqosunu qoymuruq. Mən dünya təcrübəsini də, Türkiyə təcrübəsini də çox yaxşı bilirəm. Mən bilirəm ki, o adamlar təkcə bizə yox, o biri agentliklərə də belə deyirlər”.
“Aya 250 manata bülleten alıb, sonra da mənim xəbərimi dədə malı kimi istifadə eləmək istəyinin professionallığa dəxli yoxdur. Bu, nə Türkiyə, nə Avropa mediasıdır. Bu peşə etikasını bilməmək yolundan yayınmaqdır. Bunun başqa adı yoxdur. Buna görə də ”Xəzər” TV-yə xəbərdarlıq məktubu hazırlanır, biz onlarla müqaviləni bu məsələyə görə birtərəfli qaydada dayandıracağıq. Şirkət kimi monitorinqimizi davam etdiririk. “Xəzər” telekanalı bu oğurluğa davam etsə, avtomatik olaraq məhkəməyə veriləcək və xüsusi təzminat alınacaq. Ağılları ora-bura getməsin, biz o təzminatı onlardan alacağıq”, – deyə Vüsalə Mahirqızı qeyd etdi.
“Xəzər” telekanalının təsisçisi Asəf Hacıyevlə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, dəstəyi qaldırmadı.