Xədicə xanımın istintaqında şok irəliləyiş

Bakı şəhər prokurorluğunun “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovanın məlum videogörüntüləri ilə bağlı yaydığı açıqlamanı oxuyub, istintaq qrupunun işinə “əhsən” dedim.
Uzun-uzadı açıqlama çox ciddi faktları üzə çıxarıb. Hətta adama elə gəlir ki, elə bu gün-sabah cinayətkarın adı ictimaiyyətə açıqlanacaq və bu murdar cinayətkar öz layiqli cəzasını alacaq.
Istintaq qrupu çox ciddi çalışıb və elə mətbuatın yazdığı kimi şok faktları üzə çıxarıb. Istintanqın çalışmaları nəticəsində məlum olub ki, kamera quraşdırlmış ev kiminmiş, kim onu kimə kirayə veribmiş, hətta ora qədər dəqiq müəyyən edilib ki, ev hansı ünvanda yerləşirmiş. Hətta Xədicə xanımın evini kimlərəsə (onların adları da səhih şəkildə aşkarlanıb) neçəyə və hansı valyuta ilə kirayəyə verdiyi belə dübbədüz dəqiqləşdirilib – düz 250 manat.
Istintaq təkcə bununla kifayətlənməyərək Xədicə xanımın dostlarının, evinə gəlib-gedən qonaqların adlarını belə üzə çıxarmağa nail olub.
Əlbəttə, işdə adı keçənlərin ictimaiyyətə açıqlanması tam bir sensasiya yaradıb. Açıqlamada xüsusi şəkildə qeyd olunur ki: “Istintaqın tam, obyektiv və hərtərəfli aparılmasının təmin olunması üçün X.Ismayılovanın kirayədə yaşadığı mənzildə hər hansı bir video-çəkiliş aparan qurğunun yerləşdirilməsi və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə onun ailə üzvləri, bacısı Səbinə Rəhimova, qardaşı Məmmədağa Ismayılov, mənzilə müxtəlif məqsədlərlə gələn çoxsaylı şəxslər – Ibadov Əli Akif oğlu, xadiməçi Zeynalova Zeynəb Əlfəddin qızı, Qəmbər Ilkin Isa oğlu, Əliyeva Leyla Şadil qızı, Qədirli Erkin Toğrul oğlu, Qəmbər Turqut Isa oğlu, Quliyev Elton Rasim oğlu, Şirinov Rəşad Ramiz oğlu, Qəhrəmanova Aytən Hikmət qızı, Ələsgərova Ayla Qorxmaz qızı, Bağırov Pərviz Rəşid oğlu, Hacızadə Adnan Hikmət oğlu və tərcüməçi Persiyani Pərvanə Əhməd qızı şahid qismində dindiriliblər”.
Əlbəttə, böyük uğurdu. Xədicə xanımın dostlarından biri törədilən iyrənc əməlin müəllifi çıxmasa çox qəribə olar…
Yadıma Zeytun bağından reportaj hazırlamaq istədiyinə görə MTN-in yüksək çinli zabitlərinin vəhşicəsinə döydüyü, sonra isə bıçaqlanan Aqil Xəlilin istintaqı düşür. Hamımızı dindirirdilər. Elə suallar verirdilər ki… Elə orada – həm Bakı Şəhər Polis Idarəsində, həm prokurorluqda müstəntiqə ifadə verərkən dedim ki, qardaş, döyən ortada, döyülən ortada, siz nəyi axtarırsız, bilmirəm? Uzun sürən mənasız suallar, redaksiyada otaqların sayı və düzülüşü, kimin hansı otaqda oturması, az qala kimin şeir yazıb-yazmamasını soruşur, çətinliklə cümlə qurub yazır, biz isə aclıqdan və susuzluqdan can verirdik. Sonradan məlum oldu ki, redaksiya işçilərindən birini cinayətkar çıxarmaq istəyirlər – yəni Aqili iş yoldaşlarından biri bıçaqlayıb. Indi ona görə deyirəm ki, Xədicə xanımın dostlarından biri cani çıxmasa…
Hə, yeri gəlmişkən, “Bundan başqa istintaqla müəyyən olunub ki, Moskva şəhərindən Valeriy Mərdanovun adından, içərisində X.Ismayılova ilə bağlı fotoşəkillər olan zərflər, sonuncunun qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 196, 164 nömrəli mənzilə və ”Yeni Müsavat” qəzetinin redaksiyasına poçt vasitəsilə göndərilib. Istintaq zamanı həmin zərflər götürülərək cinayət işinə əlavə edilib”. Bu da tanış dəst-xətdi. “Azadlıq” qəzetinin başqa bir əməkdaşı haqda yayılan iyrənc əməlin nəticəsi olan SD-lər də təxminən eyni ünvanlara və yenə də xarici – bir Iran vətəndaşının adından göndərilmişdi…
Nə isə, istintaq çox ciddi çalışıb, çox önəmli faktları qoyub ortaya. Yorulmasınlar. Ancaq bu “Valeriy”in məsələsi necə olacaq, orasını bilmirəm. Əlbəttə ki, bu, elə ciddi məqam deyil. Əsas odu ki, Xədicə xanımın bacısını dindiriblər, evin də yeri təsbit edilib…