Türk ordusu PKK-nın ən böyük sığınacağını ələ keçirdi

Aprelin 26-da Türkiyədə PKK-nın ən böyük sığınacağı aşkarlanıb. Lent.az-ın “Hürriyet “qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri PKK-nın Dersim üzrə əsas şəxsi, “Seyithan” ləqəbli terrorçunun da aralarında olduğu 50 terrorçunun Tuncelinin Ovacık rayonunun Yenikonak kəndi ərazisində Avaçor vadisində olduğunu müəyyənləşdirib.

Bu gün səhər saatlarında əməliyyata start verilib. 1 metr hündürlükdə qar təbəqəsi ilə örtülü ərazidəki mağarada olan terrorçular təhlükəsizlik qüvvələrinin əməliyyata hazırlaşdıqları barədə xəbər tutaraq 7-8 saat əvvəl mağaranı tərk edib, Aliboğazı istiqamətə qaçıblar. Həmin istiqamətdə əməliyyat-axtarış tədbirləri davam edir.

Avaçor vadisindəki sığınacaq 4 mağaradan ibarətdir. Bu mağaralardan biri indiyə qədər Türkiyədə aşkarlanan ən böyük sığınacaqdır. Hər bölməsi 100 kvadratmetr sahəsi olan mağarada toplantı salonları, təlim sahəsi, bölgədəki terrorçuların toplaşma mərkəzi var. PKK terrorçuları bu sığınacaqda 5 ay qalıb, heç bir rabitə vasitəsindən istifadə etməyiblər. Yalnız aprelin 25-də gecə mobil rabitə vasitəsi ilə Şimali İraqdakı PKK qərargahı ilə əlaqə saxlayıblar və bu, Türkiyə təhlükəsizlik qüvvələrinin sığınacağı aşkarlaması üçün yetərli olub. Aprelin 26-da keçirilən əməliyyat zamanı sığınacaqlarda 3 simsiz rabitə vasitəsi, 1 günəş paneli, 2 radio, 25 kiloqram partlayıcı maddə aşkarlanıb.

Bu gün terrorçuların qaçmağa çalışdıqları bölgələr bombalanmağa başlanılıb.