Onlarla vətəndaşın şikayətçi olduğu «Fəqan-1» MMC-nin rəhbəri qəzetimizə danışdı
Nərimanov Rayon Polis Idarəsinin onlarla vətəndaşı aldadan “Fəqan-1″ MMC-nin direktoru Rauf Hüseynovun dələduzluq əməlini ört-basdır etməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, Rauf Hüseynovun xeyli vətəndaşın pulunu mənimsəməsinə və bu barədə Nərimanov Rayon Polis Idarəsinə şikayət olunmasına baxmayaraq faktla bağlı cinayət işinin başlanması rədd edilib. Onu da bildirmişdik ki, ”Fəqan-1″ MMC “Nehrəm Holdinq”in tərkibinə fəaliyyət göstərib.
Bu holdinq isə Diaspora Məsələləri üzrə Komitənin rəhbəri Nazim Ibrahimovun qardaşına məxsusdur.
Əldə etdiyimiz məlumatlara görə, Rauf Hüseynov barəsində cinayət işinin başlanmamasının səbəbi də elə budur. Yəni, Ibrahimov qardaşları Rauf Hüseynovu himayə etdiyindən polis dələduza bata bilmir.
Lakin dünən Nərimanov Rayon Polis Idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Pərviz Məmmədov redaksiyamızla əlaqə saxlayaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına aydınlıq gətirib. Pərviz Məmmədov bildirib ki, bu işlə bağlı Nərimanov Rayon Polis Idarəsində izahatları alınan şəxslərdən başqa onlarla vətəndaş Nərimanov və Binəqədi rayon məhkəmələrinə müraciət edib: “Yəni, bu məsələyə mülki mübahisə kimi məhkəmədə baxılır. Hətta bir neçə qətnamə də var. Bu işə məhkəmədə baxıla-baxıla biz cinayət işi başlaya bilmərik. Əgər məhkəmə qərar qəbul etsə ki, bu işdə cinayət tərkibi var və araşdırılmalıdır, o halda əlbəttə ki, cinayət işi başlanacaq”.
Pərviz Məmmədov onu da bildirib ki, vətəndaşların guya Rauf Hüseynovun sərbəst gəzməsi barədə söylədikləri əsassızdır: “Biz onu tapa bilməmişik. Mən şikayətçilərə də demişəm ki, əgər Bakıdadırsa söyləyin hansı ünvandadır, mobil nömrəsini deyin. Lakin onlar deyə bilməyiblər. Bir nömrə veriblər o da Rauf Hüseynovun adına deyil. Əgər o Bakıda olsaydı biz onu da tapıb izahatını alardıq”.
Pərviz Məmmədovla danışdıqdan sonra yenidən sakinlərlə əlaqə saxladıq. Onlar bizə Rauf Hüseynovun mobil nömrəsini verdilər. Zəng vurduq, dəstəyi götürən şəxs Rauf Hüseynov olduğunu bildirdi. Onunla aramızda belə bir dialoq oldu:
– Bir neçə vətəndaş iddia edir ki, siz onları aldatmısınız…
– Mənim bu məsələlərdən xəbərim var. Həmin şəxslərin hamısı evlərini alıb. Bu işi hüquq-mühafizə orqanları da araşdırıb. Mən hamının evini vermişəm.
– Amma şikayət edən vətəndaşlar deyir ki, evlərini ala bilməyiblər. Onlar bu işlə bağlı Nərimanov Polis Idarəsinə də şikayət ediblər.
– Əgər mənim günahım varsa, həbs etsinlər. Mən heç kimə borclu qalmamışam. Hamının evini vermişəm.
– Şikayətçilər deyir ki, siz özünüzü onlara Rəşid kimi təqdim etmisiniz…
– Bəli düz deyirlər. Mənim bir adım da Rəşiddir. Amma sənəddə Rauf gedir. Burada heç bir qanunsuzluq yoxdur.
– Hazırda sizə qarşı Nərimanov və Binəqədi rayon məhkəmələrində iddia qaldırılıb…
– Bilirəm xəbərim var. Amma mən camaatın evini vermişəm.
– Nərimanov Rayon Polis Idarəsi sizi tapa bilmir. Gizlənirsiniz?
– Xeyr. Mən gizlənmirəm. Bakıdayam. Gördüyünüz kimi zəng etdiniz mən də sizinlə sərbəst danışıram. Məni heç kim axtarmayıb ki, tapa bilməsin. Axtaranlar da tapıblar. Mənim təqsirim yoxdur.
Zənnimizcə, əlavə şərhə yoxdur.
Seyid