Məndən yaxalarını qurtarmaq istəyirdilər

Gəncədə kollegiyanın iclasında Heydər Əliyev mənə həmin sözləri dedi

Dönüşümdən düz 2 saat sonra Zaur Rzayev zəng etdi

Qərargahın bütün heyəti yanıma, Qazaxa gəlməzdən əvvəl mənə xəbər göndərdilər ki, bütün zabitləri kluba toplayım… Təkrar edirəm ki, bu zaman bütün cəbhə boyu ağır döyüşlər gedirdi və müdafiə naziri də mənimlə yox, bu döyüşlərlə məşğul olmalı idi. Mən zabitləri kluba yığdım. Zaur Rzayev və Mərkəzi Qərargahın ömrü boyu hərbi hissələrdə qulluq etməyən, ömrünün 30-35 ilini hərbi komissarlıqlarda keçirən böyük bir qrupu gəldi. Əvvəlcə kabinetdə mənimlə görüşdülər. Zaur Rzayev bəyan etdi ki, mən Gəncədə günahsız insanların ölümünə bais olduğum üçün dərhal istefa verməli və ölkəni tərk etməliyəm. Cavab verdim ki, bölgədə ağır döyüşlər gedir, vəziyyət çox mürəkkəbdir və belə bir şəraitdə mən şəxsi heyəti qoyub heç yana gedə bilmərəm. Və əgər Gəncədə hətta bir nəfərin ölümünə belə səbəb olmuşamsa, o halda nə üçün ölkəni tərk etməliyəm, qoy məni həbs etsinlər. Kar etmədi. Zaur Rzayev və Hamlət Ismayılov başda olmaqla bütün bu kütlə bağırıb- çığırmağa başladı ki, getməlisən, vəssalam. Üstəlik, nazirin mənim işdən kənarlaşdırıldığım barədə əmrini də təqdim etdilər. Amma hər halda, məndən tələb olunurdu ki, bu əmr əsasında getməyim, zabitlərin qarşısında çıxış edərək istefa verdiyimi bildirim.

İsa Sadıqov

əvvəli ötən saylarımızda

Bu yaramaz dəstəyə baxaraq düşünürdüm ki, görəsən bu adamlar Ağdamın, Füzulinin qaçqın düşmüş insanlarının ah- nalələrindən zərrə qədər də olsun titrəyiblərmi? Görəsən onlar məni doğma Vətəndən Tbilisiyə qovub bu Vətənin başına nə oyunlar gətirəcəklər?,- deyə düşünürdüm. Amma tələblər kifayət qədər sərt və provokasion idi. Buna görə də nazirin yazılı əmrinə tabe olmaqdan və nazirin üstümə göndərdiyi bu dəstənin tələblərini qəbul etməkdən başqa çıxış yolum yox idi.
Zabitlərin qarşısına çıxdım, bildirdim ki, ailə vəziyyətimlə əlaqədar olaraq daha Azərbaycanda qala bilmirəm və buna görə də istefa verərək Gürcüstana gedirəm. Onların hamısı yaxşı bilirdi ki, ailəm Gürcüstanda yox, burada, Qazaxdadır, amma vəziyyətin nədən ibarət olduğunu da başa düşürdülər. Zabitlər və şəxsi heyət bu qərara etiraz etmək istədi, amma onları sakitləşdirdim, Vətən və millət naminə hərbi əmrlərin yerinə yetirilməsinin zəruriliyini söylədim. Bundan sonra bir maşına oturaraq Gürcüstana yollandım.
Yolboyu arxamca artilleriyanın intensiv atəş səslərini eşidirdim, qəhər ürəyimi parçalayırdı: orada döyüş gedir, Vətənin hər qarış torpağı uğrunda ləyaqətli oğulların qanı axır, amma mən onların sıralarında ola bilmirəm, onların axan qanını silə bilmirəm, bəlkə də son nəfəsini qollarımın üstündə vermək arzusunda olan bir şəhid torpağa düşür…
Bütün bunlar dəhşətli hisslər idi. Hətta içimdə özümün fərari olduğumu belə yaşayırdım və bu, mənə əzab verirdi. Axı mən orada, o ağır şəraitdə mənə bu qədər doğma olan insanları tərk edib gədirdim. Qulağımı dələn hər bir güllə səsi ilə bərabər ürəyimi dəlib keçən o güllənin özünü hiss edirdim.
Birdən maşınımın ardınca gələn böyük bir avtomobil karvanını fərq etdim. Döyüş yoldaşlarım məni Qırmızı körpüyə qədər ötürdülər, amma dayanıb onlarla vidalaşmağa cəsarət etmədim. Ağlayacaqdım və onların bunu görməsini heç istəməzdim.
Mən Tbilisiyə getdim, ailəm isə Qazaxda qaldı. Düz 5 gün Tbilisidə qovruldum. Dostlarımdan, savaşdan, barıt və hərb qoxusundan uzaqda, orada mənə əziz olan insanların nələr çəkdiyini təsəvvür etmədən əzab və iztirab içində nələr yaşadığımı anlada bilmərəm. 5 gün sonra Tbilisiyə zabitlərimdən və əsgərlərimdən ibarət böyük bir qrup gəldi. Onlar deyirdilər ki, vəziyyət çox ağırdır, mövqelər hər an əldən gedə bilər və mən hökmən qayıtmalıyam. Mən onlarla piyada qaçmaq, nəfəsimi dərmədən, ürəyim partlayana qədər üzü Qazaxa doğru qaçmaq istəyirdim. Dərhal onlara qoşulub Azərbaycana gəldim.
Yolboyu kimsə nəsə danışmadı, dinmədi. Qırmızı körpüdə böyük bir dəstə məni qarşılamağa gəlmişdi.
Qazaxda isə şəxsi heyətdən ibarət orkestr mənim qarşılanma mərasimimi təşkil etdi. Və elə həmin gün də çox ağır bir döyüşə qatıldıq. Mən əsgərlərimi tanıya bilmirdim. Onlar o qədər ruhlanmışdılar və o qədər əzmli görünürdülər ki!..
Dönüşümdən düz 2 saat sonra Zaur Rzayev zəng etdi. Mən özümü təqdim etdim, o isə aşkar duyulan nifrətli bir səslə soruşdu ki, mənim geri qayıtmağıma kim icazə verib və hansı əsasla mən buralarda komandirlik edirəm?! Məndən təcili olaraq Gəncəyə gəlməyimi tələb etdi. Mən bunların niyyətlərini başa düşürdüm, buna baxmayaraq Gəncəyə getmək fikrindəydim. Amma zabitlər qəti olarq etiraz etdilər. Üstəlik, parlament kürsüsündən yağdırılan üfunətdən sonra əksəriyyət bizi vətən xaini kimi qəbul edirdi.
Zabitlərə izah etdim ki, mən hərbçiyəm, mənə ora getmək əmr olunub və getməliyəm. Yola çıxdım və nəhəng bir dəstə də mənə qoşuldu. Gəncəyə gələn kimi məni mühafizəçilərimdən ayırıb Zaur Rzayevin kabinetinə apardılar. Səfər Əbiyev də burada idi, amma nəyə görəsə o, stolun baş tərəfində əyləşməmişdi, sadəcə bir qıraqda oturub kirimişcə baxırdı. Zaur Rzayəv əsib-coşdu və məndən təkidlə tələb etdi ki, ölkəni tərk edim. Səfər Əbiyev bir qədər qulaq asandan sonra başını yırğalayaraq çıxdı. Mənimlə danışmağın mənasız olduğunu qəbul edən Zaur Rzayev də kabineti tərk etdi. Qəbul otağında isə mənə yaxın olan bir zabit vardı. O, dərhal içəri keçərək dedi ki, indilərdə səni həbs edəcəklər və bunun üçün adamlar çağırılıb. Biz səssiz-küysüz qonşu kabinetə adladıq, oradan isə yanğından mühafizə çıxışı ilə parka atıldıq. Burada nazirliyin yüksək rütbəli zabitlərindən biri ilə rastlaşdıq. Həmin zabit məni öz maşınına əyləşdirdi, çiynimə general mundiri atdı və avtomobili Qazax yoluna çıxardı. Gəncədəki mühafizəçilərim nəticənin nədən ibarət olduğunu gözləmədən Qazaxa xəbər vermişdilər ki, artıq komandir həbs edilib. Qazaxa yetişəndə isə çoxlu sayda adamın silahlanaraq Gəncəyə getmək üçün yola çıxdığını gördüm. Mən onları sakitləşdirdim və adamlara söz verdim ki, bir daha bu sayaq əmrlərə uyub onların tələsinə düşməyəcəyəm. Hərbi hissənin ətrafında çoxlu sayda mülki əhali də toplaşmışdı və onlar da Zaur Rzayevin və nazirin hərəkətlərindən qəzəblənmişdilər. Adamlar mənim Qazaxdan kənara çıxmağımı istəmirdilər, bu hadisələrdən sonra bunu mən də istəmirdim.
Bir neçə saat sonra Zaur Rzayev yenidən zəng etdi, səsi gəldikcə dəstəyə bağıraraq danışmağa başladı. Mən ona dedim ki, əgər mənə deyiləcək sözü varsa, Qazaxa gəlsin, burada söhbət edək və dəstəyi tulladım.
Səhəri gün isə heyrətli bir hadisə baş verdi. Az qala, Müdafiə nazirliyinin bütün idarə rəisləri, nazir müavinləri, qərargah çinliləri,- böyük bir avtobusda nəhəng bir heyət Qazaxa gəldi. Başda isə təbii ki, Zaur Rzayev idi. Mən onların narahatlığını yalnız bir səbəblə izah edirdim: onlar məndən möhkəmcə qorxurdular, buna görə də mümkün qədər əzəmət və əzələ nümayi etdirərək məni qorxutmağa çalışırdılar. Amma bütün bu hoqqabazlıqlar mənim tükümü də tərpətmirdi. Mən onu da başa düşürdüm ki, vu hadisələrlə bağlı verdiyim ifadələr və açıqlamalar onları möhkəmcə narahat edir, buna görə də nəyin bahasına olursa olsun, məndən yaxalarını qurtarmaq istəyirdilər.
Beləliklə, bu nəhəng heyət yetişən kimi məndən təkrar zabitləri kluba yığmağı tələb etdilər. Müdafiə Nazirliyinin zabitləri də oraya doluşdu. Bu heyətin gəlişindən xəbər tutan şəxsi heyət də sürətlə buraya toplaşmağa baladı. Zaur yenə də məndən tələb etdi ki, zabitlərin qarşısına çıxaraq istefa verdiyimi bəyan edim. Mən bundan imtina etdim və hamımız zala keçdik. Içəri keçən kimi Zaur zabitlərin qarşısında çıxış edrək bildirdi ki, Isa Sadıqovu kimsə ölkədən deportasiya etmir, əksinə xidmətlərini nəzərə alaraq onu Nazirliyə daha yüksək vəzifəyə aparırlar.ÿ
Bu zaman zabitlərdən biri qalxdı və dedi ki, müharibə başa çatana qədər komandiri buradan heç yana buraxmaq fikrimiz yoxdu. Zaur onu sakitləşdirmək istəyəndə o, zaldan çıxdı, onun arxasınca hamı çıxdı. Mən Zaur Rzayevə “Siz Füzuliyə gedin, orada vəziyyət ağırdır” dəyərək zabitlərimin arxasınca zaldan çıxdım.
Onlar məndən möhkəmcə inciyərək getdilər. Tam ay yarım məni kimsə narahat etmədi. Bütün bu müddət ərzində ağır döyüşlər gedirdi və Gəncə hadisələri ilə ilgilənməyə vaxtım yox idi. Surət Gəncədə oturmuşdu, ölkədə ağır bir gərginlik, xaos vardı. 6 rayon itirilmiş, yüz minlərlə insan qaçqın düşmüşdü. Ölkə boyu hərbi tapşırıqları və vəzifəni yerinə yetirən yeganə korpus Qərb korpusu idi və buna görə də burası ən sabit bölgə olaraq qalırdı. Sentyabrın sonunda Müdafiə nazirinin müavini vəzifəsi təsis edildi və mən həmin vəzifəyə təyin edildim. Bu ərəfədə dövlət katibi Lalə Şövkət xanım rəgiona səfər etdi. O, mövqeləri gəzdi, şəxsi heyətlə söhbət etdi və əlbəttə ki, gördüklərindən heyrətləndi. O da ölkədəki vəziyyətdən çox narahat idi və biz bu məsələ ilə bağlı onunla xeyli söhbət etdik. Mənə elə gəlir ki, o, bizimlə görüşündən məmnun qayıtdı və gördükləri barədə Əliyevə məlumat verdi, hər halda.
Buna görə də, 1993-cü ilin noyabrında Gəncədə kollegiyanın iclasında Heydər Əliyev mənə həmin sözləri dedi: “Mən elə bilirdim sən yaşlı və hündürboylu bir adamsan”.
Mənim adımın ətrafında həddən artıq söz-söhbət dolanmışdı. Bütün ölkə boyu.

İkinci hissənin sonu