Əliyevin Almaniyaya Stalinist hücumu

Berlin rəsmisi «Əlinizdən gələni beş qaba çəkin» cavabını verdi

Azərbaycan hökumətinin dünyaya qarşı dünya müharibəsi davam edir. “Yeni Azərbaycan” qəzetində Almaniya hökumətini açıq tənqid edən bir səhfəlik material, demək olar, hakimiyyətin bütün kartlarını açıb tökdü. Prezident Administrasiyasında yazıldığı şübhə doğurmayan bu yazıda Azərbaycan hakimiyyəti bir neçə şüuraltı məqamı da gizlədə bilmədiyi üçün özünü ifşa etmiş olub. Beləliklə…

Bəs deyirdiz, dünya hayıl-mayıldı?

Ilham Əliyevdən sitat gətirərək guya dünyanı qorxutmağa cəhd edərkən bir məsələnin etirafı baş tutub. Məlum olub ki, bu hakimiyyətin uzun illərdir dünya ilə sıx münasibətdə olduğuna dair dedikləri blef imiş. Bunu biz bilirdik, özləri də etiraf etdilər. Balanslı siyasətin sonunda dünyada salam verməyə bir dövlət qalmayıbsa, bu o deməkdir ki, Ilham Əliyev balanslı qaydada hamını özünə düşmən sayır. Bu məsələdə də kifayət qədər haqlıdır. Amma bəs deyirdilər ki, dünya ağzını ayırıb Əliyevə qulaq asır, hər kəsi hayıl-mayıl eləmişik, müdrik siyasətin uğurlu davamı ilə. Nə oldu?  Məlum oldu ki, dünya diktatorları udmaq üçün ağzını ayırıbmış.

Bu nə şantaj,  bu nə ehtiram?

Bir tərəfdən bir ölkənin səfirini şantaj etmək, onu aşağılamaq başqa tərəfdən həmin ölkənin baş nazirinə yarınmaq nə deməkdir? Kim özünə rəva görər bu durumu? Almaniya Azərbaycan deyil, orada səfirlər hökumətləri, dövlətləri təmsil edirlər. Buna görə də Almaniya səfirini təhqir edib, baş nazirinə xitabən “sizə verdiyimizi vədi pozan bir fakt yoxdur” demək nə anlama gəlir? Bu cür xırdalanmağa hazır olan siyasi düşüncə yəqin ki, başa düşür hansı qüvvələrlə üz-üzə olduğunu. Deməli, yenə alver təklif edir. Köhnə vədlərini yada salır. Bununla da təzə vədlər verə biləcəyini xatırladır. Bax budur bu hakimiyyətin mahiyyəti. Belə olur öz maraqlarına görə dövlət maraqlarını zərbə altında qoymağa hazır olmaq.

Nədən qorxduqları da aydın oldu

Aydın oldu ki, hakim komandanın gecəsini gündüzə çevirən, yuxusuna haram qatan problemlərdən biri də müxalifətin birliyi məsələsidir. Ictimai Palatada baş tutmuş birlik Əliyevlər üçün ciddi təhlükədir. Buna görə də özlərinin daxili narahatlıqlarını gizləyə bilmirlər və çalışırlar ki, “öncəgörənlik” yolu ilə bu birliyin genişlənməsinə mane olsunlar. Müxalifətinm sabit planlarını bildikləri üçün onun inkişaf məntiqini təsəvvür etmək də çətin deyil. Bunlar isə özlərini ciddi analitik kimi aparırlar. Müxalifətin isə taktikası çox açıq və şəffafdır, elitanı bir mərkəzdə birləşdirmək və narazılığı onun ətrafında təşkilatlandırmaqla bu rejimi layiq olduğu həqiqi yerində oturtmaq.

Dünya nəyi gördü?

Alman səfirinin əvəzinə çıxış yazan “Yeni Azərbaycan” qəzeti bir məsələyə də prinsipial nöqtə qoydu. Aydın oldu ki, bu hakimiyyət nələrə qadirdir. Onlarla insanın iştirak etdiyi tədbirdən yazı yazarkən hər kəsin çıxışının “stenoqram”ını vermək pozası həm də bu hakimiyyətin şərləmək qabiliyyətinin nə yerdə olduğunu göstərdi. Indi avropalılar da gördülər ki, biz də kef eləmirik. Bu cür adamlarla mübarizə aparmaq nələri gözə almaq deməkdir. Hansı böhtanlarla qarşı-qarşıya olmaq deməkdir.

Təsir əks-təsir doğurdu

Almaniya səfiri dünənki açıqlamasında: “Almaniyanın imicini qaba mənfi fikirlərlə korlamaq cəhdi azərbaycanlıların intellekti qarşısında acizdir” fikrini söyləməklə hakimiyyətə açıq dedi ki, sizin qarayaxmalarınıza inanacaq adam qalmayıb. Yəni bu şantajlar artıq rəsmi Berlin üçün sadəcə gülüş obyekti olaraq qalır. Bununla belə səfir xalqın yüksək səviyyəsini qiymətləndirməklə Ilham Əliyevin “Azərbaycan xalqı demokratiyaya hazır deyil” tezisini qamçılayıb. O həm də xalqın fikrinin önəmli olduğunun altını cızıb. Almaniya hökuməti belə şantajlara görə öz mövqeyindən çəkilmək fikrində deyil. Ilham Əliyevin isə bir yolu qalır ki, bu isterikanı dayandırsın. Səfir açıqlamasında belə bir eyham da vurub: “Azərbaycan mətbuatı alman mətbuatında olan mənfi çıxışlara Almaniyadakı vəziyyəti və hadisələri geniş tənqid etməklə reaksiya verir və bununla Almaniyanın Azərbaycan haqqında fikir söyləmək kimi mənəvi haqqını sual altına alır…
Mən Almaniyada Azərbaycan haqqında mətbuatda ifadə olunan fikirlərin səbəblərini göstərməyə çalışdım… Mən Almaniya Federal hökumətinin Azərbaycanda mövcud vəziyyəti işıqlandıran müstəqil və güclü alman KIV-lərini müəyyən istiqamətə yönəltmək imkanının guya mövcud olması haqqında söylənən fikirləri sual altına qoyuram.
Əgər Azərbaycan hökumətinin mətbuat orqanlarına (Almaniya əleyhinə təbliğat aparan mətbuat orqanları nəzərdə tutulur – red.) təsir göstərmək imkanı varsa, onda bu imkandan istifadə etsin”. Bu isə o deməkdir ki, səfir “əlinizdən gələni beş qaba çəkin” demək istəyir. Və açıq şəkildə bu media orqanlarının arxasında hakimiyyətin dayandığını bildiklərini və öz fəaliyyətlərindən çəkinməyəcəklərini bəyan edir.

Seymur Həzi