“Konstitusiya” Araşdırmalar Fondu adlı bir təşkilatın sədri Əliməmməd Nuriyevin “Turan” Agentliyinin direktoru Mehman Əliyevə uzun-uzadı məktubunu oxudum. Cənab Nuriyev contact.az saytındakı bir məlumatda QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərinin iqtidaryönlü adlandırılmasına etiraz edib.
Bunu “həqiqətdən uzaq”, “qərəzli” adlandırıb.
Çox güldüm. Çooox…
Çünki o şuranın üzvü olan QHT-lərin artıq çoxdan HT-lərə…
Bundan yola çıxaraq həmin HT rəhbərlərinin də artıq iqtidar müdafiəçilərinə çevrildiyini ağlı başında olan, normal məntiqə sahib hər kəs bilir. Anlamadığım odur ki, bunlar hələ də niyə dirəşirlər? Bu hakimiyyətə vəkillik etməkdə pis bir şey yoxdursa, “iqtidaryönlü” adlandırılmaq onları niyə incidir, onların xətrinə niyə dəyir?
Əliməmməd Nuriyevin özünə gəlincə… 2009-cu ilin rüsvayçı “ömürlük prezidentlik” referendumunun əsas dəstəkçilərindən biridir. Konstitusiyaya mürtəce, 21-ci əsrdə ayıbların ən böyüyü olan dəyişiklikləri müdafiə edənlərin önündə gəlirdi. Respublikaçılığın dəfn edilməsində, Azərbaycanın orta çağlara, krallıqlar dövrünə qaytarılmasında özünəməxsus rol almışdı, “ömürlük prezidentliyə” qadağa qoyan maddənin ləğvinin altındakı çirkin, iyrənc məqsədləri malalamaqda xüsusi canfəşanlıq göstərirdi.
Bundan sonra Əliməmməd Nuriyevə “iqtidaryönlü” deməyib də nə deməlidir insanlar? Dissidentmi? Hüquq müdafiəçisimi? Demokratiya fədaisimi? Yoxsa nə?
Qısası, 2009-cu ilin rüsvayçı, heç zaman heç bir bəraəti olmayacaq, tarixin bütün dönəmlərində bu xalqa və bütün tərəqqipərvər bəşəriyyətə ən böyük həqarətlərdən, xəyanətlərdən biri və birincisi sayılacaq “ömürlük prezidentlik” referendumunda Respublikadan deyil, Monarxiyadan, çağdaşlıqdan deyil, şahlıqdan, demokratiyadan deyil, despotizmdən, xalq iradəsindən deyil, təkəlçilikdən yana çıxış etmiş hər kəs, amma hər kəs bundan sonra ağzı ilə quş tutsa belə, çifayda, ağıllarda həmişə rejimyanlısı, irticayönlüsü olaraq qalacaqdır. Hər zaman bu hakimiyyətin vintlərindən biri kimi xatırlanacaqdır.
Əliməmməd Nuriyev də, onun kimi digərləri də bu adi həqiqəti indidən qəbul və həzm etsələr, yaxşı olar.
Mən niyə namərd olmağı seçirəm?
Haqqındakı bir yazımı illərdən bəridir həzm edə bilməyən və yeri gəldikcə ünvanıma ağlına və ağzına gələni yazmasına rəğmən hələ də Salam Sarvan adlı bir şair son günlər əməlli-başlı “elnurşünaslıq”la məşğuldur.
Bir neçə gün əvvəl bir həmkarım onun cızmaqara etdiyi bir qəzetdəki köşəsində barəmdə yeni həqarətlər püskürdüyünü xəbər verdi, dünən isə adamın Anarın müdafiəsinə qalxan cızmaqarasını oxudum, yazıb ki, Anara qarşı hücumlarda namərdlik çalarları var.
Uzatmadan iki kəlmə demək istəyirəm:
BIR: Anar “atəşkəs” elan edir, ətrafındakılar isə heç cür susmaq bilmirsə, mən bunu anlayıram. Çünki son baş verənlər Anarla bərabər, onun həvarilərinin də məğlubiyyətidir, məğlubiyyəti isə yalnız ürəkcə böyük, zəkaca geniş olanlar həzm və qəbul edə bilərlər.
IKI: Əgər mərdlik bir vaxtlar Fəzail Ağamalının yanında dayanıb indiki rejimin vəkilliyini üzərinə götürmək, 2003-cü ildə burnuna hakimiyyət qoxusu dəyincə bu dəfə Isa Qəmbərin səfində dayanmaq, bu da alınmayanda isə yenidən əvvəlki görüntüsünə qayıtmaq və hansısa rektorun mətbuat xidmətinin qeyri-rəsmi rəhbəri rolunda çıxış etməkdirsə, pardon, o zaman mən namərd olmağı seçirəm.
Zeynal Məmmədliyə yeni adqoydu
Madam ki, söz Anarın azad yazarlara məğlubiyyətini həzm və qəbul edə bilməyənlərdən düşdü, bir neçə kəlmə də media eksperti Zeynal Məmmədli haqqında.
Cənab Məmmədli məlum “həcv polemikası”ndan sonra müsahibə verib, yenə də AYB sədrini göyün yeddinci qatına qaldırıb, Seymur Baycanla məni qəsd edərək isə “Anarın mənfi obrazları onlardan daha müsbətdir” deyib.
Çox gözəl, çox pakizə. Madam ki, Zeynal müəllim Anarın hətta mənfi qəhrəmalarına da bu qədər aşiqdir, o zaman icazə versin, onu bundan sonra “mətbuatımızın Surxayzadəsi” adlandıraq.
Adını mən verdim, yaşını Tanrı versin.

Əliməmməd Nuriyev niyə iqtidaryönlüdür?
•
•