Mətləb Mütəllimli: «Mən hansısa məqsədlə rəyi Aslan müəllimdən gizlətməmişəm»
“Gəncə hadisələri ilə bağlı yaradılan deputat istintaq komissiyasında ifadə götürən təkcə Aslan Ismayılov olmayıb”. Bu sözləri “Azadlıq”a Gəncə hadisələri ilə bağlı yaradılan deputat istintaq komissiyasının rəhbəri olmuş Mətləb Mütəllimli deyib.
Onun sözlərinə görə, komissiyanın yeddi üzvü olub, sonradan onlardan biri istefa verib. Bu 6 nəfərin üçü isə hüquqşünas olub: “Aslan müəllim deyir ki, komissiyanın tərkibində praktikanı bilən hüquqşünas yox idi. Və protokollaşdırılan ifadələri yalnız o alırdı. Əvvəla, komissiya üzvlərinin üçü hüquqşünas idi. Ikincisi, komissiyanın nəzdində 11 nəfərdən ibarət istintaq qrupu var idi. Həmin qrupun üzvlərindən beş nəfəri müxtəlif güc strukturlarında çalışan müstəntiqlər idi. Onlar da dindirmələrdə iştirak edirdilər. Yəni, dindirmələri yalnız Aslan müəllim aparmırdı”.
Mətləb Mütəllimli Aslan Ismayılova rəylə tanış imkanı yaratmaması məsələsinə də toxunub: “Aslan müəllim deyir ki, rəyi istədim amma Mətləb Mütəllimli dedi ki, hələ hazır deyil, 15-20 günə hazır olacaq. Guya mən hansısa məqsədlə rəyi ona verməmişəm. Əslində biz iki dəfə Milli Məclisə hesabat vermişik. Birinci dəfə mən iyunun 30-da ilkin çıxış etmişəm. Bundan 15-20 gün sonra isə yekun çıxış olub. Ola bilər ki, Aslan Ismayılov həmin ərəfədə ölkədə olmayıb və bu baxımdan rəylə tanış ola bilməyib. Yəni, mən hansısa məqsədlə rəyi ondan gizlətməmişəm”.
Mətləb Mütəllimlinin sözlərinə görə, o, Aslan Ismayılovu onun barəsində sifarişlə danışmaqda ittiham etmək niyyətindən uzaqdır: “Mən inanmıram ki, Aslan müəllim mənim barəmdə sifarişlə danışsın. Sadəcə ona aydınlıq gətirdim ki, həqiqəti axtaran yalnız Aslan Ismayılov deyildi”.