Hakimiyyət Almaniya səfirini qovmaqla hədələdi

YAP Bismarkla Hitleri eyniləşdirdi

Hakimiyyətin  Almaniyaya qarşı soyuq savaşı davam edir. Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti 27 aprel sayında Almaniyanı, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvelleni yenidən hədəfə alıb. Budəfəki motiv isə aprelin 23-də Qərb ölkələri diplomatlarının İctimai Palata ilə keçirdiyi görüş olub.
Qəzet görüşdə müzakirə edilən məsələlər barədə guya özəl məlumatlar əldə etdiyini və bu “məlumatları” yazmaqla yanaşı, bir qədər uzaqdan başlayaraq Almaniyanı, Hitleri də yada salmaqla, “ifşa edir”.

“Almaniya imperiyasının və ya “ikinci reyx”in ilk kansleri Otto fon Bismark siyasətdə sərhəd tanımırdı və hesab edirdi ki, siyasətçi məqsədinə nail olmaq üçün bütün imkanlardan istifadə edə bilər. Böyük rus yazıçısı İ.S.Turgenev isə qətiyyətlə bu fikirə qarşı çıxaraq yazırdı: “Bəzi yezitlər iddia edirlər ki, məqsədə çatmaq üçün hər vasitə yaxşıdır. Düz deyil. Yolun çirkini gəzdirən ayaqla təmiz məbədə girmək insana yaraşmaz”.
Həqiqətən də, “məqsəd vasitəyə bəraət qazandırır” tezisini rəhbər tutan Adolf Hitler hesab edirdi ki, alman xalqının hökmranlığını təmin etmək üçün günahsız milyonların qanını axıtmağa dəyər. Bunun əksini düşünən Konrad Adenauer isə bütün səylərini alman xalqını Hitler faşizminin faciələrindən biri kimi təzahür edən mənəvi kollapsdan xilas etməyə yönəltmişdi…” cümlələri ilə başlayan məqalədə Almaniya belə ittiham olunur:

“… son zamanlar Almaniya mətbuatında, siyasi dairələrində ölkəmizə ünvanlanmış əsassız ittihamların artması, bu ölkənin Fridrix Nauman, Konrad Adenauer və s. fondlarının müxalifətlə yaxın təmasları, “Sərhədsiz Reportyorlar”, “Human Rights Watch” kimi təşkilatların Berlində Azərbaycanda söz və mətbuat azadlığına dair dinləmələr təşkil etməsi, Almaniyadan yayımlanan “Kanal Avropa” telekanalında “Azərbaycan saatı” adlı verilişin efirə buraxılması, Almaniyanın xarici işlər naziri Gido Vestervallenin Azərbaycanda səfərdə olarkən müxalifətlə görüşməsi, Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqin Azərbaycana qarşı aqressiv çıxışları, Avropa Şurasının Azərbaycanda qondarma “siyasi məhbuslar” məsələsi üzrə məruzəçisi, AFR-i təmsil edən Kristofer Ştrasserin fəaliyyəti, Almaniya “Yaşıllar” Partiyasının Azərbaycana qarşı demarşları və s. faktlar nə ilə izah oluna bilər?
Almaniya Ombudsmanı Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarındandır. Qeyd edək ki, M.Löninq keçən ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qalmışdı. Müxalifət nümayəndələri ilə görüşündə o bildirmişdi: “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”.
Ombudsman bu xətti ardıcıl şəkildə davam etdirərək “Şpigel” jurnalında, Almaniyanın digər mətbuat orqanlarında sərt anti-Azərbaycan xarakterli materiallar dərc edir, müsahibələr verir. O, ölkəmizə səfər etmək istəyən rəsmi şəxslərə, siyasətçilərə, jurnalistlərə, musiqiçilərə məktub yazaraq onları Azərbaycana qarşı aparılan kampaniyaya qoşulmağa çağırır. Bu günlərdə isə cənab Löninq daha uzağa gedərək iddia edib ki, bütün bunlar Almaniyanın rəsmi mövqeyidir. Görünür, cənab Ombudsman artıq özünü Almaniyanın Kansleri kürsüsündə görməyə başlayıb…

Digər tərəfdən, rəsmi Berlinin Azərbaycanla əlaqələrinə məsul şəxs kimi səfir Herbert Kvellenin fəaliyyəti də anlaşılmazdır. Məsələn, bir tərəfdən o, qəzetimizdə dərc olunmuş məqaləsində “Almaniyanı sevən və Almaniya haqqında heç bir mənfi fikri olmayan ölkədə işləmək və yaşamaq necə də xoşdur”, “Mən Almaniya-Azərbaycan dostluğunun gələcək inkişafına böyük nikbinliklə baxıram” deyir, digər tərəfdən də Əli Kərimliyə Avropa Şurasının və Avropa İttifaqının Azərbaycana qarşı təzyiqlərini vəd edir. Aprelin 24-də xarici ölkələrin səfirləri və səfirlik əməkdaşlarının müxalifətlə görüşü zamanı cənab Kvellenin xüsusi canfəşanlığı isə heç anlaşılan deyil. Bismark təsadüfən deməyib ki, Almaniyanı yalnız yəhərə oturtmaq lazımdır, qaçmağı necə lazımdır bacaracaq…”.

Məqalədə daha sonra Almaniyanın səfiri şəxsən hədəfə alınır və hətta üstüörtülü şəkildə Azərbaycandan rəsmi Bakının onu ölkədən qopersona non-qrata elan edə biləcəyinə də işarə vurulur: “Mənbəmizin sözlərinə görə, Almaniyanın səfiri Herbert Kvelle müxalifətə olduqca “qiymətli tövsiyələr” verib. Əvvəla, o, maliyyələşmə ilə bağlı məsələnin həllinə yardım göstərəcəyini deyib. Sonra isə “İctimai Palata” ilə Rəsul Quliyevin sədri olduğu Açıq Cəmiyyət partiyasını barışdırmaq təklifi ilə çıxış edib. Kvelle “Əli-İsa-Rəsul” birliyinin yaranmasını arzu etdiyini deyib.
Bütün bunlarla yanaşı, səfir Kvellenin “Eurovision” zamanı baş verə biləcək hadisələrə diqqəti çəkməsi maraq doğurmaya bilməz. Səfir “İctimai Palata”nın nümayəndələrinə müsabiqə zamanı baş verə biləcək hər hansı prosesə hazır olmalarını və bu prosesin önündə getmələrini istəyib…
Səfir Kvelle və tədbirdə iştirak edən digər diplomatlar bilməmiş deyillər ki, diplomatik normaların pozulması xarici dövlət nümayəndəsinin statusuna uğun olmayan şəkildə özünü daxili siyasətin bir subyekti kimi aparması və Azərbaycanda hakimiyyət uğrunda mübarizədə bir tərəfin mövqeyini dəstəkləməsi anlamına gəlir.
Səfir Kvelle böyük, ehtimal ki, 1961-ci il “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın müddəaları, xüsusilə də, onun 3-cü və 41-ci maddələri ilə yaxından tanışdır. Buna baxmayaraq, cənab səfirə bir daha xatırlatmaq istərdik ki, 3-cü maddə diplomatik nümayəndəliyin funksiyalarını nəzərdə tutur və bu funksiyalar sırasında səfirin akkreditə olunduğu ölkənin daxili işlərinə müdaxilə hüququ verən müddəa yoxdur. 41-ci maddənin 1-ci bəndində isə açıq-aydın deyilir: “Öz güzəştlərinə və immunitetinə zərər olmadan bu güzəştlər və immunitetdən istifadə edən şəxslər olduqları ölkənin qanunlarına və qərarlarına hörmətlə yanaşmalıdırlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə qarışmamalıdırlar”.
Həmin maddənin 2-ci bəndində isə bildirilir ki, olduğu ölkə ilə bütün rəsmi işlər Xarici İşlər Nazirliyi və ya müqaviləyə əsasən digər nazirliklə həyata keçirilir. Bu sənəd səfirlik əməkdaşlarına, hətta demokratiya kimi sərhəd tanımayan məsələ ilə əlaqədar olduqları ölkələrin daxili işlərinə qarışmaq hüququ vermir. Heç bir beynəlxalq təşkilatın normativ sənədləri bu Konvensiyadan üstün ola bilməz…”.
Yazıda ən maraqlı detallardan biri də ona seçilən kollajdır. Kollajda almanların özünün də lənətlədiyi, bəşəri cani elan etdiyi, cinayətlərinə görə böyük təzminatlar ödədiyi Adolf Hitlerin şəklinin Almaniya dövlətinin qurucusu statusunda olan Otto fon Bismarkın şəkli ilə yanaşı verilməsi isə xüsusi diqqət çəkir.

İnformasiya şöbəsi