Xalq Cümhuriyyətinin repressiyaya məruz qalan naziri

Əvvəl Maarif və dini etiqad naziri, sonra isə Maliyyə naziri…

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində yer alan böyük ziyalı nəslinin tanıdılması şərəfli dövlətçilik tariximizin təbliği üçün mühüm əhəmiyyət daşıyır. Bu hökumət kabinetində təmsil olunan şəxslərin hər biri böyük bir nəslə örnəkdir. Bəhs edəcəyimiz mövzuda belə şəxsiyyətlərdən biri – Rəşid xan Qaplanov haqqında söz açacağıq. O, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində Maarif və dini etiqad naziri vəzifəsini, 5-ci hökumət kabinəsində isə Maliyyə naziri vəzifəsini icra etmişdir.
Rəşid xan Zavid oğlu Qaplanov 1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olmuşdur. Milliyyətcə Şimali Qafqazda yaşayan qumuq türklərindən olan Rəşid xan Vladiqafqazda realnı məktəbdə oxumuş, 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirmişdir. Sonra o, Istanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Qaplanov Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmiş, burada yaranmış Çərkəz-Dağıstan və Şimali Qafqaz Dağlı Xalqları Ittifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrini tutmuşdur.
Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçdükdən sonra Maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərlərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak etmiş, eyni zamanda, burada “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir. Sonradan Maliyyə naziri vəzifəsini icra edərkən dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci il fevralın əvvəlində Bakı bonlarının Zaqafqaziya pullarının dəyişdirilməsini dayandırmaq barədə qərar vermişdir. Qərara əsasən, “500 manat” dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdır. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardı.
Rəşid xan Qaplanov Maarif naziri olduğu zaman 100 nəfər azərbaycanlı gəncin xaricdə ali təhsil almağa göndərilməsində mühüm rol oynayıb. Həmin dövrdə Bakıda Azərbaycan müəllimlərinin III qurultayı keçirilib. Təhsil sahəsində islahatlar üzrə Hökumət Komissiyası yaradılıb, əlifba islahatı sahəsində Dövlət Komissiyası fəaliyyətə başlayıb.
O dövrdə Cümhuriyyətin 4-cü Hökumət Kabinetinin proqramında Tiflisdəki Zaqafqaziya universitetinin Bakıya köçürülməsi nəzərdə tutulub, nazir müavini Həmid bəy Şahtaxtinskinin rəhbərliyi ilə Tiflis hökuməti ilə danışıqlar aparılıb. Bu barədə Vasili Ivanoviç Razumovski yazırdı: “1919-cu ilin əvvəlində Azərbaycan Cümhuriyyəti Xalq maarifi nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, rus universitetini Bakıya köçürmək təklifi ilə gəlmişdi…”
Universitet uğrunda mübarizə
Universitet rəhbərliyi bu təklifi qəbul etsə də, ermənilərin aqressiv mövqeyi məsələnin həllinə imkan vermədi. Belə olan halda, Cümhuriyyət hökuməti Bakıda müstəqil universitet yaratmaq qərarına gəldi. Həmin il aprelin sonunda Bakıya gələn Vasili Ivanoviç Razumovski Xalq Maarifi naziri Rəşid xan Qaplanov və onun müavini Həmid bəy Şahtaxtinski ilə geniş müzakirələr apararaq Bakıda universitet təsis edilməsi işinə rəhbərliyi öz üzərinə götürdü. Hökumət 1919-cu il mayın 19-da Xalq Maarifi Nazirliyi yanında universitet Komissiyası haqqında Əsasnaməni və komissiyanın tərkibini təsdiq etdi. Komissiyanın ilk iclasında maarif naziri Rəşid xan Qaplanov Universitet Komissiyası üzvləri qarşısında çıxış edərək, universitetin açılışı barədə Azərbaycan hökumətinin qəti qərarını onların nəzərinə çatdırdı.
Xatırladaq ki, həmin komissiyaya geniş hüquqlar verilmişdi. Belə ki, komissiya üzvləri hökumət başçısınadək hər bir yüksək vəzifə sahibinə müraciət edə bilirdilər. Hökumət 1919-cu il iyunun 16-da Universitet Komissiyasının ştatlarını təsdiq edib, işçilərin maaşlarını müəyyənləşdirdi. Komissiyaya qısa müddətdə universitetin təsis edilməsi, nizamnaməsi və universitetin 1919-1920-ci dərs ili üçün ştat və xərclər smetası haqqında Qanun layihələrinin hazırlanması tapşırıldı. Komissiya tezliklə həmin Qanun layihələrini hazırlayıb hökumətə təqdim etdi. Azərbaycan hökuməti 1919-cu il 7 iyul tarixli qərarı ilə həmin Qanun layihələrini bəyənərək Parlamentin müzakirəsinə təqdim etdi. Təxminən iki aya yaxın müddətdə Qanun layihələri Parlamentin müxtəlif komissiyalarında ətraflı müzakirə olundu.
Çox gərgin mübahisə və qızğın müzakirələrdən sonra Bakıda universitetin təsis edilməsi ilə bağlı Qanun layihələri Parlamentin 1919-cu il 21 avqust tarixli iclasının gündəliyinə salındı. Bu tarixi iclasa sədrlik edən böyük maarifçi Sultan Məcid Qənizadə Qanun layihələrinin müzakirəsinə başlamağı təklif etdi. Katib Mehdi bəy Hacınski həmin sənədlərin məzmunu ilə Parlament üzvlərini tanış edir. Parlamentdə ilk söz alan “Ittihad” fraksiyasının rəhbəri Qara bəy Qarabəyov universitetdə tədrisin rus dilində aparılacağını əsas gətirərək, Qanun layihələrinin müzakirəsinin dayandırılmasını, layihələrin yenidən komissiyalara qaytarılmasını təklif edir və məsələnin səsə qoyulmasını tələb kimi irəli sürür. Parlamentdə səsə qoyulan təklif səs çoxluğu ilə qəbul edilir və universitetin təsis olunması ilə bağlı məsələ gündəlikdən çıxarılır. Universitetin 1919-1920-ci dərs ilinin əvvəlində açılması haqqında hökumətin planları və Universitet Komissiyasının gördüyü işlər təhlükə altına düşür. Əvvəla, Bakıda universitet təsis etmək istəyənlər yaxşı dərk edirdilər ki, bu məsələ yeni dərs ilinin əvvəlinə kimi həll edilməsə, mütləq uzanacaq, bu müqəddəs işin sonrakı taleyi isə naməlum qalacaq. Bu narahatlığı və təhlükəni Parlamentdəki çıxışında maarif naziri Rəşid xan Qaplanov belə ifadə edirdi: “Layihəyi bərayi-tədqiq (araşdırmaq məqsədilə) fraksiyalara göndərərsək, vaxt qeyb olacaq. Əmin olun ki, darülfünun bu sənə (il) açılmayacağı kimi, gələcək sənə də açılmayacaq…”
Universitet açıldı, amma o, repressiya qurbanı oldu
Parlamentdə böyük nüfuzu və çoxlu tərəfdarları olan Məhəmməd Əmin Rəsulzadə ilk olaraq söz aldı və milli təhsil tariximiz üçün çox önəmli bir tarixi çıxış etdi. Onun ardınca maarif naziri Rəşid xan Qaplanov, Səmədağa Ağamalıoğlu, Mustafa Məmmədov və başqaları çıxış edərək, Bakıda universitet açılmasının ümummilli, ümumdövlət və ümumbəşəri əhəmiyyətini əsaslandırdıqdan, dörd saatdan artıq sürən gərgin müzakirələrdən sonra Parlament öz qərarına yenidən baxmaq və universitetin təsisinə dair Qanun layihələrinin müzakirəsinə başlamaq haqqında qərar qəbul etmək məcburiyyətində qaldı.
Sonralar Vasili Ivanoviç Razumovski bu tarixi hadisələri xatırlayaraq həmin məsələnin müsbət həllində fədakarlıq, əsl vətənpərvərlik nümunəsi göstərən insanları “universitetin və maarifin həqiqi dostları” adlandırır, onların içərisində Məhəmməd Əmin Rəsulzadəni, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Rəşid xan Qaplanov, Həsən bəy Ağayev, Səmədağa Ağamalıoğlu və başqalarının əməyini xüsusi olaraq nəzərə çatdırırdı. Həqiqət naminə deməliyik ki, Bakıda “universitetin və maarifin həqiqi dostları” həmin elm-təhsil ocağını milli müstəqilliyin, demokratik, dünyəvi dövlətin əsas atributlarından biri sayır, bunun xalqın intellektual potensialının, elm, təhsil və mədəniyyətinin, milli özünüdərkinin inkişaf etdirilməsinə, millətimizin müstəqil və azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etməyə xidmət edəcəyinə inanırdılar.
Maarif naziri Rəşid xan Qaplanov Parlamentdəki çıxışında bu haqda demişdi: “Biz məsələni dövlətin mənafeyi nöqteyi-nəzərindən tədqiq və mülahizə etməliyik. Biz cahana elan edirik ki, hürr yaşamağa haqlı müstəqil millətik, bunu yalnız elanımız kafi deyildir. Təzahürati-milliyyəmizi (milli varlığımızı) daha ziyadə təhdid etmək və onu atiyə (gələcəyə) hazırlamaq lazımdır. Biz millətin ruhunu bu surətlə yüksəldərsək, əmin olalım ki, istiqbalda (gələcəkdə) fənalıqların (çətinliklərin) önünü almış və millətimizi fəlakətdən qurtarmış oluruq. Iştə, o ruhu yüksəldəcək bir elm ocağı lazımdır ki, o da darülfünundan başqa bir şey deyildir. Darülfünunun mövcudiyyəti ilə biz Vətənimizi daha başqa surətdə Avropaya qarşı göstərəcək və yaşamağa layiq bir millət olduğumuzu da bu surətlə isbat edəcəyik…”
Aprel işğalından (1920) bir həftə əvvəl Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdi. Aprel işğalından sonra – 1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdi. Moskvadakı Şərq Xalqları Universitetində “Osmanlı imperiyası tarixi”ndən dərs demiş, eyni zamanda, vəkil kimi müstəqil fəaliyyət göstərmişdir.
Rəşid xan Qaplanov 30-cu illərdə yenidən repressiyaya məruz qalmış, 1937-ci ildə dünyasını dəyişmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir