“Prezident Administrasiyası və istintaq əlbirdir”

Xədicə İsmayıl: “Şəxsi həyatımla bağlı marağınızı təmin etdinizsə, indi işinizlə məşğul olun”

“Aqil Xəlil olayında olduğu kimi, “Sergey Strekalin versiyası” düzəltmək istəyirlər”

Dünən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl vəkili Adil İsmayılovla birgə Respublika Prokurorluğunun yaydığı açıqlama ilə bağlı mətbuat konfransı keçiriblər.
X.İsmayıl bugünə qədəpr dəfələrlə istintaqın hərəkətsizliyi və yanlış addımları ilə bağlı vəsatətlər veriblər. Lakin istintaq sirrini nəzərə alaraq bu barədə mətbuata açıqlama verməyiblər. Prokurorluğun məlum açıqlamasında isə bu norma gözlənməyib və onun şəxsi məlumatları yer alıb. Jurnalist prokurorluğun onu “istintaq barədə mənfi rəy yaratmaqda” ittiham etməsinə baxmayaraq, yaranan mənfi rəyin günahkarı olmadığını deyib: “Çünki fəaliyyətsizlik ediblər. İstintaq cinayəti araşdırmaq əvəzinə məni və dostlarımı araşdırıb. Artıq Azərbaycan ictimaiyyəti bilir ki, evimdə kimlər qonaq olub. Yaxşı olardı ki, süfrəmdəki yeməklərin dadı ilə də bağlı məlumat verəydilər. İnsanların istintaqa cəlb olunması ilə bağlı suallar vardı. Evimdə bir dəfə badımcan dolması yemiş adamları niyə istintaqa dəvət ediblər? Üstəlik, o adamların şəxsi məlumatlarını yayırlar. Göstərmək istəyirlər ki, nəsə edirlər. Məndəki təəssürat isə odur ki, heç nə etməyiblər”.

“Dostlarımı çağıraraq spirtli içkilərə münasibətim barədə suallar verirlər”

X.İsmayıl bildirib ki, ötən dəfə keçirdiyi mətbuat konfransında evinə çəkilən telefon xətti, kameranın quraşdırılması ilə bağlı bəzi izlər, həmçinin telefon xəttini çəkən usta barədə məlumat verib. Onun sözlərinə görə, bu araşdırmaları prokurorluq etməyib və jurnalist təhqiqat qrupunun bu məsələ ilə bağlı tapdığı faktları da sənədləşdirmək istəməyib. Tez-tez işi aparan müstəntiqlə telefonla danışan, dəfələrlə vəsatət verən jurnalist hətta baş prokurora istintaqdan narazılığını ifadə edən şikayət məktubu da yollayıb: “Amma təəssüf ki, ortada nəticə görmürəm. Bundan sonra da dostlarım danışırlar ki, onları istintaqa çağıraraq mənim şəxsi həyatım, vərdişlərim – spirtli içkilərə münasibətim barədə suallar veriblər. Mənim həyat tərzimlə bağlı heç bir kompleksim yoxdur. Marağınızı təmin elədiz şəxsi həyatımla bağlı? İndi istintaqla məşğul olun. Hiss edirəm ki, Aqil Xəlil olayında olduğu kimi, burada da Sergey Strekalin versiyası düzəltmək istəyirlər. Müəmmalı suallar verməklə məşğuldular”.

“Hər ATS-də MTN-in otağı var”

X.İsmayılova olayın araşdırılması istiqamətində gördüyü işlərdən də danışıb. Dediyinə görə, 538 saylı ATS-də olub və oranın Umud adlı mühəndisi ilə söhbət edib. Sonuncudan onun evinə yeni xətt çəkmək üçün gələn ustanın kimin çağırışı ilə gəlməsini soruşub. Bundan başqa, jurnalist sözügedən qeydlərə də baxmaq istəyib, amma ona icazə verməyiblər: “Umud müəllim axırda dedi ki, “məndən nə istəyirsiz” Hər ATS-də MTN-in otağı var”. Telefon qovşağına getdik, orada da bizimlə görüşmək istəmədilər”.
Jurnalist evinə gələn təhdid məktubunun göndərildiyi ünvanı da araşdırmağa çalışıb. X.İsmayıl xatırladıb ki, həmin məktubun üzərində onun Moskvadan göndərilməsi qeyd edilmişdi. Bu günlərdə Moskvaya işgüzar səfər gerçəkləşdirən X.İsmayıl fürsətdən istifadə edib, daha öncədən şəklini çəkdiyi məktubla bağlı poçtda araşdırma aparıb: “Müəyyənləşdirdim ki, bu, Beynəlxalq Poçt Şöbəsindən göndərilən sifarişli məktub olub. Həmin məktubdan əlavə həmin gün ərzində eyni istiqamətə, eyni çəkidə gedən məktubların sayını və nömrələrini öyrəndim. Hamısının üstündə burada göstərilən ad var. Əvvəl istintaq sirridir deyə açıqlamırdım. Saxtadır məncə. İstintaqdan soruşmuşam ki, Rusiyada o adla məktub göndərəni araşdırmısınızmı? Amma bu adı açıqlayırlar. Bilmirəm niyə edirlər. Görünür, nəyə görəsə hesab ediblər ki, bunu aça bilərlər”.
A.İsmayılov isə dedi ki, prokurorluğun məlumatını oxuyandan sonra X.İsmayıla bu açıqlamanın onun xeyrinə olduğunu bildirib. Vəkilin sözlərinə görə, prokurorluq Cinayət Məcəlləsinin 199-cu maddəsini “şəxsi və ailə sirrinin qorunması ilə bağlı” kobud şəkildə pozaraq jurnalistə qarşı ikinci dəfə cinayət ediblər: “İstintaq başlayan dövrdə Xədicə xanıma dedim ki, çox danışmaq lazım deyil. Cinayət ortadadır, cinayəti açmalıdılar. Mən də bütün hərəkətdən görürəm ki, Xədicənin ətrafından kimsə tapılıb etiraf etdirilməlidir ki, bunu o edib. Xədicə xanım istintaqa getdi, hər şeyi danışdı. Evinə kim gəlib, neçə dəfə gəlib. Ev Emin Millinindir. Evin baş etibarnaməsi Xədicə xanımın istifadəsində, sahibliyində olub. Onlar bu məlumatı, ora gedib-gələnlərin kimliyini, iş yerini yaymaqla görüntü yaradırlar ki, Xədicə xanım müxalifətdir, buna görə də o adamların iş yerini də qeyd edirlər. Hesab edirəm ki, istintaq bunu etməməliydi”.

“İstintaq biabırçı vəziyyətdədir”

Vəkilin sözlərinə görə, istintaq biabırçı vəziyyətdədir. O, dedi ki, evə telefon xətti çəkən 538 saylı ATS-in sahə ustasının adı istintaq materiallarında yoxdur.
X.İsmayıl onu da deyib ki, kameraların evə yerləşdirilməsi də iyulun birinci ongünlüyünə, şənbə günlərindən birinə təsadüf edir. Bu qənaətə sahə montyorunun dediklərindən gəlinib.
A.İsmayılov vurğuladı ki, usta telefon xətti çəkməyə gəldiyi gün evdə təmir getdiyini deyib. Vəkil ehtimal edir ki, həmin vaxt evdə deşiklər açılırmış: “Yəni, bu olayı törədən Xədicə xanımın yaxın və uzaq ətrafı deyil. Bundan sonra Xədicə xanımın evinə gəlib-gedən adamları dindirmək, evi neçəyə kirayəyə verməsi ilə bağlı suallar yersiz idi. Ustanın mobil telefonuna zəng gəlib iş prosesi zamanı. Amma bunu araşdırmadılar”.
X.İsmayıl hesab edir ki, prokurorluğun belə bir məlumat yayması təsadüfi deyil və təzyiqin davamıdır. O, xatırladıb ki, apardığı bir araşdırma çərçivəsində birinci xanımın ofisinə suallar yollayıb: “Azər Qasmovun saatla bağlı açıqlamalarından həvəslənərək sualları bir daha yollamışam. Bilirlər ki, nəylə məşğulam, araşdırmalarım daha irəliyə gedir. Bir az da incitməyə çalışırlar”.

“İnanmıram ki, prokurorluq hansısa addımlar atacaq”

Jurnalist onu da deyib ki, evə təmizliyə gələn adamın adının mətbuata açıqlanması absurddur: “Mən adamlara narahatlıq yaratmaq istəmirəm. Bütün bu təxribatı törədənlərlə hökumət qəzetlərində gedən materiallar, istintaqın materialları arasında ümumi bir xətt sezilir və indi də bu xətti davam etdirirlər. Mən istintaqın cinayətkarlarla əlbir olmasından şübhələnirəm. Bu, əlbir və koordinasiya olunmuş tədbirlər planıdır. Prezident Administrasiyası, hökumət qəzetləri və istintaq əlbirdir. Ümidim yoxdur ki, prokurorluq hansısa addımlar atacaq”.
X.İsmayıl artıq onun evinə qonaq gələn, orada yaşamış şəxslərin adının açıqlandığını xatırladaraq bir məqama toxundu: “Müsavat başqanının oğlanları Turqut və İlkin Qəmbərlərlə dostam. Yaxşı uşaqlardır, savadlıdılar, oxumuşdular. Onlarla ünsiyyət mənə xoşdur. Buna görə niyə cavab verməlidilər?. İki aydır istintaq mənim şorbaya nə qədər duz tökməyimdən uzağa getmir.